Məhərrəm Ağalaroğlu |
Ölkəmiz müstəqilliyini qazandıqdan sonra dünyaya çıxışı asanlaşan xalqımızın müxtəlif sahələrdə beynəlxalq təcrübəni ölkəmizdə tətbiq etməyə başladı. Belə təcrübələrdən biri də repetitor, yəni müstəqil müəllim xidmətidir. Əslində bu təcrübə ölkəmizdə hələ qədimdən mövcud olub. Saray xadimləri, zadəganlar, bir sözlə, imkanlı insanlar övladlarının təhsili və tərbiyəsi üçün onlara özəl müəllimlər tutardılar. Müasir dövrdə isə uşağın tərbiyəsi üçün olmasa da təhsili üçün müstəqil müəllim xidmətindən böyük çoxluq istifadə edir. Hətta vəziyyət o həddə çatıb ki, valideynlər uşaqları birinci sinifə gedəndən məktəbi qurtarana qədər repetitorların xidmətindən istifadə edirlər. Bir fənn üzrə orta aylıq repetitor haqqının 40 manat olduğunu düşünsək, valideyn 5 fənn üzrə 200 manat və ya minimum əməkhaqqının təxminən 60 faizini repetitorlara aylıq xidməthaqqı ödəyir. Nəticə isə... Nəticə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarından sonra məlum olur. Məlum olur deyəndə ki, universitetə daxil olanları repetitorunun yaxşı olduğunu deyir, digərlərinin də pulu havaya sovrulmuş qalır. Bu dəfə də başlanır qıyhaqıy. Nədi-nədi imtahanın sualları çətin olub. Ola bilər imtahan suallarının qoyuluşu çətin olsun. Lakin bu, əsas vermir ki, abiturient zəruri balı toplaya bilməsin.
Müəllim, demək olar ki, həmin müəllim, dərs proqramı həmin dərs proqramı. Bəs valideynlər niyə repetitor xidmətinə ehtiyac duyur?
Bunun müxtəlif səbəbləri var. Kimi övladının yüksək təhsilə malik olmasını istəyir, kimi “qonşudan qalma dala” fəlsəfəsini rəhbər tutur, kimi də... Əsas amil də hər kəsin beynində müəllimlərin məktəbdə dərs keçmədiyi fikrinin formalaşması, dərs proqramının valideynin başa düşməyəcəyi səviyyədə çətinlikdə olması və məktəblərdə qiymətləndirmə sisteminin valideyndə nigaranlıq yaratmasıdır. Niyə? Ona görə ki, məktəblərdə summativ qiymətləndirmə 1 fənn üzrə suallar 5, 10, 15, 20 bal olmaqla hesablanır. Yəni, 5 suala (4 sual 5 bal, 1 sual 10 bal) düzgün cavab verib 50 faizlik nəticə göstərək 30 bal toplayan şagird 2 alır, 4 suala (1 sual 20, 2 sual 15, 1 sual 10 bal) düzgün cavab verib 40 faizlik nəticə göstərən 60 bal toplayan şagird 3 alır. Nəticədə 50 faizlik nəticə göstərməsinə baxmayaraq 2 alan şagirdin valideyni övladını repetitor yanına qoyaraq qiymətlərini düzəltməsini istəyir. Kimsə iddia edə bilər ki, qiymətlər sualın çətinliyinə görə olur. Lakin bu obyektiv deyil. Ona görə obyektiv deyil ki, dərsi mənimsəyən şagird üçün çətin sual olmur. Misal olaraq elm və təhsil naziri Emin Əmrullayevin ötən ilin oktyabr ayında “Real” TV-yə müsahibəsi zamanı dediyi, “Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”, - fikrini göstərə bilərik. Necə olur ki, 2 min müəllimin bilmədiyi sualı şagird biləndə 20 deyil, 5 bal toplamış olsun. Deməli, məktəblərdəki qiymətləndirmə meyarı da valideyni məcbur edir ki, repetitor xidmətinə ehtiyac duysun.
Heç bir müəllim məktəbdə başını girələyib dərs vaxtını boşa keçirmir ki, şagirdə repetitor xidməti göstərsin. Repetitor da heç bir şagirdin başını açaraq beyninə bilik qoymur. Təbii ki, 10-11-ci sinifdə təhsil alan, abituriyent olaraq yüksək nəticə göstərərək ali məktəbə qəbul olmaq istəyən şagirdlərin əvvəlki illərdə keçdiyi mövzulardan unutduğu, zəif mənimsədikləri mövzuları təkrar edərək bilik səviyyəsini yüksəltmək üçün repetitor xidmətindən yararlanması məqbul, bir çox hallarda da vacibdir. Lakin aşağı siniflərin, xüsusilə ibtidai sinif şagirdlərinin repetitor xidmətindən istifadə etməsi başadüşülən deyil.