KÖŞƏ

Rəşid Faxralı

Yaxınlarda ayrı cür söküləcək dan yeri 

18 iyul 2019 20:28
2774

Salam, əsgər qardaşım!

Məni xatırlayırsanmı? Ötən ayın əvvəlində xidmət etdiyin hərbi hissədə ezamiyyətdəydim. Onda komandiriniz Ayxan Nəsirov sizin mənəvi-psixoloji hazırlığınızdan da, döyüş hazırlığınızdan da qürurla danışmışdı. Zabitin sizə - Azərbaycan əsgərinə  bu səviyyədə, bu  səmimiyyətdə ehtiramı ürəyimi dağa döndərmişdi. Onda torpaq, dövlət, dövlətçilik, müharibə, şəhidlik, qələbə haqqında dediklərinizi Vətən sevginizi şərtləndirən mənəvi, ruhi amil bilmişdim.

Sağollaşanda məktub yazacağımı demişdim. Yazıram. Çoxunuzu tanıyıram. Elə buna görə də ad-soyad yazmaq istəmədim; siz də bilirsiniz ki, Azərbaycan əsgəri adından gözəl səsləniş ola bilməz. Bu gözəl səslənişi hamınıza ünvanlayıram.

Səngərdə sizinlə söhbətləşəndə bir daha əmin oluram ki, Böyük Qələbə ərəfəsindəyik. Bu əminlik sizə güvənənlərin əminliyidi, bu əminlik illərin o üzündə qalan tariximizi bu günümüzə bağlayan milli-xəlqi ruhun əminliyidi - qəhrəmanlığın əminliyidi, bu əminlik şəhidlərin ruhuna ehtiramın əminliyidi...

Sizin səmimi söhbətinizin hökmüydü ki, yayın istisindən zərrəcə narahat olmadıq. Hər birinizin döyüş əzmi, qələbə ruhu mənə 2016-cı ilin aprelin əvvəllərində səngərlərdə eşitdiklərimi xatırladırdı; hər kəlmədə Yerin Göyə, Göyün Yerə sədaqəti biçimində dönməz bir inam vardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aprel döyüşləri dərsliklərə salınmalıdır” kəlamını da xatırladıq, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş möhtəşəm paradda dediklərini də: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.”

Əsgər qardaşım, hamı bilir ki, heç biriniz Ağdaban, Bağanis Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələrini unutmayıbsınız. Hamı onu da bilir ki, müharibə tariximizin qəhərli tarixi olan bu faciələri heç zaman unutmayacaqsınız. Ona görə hər biriniz qəhrəmanlarımızın qəhrəmanlığının mahiyyətini dərk etdiyinizə görə, düşüncələrinizə, varlığınıza hopdurduğunuza görə, onların döyüş yolunu qələbəylə başa çatdırmaq niyyətiylə xidmət etdiyinizə görə əzizimsiniz.

Sizinlə səngərlərdə şəhidlikdən, şəhidlərdən də danışmışıq. Hər dəfə sizin dünyaduyumunuza rəğbətim bir söhbətlik artıb. Döyüş növbəsindən qayıtmış əsgər dostunla baxışlarınızın necə kəlmələşməyi də yadımdadı. Onda komandirinizin dediklərini də unutmamışam:

- Mübariz İbrahimovun son döyüşündən əvvəl yazdığı məktubu Azərbaycan əsgərinin Vətən sevgisinin təsdiqi bilənlər nə qədər haqlıdır! O məktuba bütün şəhidlərin son döyüşdən qabaq yazdığı məktub deyərdim.

Onda “Hər birimiz Mübariz İbrahimov kimi qətiyyətiylə döyüşəcəyik. Şəhidlərimizin ruhunu sıramızda bilib döyüşəcəyik”, - dediniz və könlümüzü telləndirdiniz. Onda komandiriniz sizə baxmışdı, mən komandirinizə. O baxışlar minnətdarlıq baxışlarıydı. Belə əsgər olduğunuza görə sizə komandirinizin minnətdarlığı, sizin kimi əsgərlərə  görə komandirinizə jurnalist minnətdarlığı. Biri digərini tamamlayan bu minnətdarlığın hər ikisi həm ayrılıqda, həm də birlikdə şəhidliyə, şəhidlərə ehtiramın təsdiqiydi. Tam qətiyyətlə və səmimiyyətlə deyirəm ki, müharibə tarixində yaşadığım ən yadda qalan anlardanıydı o anlar. O anları mənə siz yaşatmışdınız, əsgər qardaşım, sizin vətənsevərliyiniz yaşatmışdı...

2016-cı ilin mayın sonlarında Cocuq Mərcanlıda ezamiyyətdəydim. Əsgərlərin döyüş əzmi ürəyimi dağa döndərmişdi. Lələtəpədən təntələk əsən yel Arazın sahili boyunca uzanan qamışlığı tərpədirdi. Bu tərpənişə qara niyyət də qısıla bilərdi. Diqqəti həmin səmtdən üzülməyən əsgərlərdən biri demişdi:

- Müharibə başa çatmayıb. Ona görə səngərlərdəyik. Döyüş növbətçiliyi aparmaq əsgərlərin bilavasitə vəzifə borcudur, digərləri də diqqətli olmalıdır.

Sən belə düşünən, belə xidmət edən əsgərlərin amal, əqidə davamçısısan, əsgər qardaşım. Sizi belə tanıyırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır” fikrinin qürurunu sizinlə səngərlərdə könül xoşluğuyla birlikdə çox yaşamışıq. Həmin anlarda da “Qalib gələcəyik!” inamıyla şəhidlərimizdən söz açıbsan, onların qəhrəmanlığından danışıbsan. Hər kəlməndə kövrəklik qarışıq qürur görmüşəm. Bu bənzərsiz qüruru sənin Azərbaycan əsgərinə, azərbaycanlı gəncin azərbaycanlı qəhrəmana sevgisinə tən bilmişəm...

Mənim əsgər qardaşım, Səməndərə de ki, xahişini unutmamışam - məndən məxsusi ona həsr olunmuş sevgi şeiri istəmişdi. Yazmışam. Yaxın vaxtlarda özünə çatdıracam. İndi hamınıza ithaf etdiyim şeiri göndərirəm:

 

Yaxınlarda ayrı cür

söküləcək dan yeri

Yenə üzə güləcək

ləçək-ləçək dan yeri.

Sizin gəlişinizə

dikələn çiçəklərdən

şeh içəcək dan yeri.

 

Ayrı cür açılacaq

Səhər, əsgər qardaşım.

İşğala, işğalçıya

sonuncu nəfəs olar

sizin qazandığınız

Zəfər, əsgər qardaşım!..