Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ötən il “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmanın birinci bəndinə əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.
Bununla da ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı, həmçinin evləri 25 ilə kirayə götürmək yolu ilə də mənzil əldə etmək hüququna malik olacaqlar. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən ən tezi 3 il sonra ona sahib ola biləcəklər. Söhbət ondan gedir ki, mənzili kirayə hüququ ilə əldə edən şəxsin aylıq ödənişləri evin xərcindən çıxılır ki, bu zaman o daha çox ödəniş etməklə daha tez mənzilə sahib ola bilər.
Artıq kirayə evlərin siyahısı da məlumdur. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, bu mənzillərin 208-i Bakı şəhərinin Nizami rayonu M.Abbasov küçəsində ("Neftçilər" və "Qara Qarayev" metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.
Fond mənzillərin qiyməti ilə bağlı məlumat verməsə də Fed.az saytının xəbərinə görə, kirayə evlər layihəsi üçün satışa çıxarılan mənzillərin bir kvadratmetrinin qiymətinin yerindən asılı olmayaraq, təxminən 1 850 manat ətrafında dəyişdiyi bildirilir.
Hərçənd ki, qaydalara görə, aylıq ödəniş kredit tarixçəsi, gəlirləri, minimum yaşayış xərci və kredit öhdəliyinə görə müəyyən olunmalıdır.
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova isə qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib:“Aylıq ödəmələrin dəyəri yaşayış sahəsinin dəyərindən və kirayə müqaviləsinin müddətindən asılı olaraq dəyişir”.
İstənilən halda bəzi ekspertlər bu mexanizmin əlverişli olmadığını iddia edirlər. Buna əsas kimi isə ilk növbədə mənzillərin qiyməti, eyni zamanda, sayı göstərilir. Həmçinin göstərilən aylıq məbləğləri ödəmək üçün yüksək əmək haqqının tələb edilməsinin aztəminatlı ailələrin, rəsmi gəlirləri olmayanların bu imkandan yararlanmalarına əngəl olduğu bildirilir.
Fond isə kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacağını elan etsə də, məlum olduğu kimi, bu baş tutmayıb. Bununla bağlı yayılmış məlumatda deyilir ki, elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin qəbulunda problemlər yaranıb.
Göründüyü kimi, qiymət, şərtlər və say ilə bağlı iradlara baxmayaraq, sistemə müraciət çoxdur. Aydın məsələdir ki, bu, ilk növbədə mənzilə tələbin çox olması ilə bağlıdırsa, digər tərəfdən sözügedən sistem üzrə şərtlərin ölkədə xeyli müddətdir ki, qüvvədə olan adi ipoteka sistemi ilə müqayisədə daha yüngül olmasıdır. Məsələn, adi ipoteka krediti illik 8 faiz dərəcəsi ilə maksimum 150 000 min manatı nəzərdə tutursa, satmaq hüququ üzrə kirayə mənzil sistemində konkret faiz və maksimal məbləğ yoxdur. Eyni zamanda, adi ipoteka kreditləşməsi zamanı 2013-cu ildən sonra istismara verilmiş mənzillər üzrə 15 faizlik ilkin ödəniş tələb edilsə də, kirayə mənzillərdə bu 1 illik kirayə haqqına (4 faizə) bərabərdir.
Bundan əlavə, ipoteka kreditləşməsində prosedurlar (uyğun mənzilin tapılması, qiymətləndirilməsi və s.) daha geniş olması ilə də seçilir. Həmçinin şəxs mənzili (daşınmaz əmlakın icbari sığortasından əlavə) və həyatını (ölüm və əmək qabiliyyətinin itirilməsindən sığortanı nəzərdə tutur)kredit müqaviləsinin sonuna qədər sığorta etdirməlidir ki, bu əlavə xərclərin yaranması deməkdir.
Ən əsası isə ipoteka kreditləşdirilməsində şəxsin özünün rəsmi gəlirlərini göstərməli olduğu halda, satmaq hüququ ilə kirayə mənzil sistemində şəxs özü ilə bərabər ailə üzvlərinin də rəsmi gəlirlərini təqdim edə bilmək imkanına malikdir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillər üçün elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.
Ceyhun Piriyev, “İki sahil”