25 aprel 2025 23:58
117

Vətən eşqi ilə döyünən ürək...

Cəlilabad rayonunun Privolnoye kəndində boya-başa çatan Sadiq Ağabalayev Qarabağımızın azadlığı naminə şəhidlik zirvəsinə ucalmaqla adını qəhrəmanlıq tariximizə yazıb. İndi təkcə doğulduğu Privolnoye kəndi deyil, bütün Azərbaycan xalqı onu ürəyində yaşadır. Hər dəfə Sadiqin adı böyük ehtiramla çəkilir. Eləcə illər keçəcək ölümsüzlük qazanan qəhrəmanın 22-illik ömür yolu gələn nəsillər üçün də örnək olacaqdır.

Sadiq Vətənini çox sevirdi. Məhz buna görə də sinəsini Vətəninə sipər etməyi bacardı. Elin mərd oğlu ordu sıralarına da yağıdan qisas almaq məqsədilə yola düşüb, cəbhə bölgəsində əsgərlik borcunu şərəflə yerinə yetirib. Cəsurluğu, qorxmazlığı, igidliyi , vətənpərvərliyi ona hörmət, nüfuz qazandırıb. Bacarığı hesabına hərbi təlimlərdə fərqlənib və 2016-cı il aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində qeyrətlə vuruşub, erməni dığalarına ürəyincə qan qusdurub. Lələ təpəyə qələbə bayrağımızı sancanların sırasında olub. Bu qələbədən sonra tezliklə əbədi yurd yerimiz Qarabağımızın erməni faşistlərdən təmizlənəcəyinə, əhalinin azada, xoşbəxt yaşamasına ürəkdən inanıb.

Sadiq Ağabalayev ermənilərin günü-gündən azğınlaşdığına, Vətənə cəsur oğullar lazım olduğuna görə əsgərlikdən sonra həmişəlik Azərbaycan Ordusunda qalmağa qərar verib. Ürəyində Vətən sevgisi, əynində hərbi paltar, əlində silah cəbhə bölgəsində xidmətini davam edib. Hər şeyi unudub, yalnız Qarabağın tam azadlığını düşünüb. Keçdiyi təlimlərdən ən yaxşı döyüşçü adına layiq olub. Haqq savaşımıza tam hazır duran Sadiq Ağabalayev cəbhə xəttində bir neçə dəfə düşmənlə üz-üzə gəlib və onların layiqli cavabını da verib.

“Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” deyiblər. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günündə Sadiq bu prinsiplə döyüşlərə başlayıb. İgid döyüşçü səngərdən-səngərə keçdikcə düşmən ağır itki qarşısında qalıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ölüm-dirim savaşından zəfərlə çıxıb.

Sadiqin yüksək döyüş məharəti, qəhrəmanlığı onunla çiyin-çiyinə vuruşan əsgərləri ruhlandırıb, qələbə üçün təminat yaradıb. O, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən ağır müharibədə yağıya daha çox qan qusdurub. Savaş meydanında dığaların kabusuna çevrilən Sadiq Ağabalayev 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Onun qəhrəmanlığı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın və Qubadlının azadlığına görə medallara layiq görülüb.

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşın qalib şəhidi Sadiq Ağabalayev cismən bu dünyadan getsə də, günəş ömrü yaşamaqla bizdən yüksəklikdə durur.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü