Məhərrəm Ağalaroğlu |
Salam, əziz anam. Necəsən? Bəzən sözlər dilə gəlmədiyi üçün yazmaq ən yaxşısı olur.
Canım anam, xatırlayırsan? Məni ilk dəfə qoynuna alanda bir payız günü idi. Sən əynində xəzan paltarın, başına məcburi bağlanmış qırmızı örpək, ayağında zəncir, əlində qandal... azad olacağın günü gözləyirdin. Mən sənin qoynunda dünyadan bixəbər böyüyürdüm, sən içində azadlığına təkrar qovuşacağına olan ümidini böyüdürdün. Səni günahsız yerə, zor gücünə zindana salmışdılar. Sən məhbus həyatı yaşayarkən balalarını istismar edir, sərvətini talayırdılar. Dözə bilmirdin bu haqsızlığa. Dözmədin də...
Zaman dövr etdi, məqam yetişdi. Bir qarın ac, bir qarın tox üsyan etdin. Hay verdin övladlarına, qırmaq istədin dəmir zəncirləri, atmaq istədin başından qırmızı parçanı, bağlamaq istədin ipək yaylığını. Səni zor gücünə məhbus edənlər üsyanını yatırmaq üçün övladlarını gözlərinin önündə güllələdilər, öldürdülər, şikəst etdilər. Amma övladların qırdı bütün zəncirləri. Yadımdadır, çox sevdiyin kəlağayını başına bağlayıb təkrar azadlığına qovuşduğunu hayqırdın bütün dünyaya. Sənin cəsarətin, hayqırtındakı köləlikdən xilas olmuş insanın sevinc sədaları ilə balası ölmüş ananın fəryadının harmoniyası dünyanı lərzəyə salmışdı. Dostun yox idi, qardaşın isə...
Əziz anam, sənin azadlığını hər kəs, hər yer, hətta göylər də qəbul etdi. Ancaq azadlığına qovuşmağını həzm edə bilməyən quldarlar sallaqxana itlərini üstümüzə qısqırtmış, babalarımızdan miras qalan torpaqlarımızın bir hissəsini zor gücünə əlimizdən alaraq köpək oylağına çevirmişdilər. “Arxalı köpək qurd basar”, misalı, yalnız qurd kimi, arxalı köpəklərlə savaşırdıq. Ömər Xəyyamın “Qarğalar sürü ilə, qartallar yalnız uçar”, misrasındakı kimi, tək başına it sürüsünü dədə-baba torpaqlarımızdan qovmağa çalışırdın. Xatırlayırsanmı, döymədiyimiz qapı qalmamışdı. Ədalətsiz dünyada ədalət axtarırdıq. Döydüyümüz qapıları açan “ədalət keşikçiləri”, ya yurd yerimizdə salınmış it yuvalarında qalan itlərin sahibləri olurdular, ya da it baxıcıları. Allah var, döydüyün heç bir qapıda torpağımız üzərində hüququmuz olduğunu danmırdılar, lakin itlərin də yallanmaq üçün yerə ehtiyacı olduğunu deyirdilər. Sözlərindən belə çıxırdı ki, torpaqlar sizin olsa da itlərin də orada yaşamaq hüququ var. İtlər nə vaxt öz xoşları ilə getsə, o zaman torpaq sizindir. Söz tapa bilməyəndə də deyirdilər ki, gedib itlə danışın, tulalarla dil tapın. Hə, bir də qarşımıza şərt qoyurdular ki, olmaya itlərə bir daş atarıq, bir kötək vurmaq fikrinə düşərik. Əgər elə etsək, itlərin hüquqlarını pozduğumuzu əsas gətirərək bizi cəzalandırarlar. Tək çıxış yolumuz itlərlə dil tapmaq idi. Biz it dilini bilmirdik. Bizim bildiyimiz köpəklər kötəkdən anlayır axı. Necə deyərlər, köpəklə yol get, amma kötəyi yerə qoyma. Bizi inandırdılar ki, bunların itləri dil qanır. Biz dedik, onlar itlərə çatdırdı, itlər hürdüyünü bizə tərcümə etdilər. Alınmadı. İtlə dil tapa bilmədik. Gördük ki, biz deyirik, qarşı tərəf hürür. Ağzının cəvcələrindən quduzluq köpüyünü axıdaraq üstümüzə cummaq istəyir. Biz də eləmədik tənbəllik əl atdıq iti qovana, yəni kötəyə. Biz iti qovanla qovduq, köpəklər quyruqlarını qıstıra-qıstıra qaçdılar yiyələrinin üstünə. Onlar da əl atıb yaxalarını cırdılar ki, vurmusunuz, “itimiz ölüb, başı qızıldan idi”...
Əziz anam, canım anam, azadlığının bərpası uğrunda olduğu kimi, igid övladların qoynunda can versə də, əlil olsa da it sürüsünü qovduq torpaqlarımızdan. Azadlığını bərpa etdiyin 30-cu ili zəfər çalmış qəhrəman olaraq qeyd edirik. Azadlığını bərpa etdiyin 30-cu il mübarək, əziz anam, canım Azərbaycan!
P.S. Dövlətimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları, şəhid ailələrinin, qazilərin və döyüşmüş şəxslərin qarşısında baş əyirəm.