KÖŞƏ

Rəşid Faxralı

Bu Zəfərdən həmişə qürurla danışılacaq

05 iyul 2021 20:15
11467

2020-ci ilin payızında Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə xeyli fəallaşmışdı. Bu fəallaşma özünü sentyabrın 27-də büruzə verdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur”.

Ordu hissələrimiz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bü-tövlüyümüzü bərpa edəcəyik", “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” kimi kəlamları dünya ictimaiyyətinə bir reallığı xatırlatdı: Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edəcək! Bu bəyanatlar işğalı sonlandıracaq sonuncu güllənin atılacağı günün uzaqda olmadığını bildirirdi.

Azərbaycan əsgəri düşmənin illərlə möhkəmləndirdiyi müdafiə səddini darmadağın etdi. Düşmən ağır itkilər verirdi, məğlubiyyət ərəfəsində olduğunu dərk etsə də müqavimət göstərirdi. Döyüşə-döyüşə irəliləyir, kəndləri, şəhərləri işğaldan azad edirdi. Xalq sərkərdəyə inanırdı, orduya inanırdı. Bu qələbələri böyük coşqu ilə yaşayır, Zəfərin uzaqda olmadığına inanırdı.

Düşmənin ordusu darmadağın edildi...

Vətən müharibəsində qazanılan Zəfərdən bir neçə ay sonra “N” hərbi hissəsində hərbi qulluqçularla söhbətləşəndə zabit Mirəli Cəfərov Şuşa uğrunda getmiş döyüşlərdən söz açdı, illərlə (və əbədiyyən!) yaddaşlarda (və tarixdə!) qalacaq bu döyüşlər haqqında deyilmişləri həmişə yenicə eşidirikmiş kimi dinləyirik. Bu döyüşləri vətənsevərliyin işğalçılıqla son (və qəti!) döyüşü bilənlərin sırasında biz də varıq. Rus jurnalistinin bu döyüşlər haqqında dedikləri bizə qürur gətirir, düşmənə, düşmənin havadarlarına baş töhməti: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”...

Rus jurnalistinin Şuşa döyüşləri haqqında dediklərini “Şuşa işğaldan necə azad edildi?” sualına ən məntiqli cavab hesab edirəm: döyüşçülərin gücü ilə, qüdrəti ilə, dözümlülüyü ilə, Vətən sevgisi ilə, dövlətə, dövlətçiliyə sədaqətiylə. Şuşanın relyefinə bələd olanlar bu döyüşlərin nəticəsi olan qələbəni möcüzə adlandırırlar. Bu möcüzə müqəddəsliyə sədaqətin möcüzəsidir. Azərbaycan Respublikasının Prezidenti Şuşanın işğaldan azad edilməsinin timsalında Vətən müharibəsi haqqında dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Əsgər Daşqın Feyzullayev Ermənistanın işğal edilmiş rayonlarda düzəltdiyi maneələr zolağından, mühəndis–istehkam sistemindən, bu baxımdan ermənilərin “Ohanyan səddi” adlandırdığı sədlərdən söz açdı və Azərbaycan Ordusunun bunları darmadağın etdiyini bildirdi: “Vətən müharibəsində Azərbaycan Ordusu böyük Zəfər qazandı. Düşmən işğal etdiyi ərazilərdə bundan da möhkəm sədlər yaratmış olsaydı, əsgərlərimiz onu çığnayıb keçərdi”.

Bu əminlik əsgərlərin gözlənilən qüruruna dönmüşdü

Əsgər Xəyal İbrahimov Vətən müharibəsinin qəhrəmanlarından, qəhrəmanlıqlardan danışdı. Şəhid qardaşı Röyalı da xatırladı. Əsgər Əziz Əjdər onun fikirlərini bir ürək tutumunca sevgilərlə tamamladı. Bu tamamlama da qürur idi, Vətən müharibəsində qazanılmış zəfərin zərrəsi olan bu qürur söhbətin davamının başlanğıcına döndü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində xalqa müraciətində dediyi bir fikri xatırlatdım: “...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.

Əsgər Murad Xanıyev əsgər Röyal İbrahimovun döyüşlərdə iştirakından, qətiyyətindən, qorxmazlığından, şəhidliyindən söz açdı: “.... düşmənin sağ cinahdan gücləndiyini hiss edəndə atışa-atışa o tərəfə irəlilədi. Düşmən bunu duyubmuş. Az sonra yaxınlığına mərmi düşdü. Onun döyüşü də, şəhidliyi də sonrakı döyüşlərdə bizim döyüş əzmimizi də kükrətdi, qələbə ruhumuzu da. Həmin gün düşmənin sayca üstün qüvvələrini darmadağın etdik. Döyüşçülər bu mövqe qələbəsini şəhid Röyal İbrahimovun  ruhuna ad etdilər”.

