17 iyul 2020 10:36
1936

Əgər Aydın Quliyev doğulmasaydı...

Eşidəndə ki, Aydın Quliyevin 60 yaşı tamam olur, əvvəlcə çox təəccübləndim. Axı o mənim gözümdə, qəlbimdə hələ də mübariz, alovlu, eyni zamanda da sərrast, fikirlərini ölçülü-biçili, lakin çox orijinal şəkildə səsləndirən bir gənc olaraq qalır. Zarafatla deyirəm ki, bəlkə səhv edirlər, heç onun 60 yaşı tamam olmur, doğum şəhadətnaməsinə yaxşı baxmaq lazımdır...

Aydin Quliyev xalqımızın elə bir dəyəridir ki, onu sözlə ifadə etmək, çatdırmaq çox çətindir. Bircə onu demək kifayətdir ki, əgər Aydın Quliyev doğulmasaydı çağdaş ziyalılığımız, ictimai-siyasi, fəlsəfi fikrimizdə onun kimi birinin yeri mütləq görsənərdi. Hər ziyalı özündə böyük bir işlıq yaşadır və o işıqdan minlər, milyonlar qidalanır.

Aydın Quliyevi şəxsən tanıyana qədər onun çıxışlarını ardıcıl olaraq izləmişəm və onun orijinal fikirlərini, məsələlərə fərqli yanaşmalarını məmnunluqla dinləmişəm. İstənilən milli və beynəlxalq məsələlərə münasibətində onun tamamilə fərqli yanaşmalarını, heç kəsin demədiyi, ağlının ucundan belə keçirmədiyi fikirlərini eşitmişəm. Aydın müəllim hər çıxışında cəmiyyətə ən yeni, ən təzə ideyalar verib, özü də bu ideyalar dövlətçiliyimizin, xalqımızın mənafelərinin qorunması baxımından çox faydalı olub. Ümumiyyətlə, Aydın Quliyev faydalı ziyalıdır. O, təkcə peşəkar baş redaktor deyil, həm də görkəmli ictimai-xadim, məktəb yaratmış ziyalıdır. Ziyalılığın “dizinin titrədiyi” dövrlərdə meydana çıxan və öz düşüncəsi, təfəkkürü, maraqlı, orijinal yanaşmaları, münasibətləri ilə bu aləmə xüsusi rəng qatan Aydın müəllimi dinlədikcə, fikirləşmişəm ki, bu adam nə üçün indiyə qədər layiqli haqqını almayıb? Yubiley ərəfəsində Aydın müəllimlə bağlı bir fikri ilk dəfədir bu yazıda bildirmək istəyirəm. Yeri düşdüyü üçün deməyə bilmirəm.

2018-ci ilin 21 martında Azərbaycan Televiziyasında Novruz Bayramı ilə bağlı onunla eyni verilişin çəkilişində idik. Söhbətin mövzusu Novruz Bayramının dövlətçilik fəlsəfəsinə həsr edilmişdi. İnanın, Aydın müəllim həmin verilişdə üç cümlə ilə Novruz Bayramı ilə dövlətçilik fəlsəfəsinin bağlılığını elə izah etdi ki, mətəl qaldım. Çəkiliş bitəndən sonra özümü saxlaya bilməyib Aydın müəllimə yaxınlaşdım, fikirlərini, təhlilini, yanaşmasını çox mükəmməl qiymətləndirdiyimi bildirdim. Birdən qəfil ağlıma gəldi ki, bu cür zəka, dərin analitik təfəkkür sahibi, gözəl təhlil bacarığına malik olan Aydın müəllim görəsən dövlət təltifləri, mükafatları alıbmı (amma həmişə onu əməkdar jurnalist bilmişəm)? Mən ondan soruşdum ki, Aydın müəllim, yəqin sizin yüksək dövlət təltifləriniz var, ən azından, Əməkdar jurnalist fəxri adı almısınız. “Xeyr” cavabı verdi və əlavə etdi ki, mən həmişə öz faydalı missiyam haqqında düşünmüşəm, nə fəxri ada, nə də şan-şöhrətə can atmışam.

Aydın müəllimin əbədi sənət əsəri olan “Bakı-Xəbər” qəzeti haqqında da ayrıca fikirlərimi bildirməyi özümə borc bilirəm. “Bakı-Xəbər” mən də daxil olmaqla ölkə ziyalılarının, alimlərinin həm yaxından əməkdaşlıq etdiyi, tez-tez fikir və rəylərini bildirdiyi, həm də mütəmadi oxuduğu qəzetdir. Bu gün “Bakı-Xəbər” həm elektron variantda çıxır, həm də qəzetin bazasında “Bakı-Xəbər” TV yaradılıb. Bundan başqa, son günlər qəzetin rəgli formatda çıxması da Aydın Quliyevin və onun peşəkar, cəfakeş kollektivinin zəhmətinin bəhrəsidir.

Aydın Quliyevin rəhbərlik etdiyi “Bakı-Xəbər” qəzeti Azərbaycan Aşıqlar Birliyinə hər zaman dəstək olur, aşıq sənətinin təbliğində çox mühüm rol oynayır. Bu baxımdan, aşıq sənətinin kütləvi təbliğində “Bakı-Xəbər”in xidmətləri xüsusi vurğulanmalıdır.

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yaşanan erməni təxribatı bir ziyalı kimi məni ciddi narahat edir. Amma sevinirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən layiqli cavabını aldı. Bu, düşmənə birdəfəlik dərs olmalıdır. Ümid edirəm ki, tezliklə qələbə xəbərini alacağıq və bu müjdəni “Bakı-Xəbər”dən oxuyacağıq.

Qələbə müjdəli xəbərlər eşitmək arzusu ilə dəyərli Aydın müəllimi anadan olmasının 60 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, fəaliyyətində uğurlar diləyirəm.

Məhərrəm Qasımlı,
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar Elm Xadimi, professor