KÖŞƏ

Nigar Orucova

Vətən sevgisi, yurd təəssübü

01 oktyabr 2020 19:45
1209

Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır. Bu günlərdə sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirən vətəndaşlarımız cəsur oğullarını Azərbaycan Ordusu sıralarına təntənə ilə yola salmaqdadırlar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamının icrası istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin hərbi hissələrə yola salınmasını təmin etmək üçün zəruri tədbirləri operativ qaydada həyata keçirir. Respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gedirlər. Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval- ruhiyyəsi ilə yola düşürlər. İnsanların izdihamla, sevgi ilə bu tədbirlərdə iştirakı xalqımızın ordumuza və Ali Baş Komandana böyük inamının göstəricisidir. Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.

Ölkədə hərbi vəziyyətin elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq minlərlə insanın könüllü kimi orduya yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Bu Fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin ən ali təcəssümüdür. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Bu gün hamının bir istəyi var: torpaqlarımızı düşmən tapdağından azad etmək. Onminlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərin tərk etməməsi faktı vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir. Lakin Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlər Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında xüsusi yer alır. Ekspertlərin fikirlərinə görə, ermənilər özləri  Dağlıq Qarabağa həm Livandan erməni muzdlu döyüşçüləri, həm ASALA-nın tör-töküntülərini, həmçinin açıq-aşkar PKK-nın və DYP kimi terror təşkilatlarının nümayəndələrini gətiriblər. İşğal  edilmiş ərazilərdə və Dağlıq Qarabağın özündə indiyə qədər sözün  həqiqi mənasında terrorçular meydan sulayırdı. İndi bunlar bu oyunu ortaya atmaqla sanki öz günahlarını ört-basdır eləməyə çalışırlar.

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən bildirib ki, Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur: “Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?