12 aprel 2019 11:27
4909

Gül suyunun faydaları

Keçmişdə gül suyu sadəcə bir aromat olaraq istifadə olunurdu. Ancaq gül suyunun gözəllik sahəsində bir çox faydaları ortaya çıxdı. Xüsusilə, dəriyə qulluq vasitəsi kimi istifadə olunan gül suyu anti-inflamatuar, antibakterial təmizləyici və dərini tonlaşdırıcı  xüsusiyyətləri var. Dərinizin daha parlaq və hamar olmasını istəyirsinizsə,  gül suyundan istifadə edin.

Tonik

Mağazalardan aldığınız makiyaj təmizləyici vasitə olan toniklərin çoxunun tərkibində spirtin miqdarı çoxdur və dərinizin sürətlə qurumasına səbəb ola bilir. Bu vəziyyət toxumaların bərpası prosesinə maneə törədir. Gül suyu antibakterial xüsusiyyətlərə malik olduğu üçün dərini qurutmadan dəridə yığılmış yağı və kiri təmizləyir. Tonik əvəzinə gül suyundan istifadə etmək dərinizdəki məsamələrin təmizlənib açılmasına yardımçı olacaq.

Gül suyunu soyuducuda saxlamaq məsləhət görülür. Soyuq formada istifadə etmək dəriniz üçün daha faydalı olacaq.

Dərindən təmizləmə

Gül suyu dəriyə dərindən nüfuz edir və onu təmizləyir. Gül suyunu bir neçə başqa faydalı vasitələrlə qarışdıraraq həm də dərinizi nəmləndirəcək bir təmizləyici vasitə əldə edə bilərsiniz.

Vasitələr:

- 6 yemək qaşığı gül suyu

- 1 çay qaşığı qoxusuz kastilya sabunu

- yarım yemək qaşığı qliserin

Alınan qarışığı qarışdırın və bir şüşə qaba boşaldın. Gündə 2 dəfə qarışıq ilə üzünüzü yuyun. Bu qarışığı soyuducuda 2 və ya 3 ay saxlaya bilərsiniz.

Quru dərilər üçün

Quruluq dəridə erkən yaşlanmaya səbəb olur. Dəriniz qurudursa, gül suyu və bal qarışığından faydalana bilərsiniz. Bal xüsusilə məsamələrin kiçildilməsinə və qırışların azalmasına yardımçı olur. 1 yemək qaşığı gül suyu ilə 1 yemək qaşığı təbii balı qarışdırıb üzünüzə vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Yağlı dərilər üçün

Gül suyu təmizləyici xüsusiyyətləri ilə dəridəki məsamələrdə tıxanıb qalan yağ və kir ilə mübarizə aparır. Yağlı dərilər üçünsə bu daha çox faydalıdır. Bildiyimiz kimi, limon C vitamini ilə zəngindir və antibakterial xüsusiyyətlərə malikdir. Təbii bitki mənşəli torpaq isə dəridəki artıq yağı təmizləmə və məsamələri kiçiltmə funksiyasına malikdir. 1 yemək qaşığı gül suyu, 1 yemək qaşığı təbii torpaq və bir neçə damla limon suyunu qarışdırın. Təmiz dərinizə tətbiq edin və quruduqdan sonra yuyun.

Günəş şüasının yaratdığı yanıqları sakitləşdirir

Gül suyu ultrabənövşəyi günəş şüalarının səbəb olduğu dəri yanıqlarının müalicəsində mühüm rol oynayır. Günəş yanıqlarının səbəb olduğu ağrıları sakitləşdirir və şəfa verir. 2 çay qaşığı gül suyu, 1 yemək qaşığı qliserin və 1 yemək qaşığı badam yağını bir qabda qarışdırın. Qarışıqları bir sprey şüşəsinə tökün və təsirlənən bölgələrə sprey vasitəsilə tətbiq edin. Bu qarışığı sərin və quru yerdə 3 həftə saxlaya bilərsiniz.

Röya Rasimqızı, “İki sahil”