KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Andranikin fəlsəfəsi ilə hərəkət edən Əli Kərimli

27 avqust 2019 11:08
9852

Bu gün özünü Azərbaycanın əsas aparıcı müxalifət partiyası adlandıran Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (hazırda AXCP-dən islahatlar tələb etdiyi üçün şərlənərək uzaqlaşmağa təhrik edilən Əli Kərimlinin sabiq müavini Razi Nurullayev rəhbərlik etdiyi sabiq AXCP-çilərlə birgə qurultay keçirərək partiyanın onlara mənsub olduğunu iddia edir, Əli Kərimlinin legitimliyini tanımır), “Qar yağdı, çatlaqlar örtüldü”, - düşüncəsi ilə yaşayır. Onların ağıllarına da gəlmir ki, günəşin şöləsi düşən kimi qar əriyir, çatlaqlaq yenə də görünür. Necə ki, azacıq diqqət yetirəndə dağıdıcı müxalifətin, o cümlədən AXCP-nin və bu partiyanın dominantlıq etdiyi “Milli Şura”nın anti-Azərbaycan fəaliyyəti aydın görünür.

Şəxsi maraqlarını qrup maraqlarından üstün tutan Əli Kərimli özünə qarşı təhlükə gördüyü çevrəsindəki insanları şərləyərək “satılmış” damğası ilə partiyadan uzaqlaşdırıb, yalnız onun təsiri altına düşənləri, anarxist təfəkkürə malik olanları və cinayətə meyilli insanları ətrafında saxlayaraq mövcudluğunu qorumağa çalışır. O, “Yozef Gebbels” olmaq amalı ilə çalışan təbliğatçısı - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin “Azərbaycan saatı”nda və digər sosial platformalar üzərindən hərarətli və xəyanətli çıxışları ilə qrant verən xarici “dayılarını” inandırmağa çalışır ki, Azərbaycanda yeganə dağıdıcı mübarizə aparan qüvvə bunlardır. Fikrini onunla əsaslandırır ki, AXCP-çilər daha çox həbs edilir. Özlərinin fikirlərinə inansaq, xarici dövlətlərdən siyasi sığınacaq alanlar da əsasən partiyanın rəhbərliyində təmsil olunanlardır. AXCP-çilərin fikirlərini dinləyən zaman belə fikir formalaşır ki, AXCP rəhbərliyi xaricə qaçaraq guya ölkədə olmadıqları üçün özləri edə bilmir, bu səbəbdən də cinayət əməllərini gənclərə icra etdirirlər. Erməniləri kütləvi şəkildə qətl edərək məsuliyyətini Osmanlı rəhbərliyinin üzərinə yıxmağa çalışan Andranikin fəlsəfəsi ilə hərəkət edən Ə.Kərimli gəncləri cinayət törətməyə sövq edir, həbs olunmaları üçün zəmin hazırlayır. Nəticədə həbs edilən AXCP-çiləri nümunə gətirərək həm dağıdıcı müttəfiqlərini aşağılayır, həm də qrant verən təşkilatları Azərbaycanda mübarizə aparan dağıdıcıların özlərinin olduğu mesajını verir. Əbəs yerə deyil ki, ciddi elektoratı olmayan, anti-Azərbaycan mərkəzlərinin trolluğunu edən AXCP sədri Əli Kərimli başda olmaqla partiyanın fəalları son zamanlar qıy vururlar ki, “Hökumət bizdən qorxur, bizdən narahat olur, ona görə də AXCP-çiləri həbs edir, “Milli Şura”nın rəsmisi Tofiq Yaqublunu prokurorluğa dəvət edirlər”. Elə əsassız fikirlər səsləndirilir ki, adamı lap, qaqqanaq çəkib gülmək tutur.

Bütün günü sosial platformalarda “Azərbaycan dağılır, hökumətin sonu gəlib, biz gəlirik” kimi gülüş doğuran bayağı cəfəngiyatlar danışan Əli Kərimli və partiyadaşları ölkə qanunvericiliyini kobud şəkildə pozaraq xalqı siyasi üsyana çağırırlar. Onlar təxminən belə deyirlər ki, Prezident Azərbaycan xalqının göstərdiyi böyük etimadı görməzdən gələrək hakimiyyəti bizə verməsə, biz hakimiyyəti zor gücünə alacağıq. Ardınca da özlərinin üsyan, çaxnaşma istəmədiklərini, ancaq hakimiyyətin bunlara təhvil verilməyəcəyi təqdirdə üsyanlara məcbur qalacaqları ilə təhdid edirlər. Təbii ki, bu kimi təhdid və üsyana çağırışların fonunda hüquq mühafizə orqanlarına dəvət edilərək ölkə qanunlarına tabe olmalarının tələb edilməsi mütləq addımdır və siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur.