21 avqust 2020 17:59
2042

Məsuliyyətsizlik, eqoizm, biganəlik

COVID-19-la mübarizədə müsbət dinamikanı qorumaq üçün hər bir ölkə vətəndaşından bu  hallara son qoymaq tələb edilir

 


Bugünümüzün ən düşündürücü problemi koronavirus infeksiyası ilə mübarizədə müsbət dinamikanın qorunmasıdır. Zamanın tələbinə uyğun olaraq karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması fonunda  xəstləliyə yoluxma hallarının azalması, müalicə alıb öz sağlamlıqlarına qovuşanların sayının artması təbii ki, sevindiricidir. Amma dövlətimizin  bu rəqəmlərdə mənfi istiqamətdə dəyişmənin baş verməməsi üçün nə kimi səylər göstərdiyini, sağlamlığımızın keşiyində dayanan həkimlərimizin öz həyatlarını necə riskə atdıqlarını unutmamalıyıq. Bunun üçün hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, özünün, ətrafdakıların sağlamlığını qorumalı, nizam-intizam qaydalarına riayət etməlidir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında əsas diqqəti vətəndaş məsuliyyətinə yönəldərək bildirir ki, dövlət nə lazımdırsa, onu edir. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib.  Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur: «Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək.»
    Dövlətimizin atdığı bütün addımlar bir məqsədə xidmət edir: insanların sağlamlığı qorunsun, koronavirusla mübarizədən az itki ilə çıxaq. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə hazırda 35 bölgədə 50 xəstəxana  müəyyən edilib. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli  «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı da  görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası  səhiyyənin inkişafına və  insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır. Bölgələri də əhatə etməklə ölkədə  2000 çarpayılıq 10 modul tipli  xəstəxananın quraşdırılmasına başlandı və onların artıq 9-u istifadəyə  verilib. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq  modul tipli xəstəxalanların sayının 16-a çatdırılması nəzərdə tutulur. Qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirilib, xəstəxanalara verilib. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda  laboratoriyaların sayının artırılacağı  və testlərin sayının 12-13 mini keçəcəyi bildirilir.

       Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür.   Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır. «Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər» söyləyən Mehriban xanım Əliyeva bildirir ki, çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir.

      Mehriban xanım Əliyevanın müraciətlərində bu məqam da öz əksini tapır ki,   keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb: «Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı.» 
         Sağlamlığımızın keşikçiləri olan həkimlərimizi  öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü  koronavirus infesiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər.  Dövlətimizin başçısı İlham Əliyevin Bakıda «Yeni klinika» tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək,  Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: «Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.»  Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın  küçələrində yerləşdirilən  reklam lövhələrində  həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. «Eşq olsun Azərbaycan həkimlərinə!», «Evdə qalaq, həkimlərə dəstək olaq!» kimi çağırışların yer aldığı həmin  təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Dövlətimizin başçısı İlham Əliyev  koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasını  dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı da  xüsusi qeyd edir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil.  Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.

        Ümumilikdə  son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistikaya diqqət yetirsək, görərik ki,   2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə  Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir,   yaxın vaxtlarda istifadələri nəzərdə tutulub.  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə  Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. «Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ancaq hər bir insan bunu bilməlidir.  

     Peşəkar həkim heyəti xəstələrin müalicəsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir. O da məlumdur ki,  digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir. Təcrübə mübadiləsi əsasında  koronavirus xəstələrinin müalicə alıb əvvəlki sağlamlıqlarına qovuşmaları üçün zəruri olan addımlar atılır. COVID-19-la  mübarizə tədbirlərinə başlandığı gündən ölkə vətəndaşlarına ünvanlanan «Biz birlikdə güclüyük!» çağırışına uyğun olaraq irəli sürülən tələblərdən biri də «Evdə qal, həkimlərə dəstək ol!» idi.

    Hər zaman böyük əminliklə qeyd etdiyimiz kimi, Azərbaycanın bu virusun yayılmasının qarşısını almaq üçün tədbirlərə tez bir zamanda başlaması, hər gün bir mühüm addımla bağlı Sərəncamın imzalanması, ən xırda məsələlələr belə  diqqətin artırılması nəticəsində qarşıya qoyulan məqsədə lazımi səviyyədə çatacağına inam yaradır. İlk gündən əsas müalicə və  virusdan  müdafiə tədbirlərindən biri evdə qalaraq həm özümüzü, həm də ətrafımızı qorumaq, onların  sağlamlığını təmin etmək olub. Bu çağırış isə daim sosial məsuliyyətin  artırılmasını bir tələb kimi qarşıya qoyub.  Vətəndaşlarımız evdə qalmaqla, eyni zamanda, sağlamlığımızın keşiyindən dayanan həkimlərə dəstək ola bilərlər.

     Ümumilikdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.  Ümumdünya Səhiyyə Təşkilatının təmsilçiləri də qeyd edirlər ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər bacarıqlı, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi  ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. 

    Əgər  problem sağlamlığımızın qorunması ilə bağlıdırsa, bu fikri qeyd etməyi özümüzə borc bilirik ki, heç bir ölkə, vətəndaş hansısa xəstəliyin yayılacağını və ona qarşı mübarizənin aparılacağını düşünmək, yaxud gözləmək imkanında deyil. Bu baxımdan bu gün dünyada həm sağlamlığın təminatı, həm də iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı yaşananlar böyük çaşqınlığa səbəb olur. Düşünürük ki, hər bir ölkədə  dövlət başçısının həyata keçirdiyi siyasət xalqa xidmətə əsaslanırsa, bu halda onların sağlamlığının prioritetliyi qaçılmazdır.

    29 illik müstəqillik tarixinə malik olan Azərbaycan digər istiqamətlər  kimi, səhiyyə sahəsində də  böyük inkişaf yolu keçib, hazırda  yeni inkişaf dövrünü yaşayır. Son 17 ildə  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən Dövlət proqramlarında  tibb müəssisələrinin tikintisi, yenidən bərpası, beynəlxalq standartlara cavab verən avdanlıqlarla təchizatı xüsusi yer tutur. Bu gün bu fikri böyük  əminliklə qeyd edirik ki, yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə  Azərbaycan səhiyyəsinin inkişafı elə bir mərhələyə çatıb ki, artıq  müalicə üçün hansısa xarici ölkəyə üz tutmağa ehtiyac yoxdur. Vətəndaşlarımızın ölkəmizdəki səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmliyindən, onlarda yaradılan şəraitdən, müayinələrin yüksək səviyyədə aparılmasından və düzgün müalicə üsullarının tətbiqindən razılığı da deyilənlərin təsdiqdir.

Koronavirus pandemiyası hər bir ölkənin iqtisadi və sosial imkanları ilə yanaşı, məhz   səhiyyə sistemində mövcud yeniliklərin təqdimatında  əhəmiyyətli rol oynadı.  Cənab İlham Əliyevin  9 aprel 2020-ci il tarixli «Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında»  Sərəncamına əsasən,  Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0  milyon manatın ayrılması da pandemiya dövründə səhiyyənin inkişafına göstərilən  diqqətin tərkib hissələrindəndir.
     Onu da qeyd edək ki, müayinələrin sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir  və bir çox Avropa ölkələrini qabaqlayır.  Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.   Bu əminlik qaçılmazdır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin  səyləri nəticəsində  koronavirus  pandemiyasına qarşı mübarizədə qalib olacaq, bu sınaqdan az itki ilə çıxacağıq. Bunun üçün məsuliyyətimizi artıraq, mübarizədə fəal iştirak edək, əvvəlki həyatımıza qayıdaq.

Yeganə Əliyeva, «İki sahil»