04 oktyabr 2019 17:52
1547

Ceyhun Məmmədov: Müəllim əməyi nəticəsində cəmiyyət formalaşır

Azərbaycan İlahiyyat İnstitutunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

İnstitutdan bildirilib ki, tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov bu əlamətdar günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb. Xalqımızın tarixən müəllim sənətini yüksək qiymətləndirdiyini, ölkəmizdə elm və təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayan rektor son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər barədə danışıb.

Ali təhsil müəssisəsinin rəhbəri vurğulayıb ki, “Təhsil millətin gələciyidir”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərib. Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənliklə davam etdirir.

Ceyhun Məmmədov bildirib ki, müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, zəngin dünyagörüşünə, nümunəvi əxlaqa malik insanlar yetişir. Rektor gənc nəslə elmə-təhsilə daim önəm verməyi, vaxtdan səmərəli surətdə istifadə etməyi tövsiyə edib. Rektor bir xalqın tərəqqisinin yalnız elmlə mümkün olduğunu bildirərək, tələbələri daha yaxşı oxumağa, daha çox çalışmağa çağırıb.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov müqəddəs peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər.

Tədbirin sonunda əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiklərinə görə Aİİ-nin bir qrup müəllimi mükafatlandırılıb.