Bədən hərarəti nədir və insan bədəninin normal hərarəti neçə olmalıdır, sualları yəqin ki, həmişə verdiyiniz suallardandır. Normal bədən temperaturunda dəyişiklik görən kimi təşvişə düşməyin. Əslində normal bədən temperaturu subyektiv bir faktordur və insanın yaşından, həyat tərzindən və hətta günün saatından belə asılıdır.
Bədən temperaturunun normal temperaturun üzərinə çıxması bədən hərarəti adlanır. Ümumiyyətlə normal bədən temperaturu 36.4 - 37.6 C, qoltuq altından ölçülən normal temperatur isə 36.5-37.0 C olaraq qəbul edilir. Lakin araşdırmalar nəticəsində məlum olub ki, insanların əksəriyyətinin orta normal hərarəti 36,60C yox - 37,00C -dır.
Böyüklərdə aktiv fiziki yükləmə zamanı temperaturun yüksəlməsi xarakterikdir. Buna görə də, xəstəliyin olduğunu düşünüb radikal tədbirlər görməyin.
Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arasında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00-06:00 arasında olur. Bədən hərarəti ağızdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.
Əgər böyüklərdə bədən temperaturu 36 dərəcədən aşağıdırsa, o zaman həkimə getmək haqqında düşünməyə ehtiyac vardır. Belə bir dərəcə göstəricisi həddindən artıq soyuq və şaxtalı havada qalan insanlarda müşahidə olunur.
Bu çox təhlükəlidir, orqanizm koma vəziyyətinə düşə bilər. Səbəbi isə çoxdur: zəifləmiş immunitet, keçirilmiş ağır xəstəlik, zəhərlənmə, qalxanvari vəzin funksiyasının pozulması və ya hormonal disbalans.
İnfeksiyon xəstəliklər zamanı bədən temperaturu 37,2 və daha artıq ola bilər. Bir qayda olaraq burada səbəb qrip, tonzilit, zökəm, kişilərdə isə prostatitdən ola bilər.
38 dərəcə temperatur orqanizmin qoruyucu reaksiyası hesab olunur. Belə ki, bakteriyalar, göbələk və viruslar belə bir “istidə” məhv olurlar. Lakin 42 dərəcədə isə artıq insan özü ölə bilər. Beyinin hüceyrələrində maddələr mübadiləsi tamamilə darmadağın olur, susuzlaşma baş verir. Xarakterik simptomlar: son dərəcə yorğunluq, dəridə quruluq, güclü üşütmə, əzələ ağrıları və iştahanın itməsi.
1994-cü ildə əslən kanadalı olan 2 yaşlı uşaqda ən aşağı bədən temperaturu qeydə alınıb. 6 saat güclü şaxtada qalan uşağın bədən temperaturu 14,2 dərəcəyə enib.
Ən yüksək bədən temperaturu 1980-ci ildə 52 yaşlı şəxsdə qeydə alınıb. Onun bədən temperaturu 46,5 dərəcəyə bərabər olub. Şahidlərin sözlərinə görə, 2 və 42 yaşlı şəxslərin hər ikisi yaşayıb.
Hər insanın öz normal hərarətini bilməyi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçdikdən sonra sakit vəziyyətdə ölçmək lazımdır.
Konül Əliyeva, “İki sahil”