22 yanvar 2019 10:54
1567

“Məhsul”da qeyri-məhsuldar mitinq şousu

Uzun illərdir ki, küçə təfəkküründən xilas ola bilməyən, simaları, şüarları populizm üzərində qurulmuş, saxta şüarları da özləri kimi dəyişməyən dağıdıcı müxalifətdən bundan artığını gözləməyə dəyməzdi. Ara-sıra ortalıqda görünməyə cəhd edən, xaricdəki havadarlarının tapşırıqlarını xüsusi canfəşanlıqla yerinə yetirənlərin hər zamankı kimi, 19 yanvar mitinqi də  ucuz, cılız şoularla yadda qaldı.

Budəfəki mitinqin “bloqger” Mehman Hüseynovun “aclıq aksiyası” keçirmək adı altında şousuna həsr edildiyi halda, bu ad altında mitinq keçirənlər bu dəfə də məqsədlərinə əməl etməyərək həmişəki kimi, yersiz, mənasız şüarlarını səsləndirdilər. Bir daha məlum oldu ki, onların əsas məqsədi Azərbaycanda insan hüquqlarının “pozulması”, “siyasi məhbusların olması” və başqa bu kimi illərdən bəri təkrarlanan məntiqsiz şüarları yenidən “dövriyyəyə” gətirib ölkəni nüfuzdan salmağa cəhd etməkdir. Lakin Azərbaycan xalqı onların kim olduğunu və kimə, nəyə qulluq etdiklərini yaxşı bilir. Tarixi unutmayanlar indi də xaos, qarşıdurma yaratmaq istəyən qüvvələrin vaxtilə nələrə “nail olduqlarını” yaxşı xatırlayırlar. Azərbaycan xalqı,  uzaqgörən xalqdır, buna görə də heç vaxt başıpozuqların, məkrli məqsədlərə xidmət edənlərin arxasınca getməyib.

Uğursuz mitinq şousu müxalifətin təkcə fiaskosunun, ümidsizliyinin, uğursuzluğunun deyil, tam anlamı ilə rəzalətinin təzahürü idi. Əllərindən gələn hər şeyi etsələr də istədikləri nəticəyə nail ola bilmədilər. Bu baxımdan bir məsələ, bir ölçü meyarı bir daha diqqət çəkir. Hər kəsə bəllidir ki, Əli Kərimli və onun zavallı tərəfdarları mitinq iştirakçılarının sayını reallıqda olanların min mislinə vurmaqda pərgardırlar. Ancaq hətta bu “istedadla” belə, həmin sayın beş mindən çox olduğunu deyə bilmədilər. Bu “məntiq”, meyar isə bir daha söyləməyə əsas verir ki, haqqında danışdığımız aksiyada kütləvilik müşahidə olunmayıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, mitinqdə on nəfərə yaxın adamın çıxış etməsinə baxmayaraq, heç bir real siyasi, ictimai, sosial-iqtisadi təklif  səslənmədi, konstruktiv ideya irəli sürülmədi.

Bundan başqa, cəmiyyətdə süni qarşıdurma yaratmaq planı ilə dağıdıcı müxalifət 20 Yanvar günündə Şəhidlər xiyabanına da yürüş etdi. Xalqımız, ölkəmiz üçün vacib olan əhəmiyyətli günlərdə küçələrə çıxaraq vəziyyətdən sui-istifadə edib insanları guya öz arxaları ilə aparmaq istəyirdilər. Xalqımız 20 Yanvar Ümumxalq Hüzn Günündə onsuz da Şəhidlər xiyabanına axın edir və qəhrəmanlarımıza öz ehtiramlarını bildirir. “Milli Şura” da bu fürsətdən istifadə edib vəziyyəti gərginləşdirməyə çalışdı və növbəti dəfə özünü rəzil vəziyyətə saldı. Unutdular ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında eyni hüquqa sahibdir. Hər bir kütləvi tədbir, mitinq qanun çərçivəsində reallaşdırıla bilər. Qanuna riayət etməyənlər qanun qarşısında cavabını da verməlidirlər.

Maraqlıdır ki, dağıdıcı müxalifətin mitinqdən sonrakı davranışları da dəyişmədi. Hər zamankı kimi öz amplualarında qalanlar yenə fərqli istiqamətlərdən çəkilmiş fotolarda meydana çox adamın gəldiyi iddiasını ortaya ataraq, öz-özlərini aldatmaq yolunu seçdilər. Reallıq isə ondan ibarət oldu ki, ümumilikdə 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionu dolmadı. Bu amil bir daha vətəndaşların müxalifətin məlum qanadının çağırışlarına biganə qaldığını, bu qrupların ciddi sosial dayağının olmadığını açıq nümayiş etdirdi.

Mənsumə Babayeva, “İki sahil”