KÖŞƏ

Cavid Əkbərov

Başıpozuq dəstənin klassik taktikası

04 mart 2019 11:05
6313

Son günlərdə Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb. Hər zaman düşmən dəyirmanına su tökən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, həmçinin bir qrup “siyasi mühacir” isə sosial şəbəkələrdə özlərinin ənənəvi amplualarında qalaraq nankorcasına bu addımların məhz müxalifətin 19 yanvar mitinqinin təsiri ilə atıldığını iddia edirlər.

Bu gün Azərbaycanda özünü müxalifət adlandıran bir sıra qruplaşmalar, birmənalı şəkildə xaricdə fəaliyyət göstərən, özünü mühacir siyasətçi hesab edən insanlar və eyni zamanda, anti-Azərbaycan qüvvələr var. Həmin nankorlar tərəfindən Azərbaycana qarşı böyük maxinasiyalar qurulub. Bunların hamısının strategiyası demək olar ki, bir-biri ilə eynidir. Yəni söhbət burada ondan gedir ki, bu insanlar əvvəla bir problemdən danışmağa başlayırlar. Sonra görürlər ki, dövlət həmin problemi həll etdi. Buna görə də deməyə söz qalmayanda nankorcasına bildirirlər ki, biz dediyimizə görə dövlət həll edir. Yəni bu, başıpozuq müxalif dəstənin klassik taktikasıdır. Ona görə də bu taktikanın heç bir əhəmiyyəti yoxdur. Necə deyərlər, suda boğulan saman çöpündən yapışar. Bunun başqa bir adı yoxdur.

Məsələnin daha vacib və strateji tərəfləri var. Ümumiyyətlə, qısa bir nümunə gətirək. Əli Kərimli və onun dəstəsi sosial şəbəkələrdə çıxışlar edərək qeyd edirlər ki, biz yanvarın 19-da mitinq keçirdik. Buna görə də Prezident İlham Əliyev şəhid ailələrini himayəsinə götürdü, onların problemlərini həll etdi. Həmçinin bildirirlər ki, mitinq keçirdiyimizə görə ölkə başçısı İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin şəhid ailələri və məcburi köçkünlərlə bağlı verdiyi Fərman və sərəncamlar, onlara göstərdiyi diqqət və qayğı hamıya yaxşı məlumdur. Dövlət  başçısı İlham Əliyev artıq uzun illərdir ki, daimi olaraq əhalinin sosial müdafiəsi ilə bağlı müxtəlif qərarlar, fərmanlar və sərəncamlar verib.

Ölkə başçısı İlham Əliyev hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik sığortanın ödənilməsi ilə bağlı qərarını son prezident seçkilərindən dərhal sonra imzaladığı ilk Fərmanla bəyan etmişdi. Təbii ki, bütün bu vədləri icra etmək üçün müəyyən qədər vaxt lazım gəlir. Çünki bu qərarların icra olunması mexanizmləri, maliyyə tərəfləri var. Bu mənada vaxt lazımdır. O vaxt yetişəndən sonra artıq həmin qərarların əsasında proses həyata keçirilir və reallaşdırılmış olur.

Biz bu günlərdə bir neçə il bundan əvvəl cənab Prezident İlham Əliyevin verdiyi vədlərin icrasını görürük. Yəni belə olan təqdirdə müxalifətin hər hansı bir formada “biz dediyimizə görə elədilər” tipli bəyanatları sadəcə olaraq ürək bulandırmaqdan başqa bir niyyət daşımır.