Zabit Əli Hüseynov əsgərlərin dediklərini bəyəndi və bu şücaət müqabilində düşmənin döyüşənlərinin dediklərini xatırlatdı:

– Xorvatiyadan könüllü gəlmiş muzdlu belə deyib: “Əvvəlcə şimalda döyüşdüm, sonra bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orada anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca başqa bir qrup gəlirdi...”. Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi".

Zabit “Azərbaycan əsgəri belə əsgərdi!” – dedi. Biz əsgərlərə xitabən “Siz belə əsgərlərsiniz!”, – dedik. Zabit qürurla, böyük ehtiramla əsgərlərə baxdı. Bu baxışların eynini Vətən müharibəsində mövqe döyüşü ərəfəsində də görmüşdük. O baxışlarla bu baxışlar arasındakı doğmalıq bizə qədərsiz könülxoşluğu verdi. Bu, Zəfərin hökmü idi, bu, qalib əsgərlərin əhatəsində olmağın qüdrətiydi...

Döyüşdə şəhid olmuş baş leytenant Elvin Şükürlüdən danışdılar. Hər kəlmədə qürur, hər kəlmədə qürurqarışıq qəhər vardı

– Döyüşmək, qələbə qazananların sırasında olmaq istəyirdi. Əks-hücum əməliyyatı başlayanda gözdolusu əsgərlərə baxıb. Əsgərlərin tündləşən baxışlarından aldığı mətləb könlünü telləndirib. Əsgərlərə xitabən, "Siz qalib gələcəksiniz!" - deyib. Əsgərlər belə bir zabitin döyüş yolunu qətiyyətlə davam etdiriblər...

Onu da dedilər ki, Elvin Şükürlü Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlayıb. Düşmənin mövqeyinə gedib. Güman ki, atışmağa imkan olmayıb. Elvin dörd düşmənlə əlbəyaxa döyüşüb. Dördünü də öldürüb. Əsgərlərimiz döyüşü belə bir döyüşün, belə bir şəhidliyin ruhu ilə davam etdiriblər.

– Sizin babalarınız Birinci Qarabağ müharibəsində döyüşüblər. Onların döyüş xatirələri də tarixdir. Siz bu tarixi də böyük maraqla dinləyə-dinləyə böyüyübsünüz, yəni müharibənin nə olduğunu uşaqlıqdan bilirsiniz. Mənə elə gəlir ki, o anlarda hamınız daha tez böyüməyi arzulayıbsınız. Elədirmi, əsgər Şəkərzadə?, – zabit əsgərləri fəallaşmağa, polemikada daha yaxından iştiraka həvəsləndirdi. Əsgərlərin baxışlarında doğmalığa söykəkli maraqdan dikələn təəssüratlar göründü.

Əsgərlər maraqla dinləyirdilər. Xatırladılar ki, babaları söhbətləri bitər-bitməz onlara baxarmış. Yəni, böyüyəcəksiniz, Ali Baş Komandanın döyüş əmri sizin hərbi xidmət dövrünüzə düşsə, bizim döyüş yolumuzu başa çatdıracaqsınız. Vətən müharibəsi başlayanda xəyalən babalarına deyiblər ki, döyüşçüyük, sizin arzuladığınız kimi döyüşəcəyik, Ali Baş Komandanın əmrini qələbə ilə başa çatdıracağıq.

Azərbaycan əsgəri qətiyyətlə döyüşdü...

Eyni sevgilərlə Şuşa Bəyannaməsini xatırladıq.Zəfərin təntənəsi kimi imzalanan bu gərəkli sənəd Türkiyə ilə Azərbaycan arasında qardaşlığın müqəddəslik sənədidir. Hiss olunur ki, hərbi hissədə əsgərlərlə aparılan söhbətlər, keçirilən siyasi dərslər yüksək səviyyədə təşkil olunur. Bu əminlik əsgərlərin Şuşa Bəyannaməsi imzalananda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”, – fikirləri xatırladan zabit Əli Hüseynov dedi ki, bunları əsgərlərimizə sabah deməyi qərara almışdım. Dövlətçilik üçün dəyərli kəlamları öz məqamında demək daha əhəmiyyətli olur.

Əsgərlərin əhatəsində Şuşa Bəyannaməsini Böyük Zəfərin davamı kimi xatırladıq.

– Zabitlərimiz deyir ki, bu Bəyannnaməyə görə Azərbaycana qarşı bundan sonra hücumlar, təxribatlar olarsa, Türkiyə Azərbaycanı müdafiə edəcək, – əsgər Şükür Şükürov belə dedi...

Söhbətimiz Şuşa Bəyannaməsi ilə davam etsə də, sonacan Zəfərdən danışıldı. Bu elə Zəfərdir ki, əbədiyyən haqqında qürurla danışılacaq...