11 aprel 2019 16:10
1215

XƏBƏRDARLIQ: Bu xəstəlik geniş yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən yoluxucu xəstəliklərdən biri də pulloroz-tif xəstəliyidir.

“İki sahil” xəbər verir ki, quşçuluqda pulloroz-tif xəstəliyinin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə bilən xəstəliyin qarşısını almış olarlar.

Qeyd edək ki, bu xəstəlik toyuqlarda yumurta məhsulunun azalmasına, yumurtadan cücənin çıxım faizinin aşağı düşməsinə, çıxan cücələrin yaşamaq qabiliyyətlərinin zəif olmasına və birinci 30 gün müddətində tələf olmasına, cavanların inkişafdan qalmasına gətirib çıxarır. Xəstəliyin yayılma mənbəyi çox vaxt törədicini bədənlərində gəzdirən quşların yoluxmuş yumurtaları olur. Yumurtalar inkubasiya üçün istifadə olunacaq quşlar arasında nə qədər çox törədicini bədənlərində gəzdirən quş olarsa, ona müvafiq xəstə cücələrin sayı da çox olar. Xəstəliyin yayılması yemləmə və saxlama şəraitindən asılıdır. Cücələri qaranlıq, rütubətli, pis ventilyasiya edilən binalarda, binaları yaxşı hazırlamadıqda, baytarlıq-sanitariya qaydalarının tələblərinə əməl edilmədikdə, dezinfeksiya keyfiyyətsiz aparıldıqda xəstəlik tez və asanlıqla yayılaraq çoxlu iqtisadi zərərə səbəb olur.

Xəstəlik, həmçinin yem payında vitaminlər, mineral maddələr, mikroelementləri olmayanda, yemləmə və suvarma qabları cücələrin sayına müvafiq olmadıqda, temperatur rejiminə riayət edilmədikdə və orqanizminin müqavimət qüvvəsinin zəifləməsinə səbəb olan digər çatışmazlıqlar olduqda daha tez və geniş yayılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, quşlarda qeydə alınan yoluxucu pulloroz-tif xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.