KÖŞƏ

Nigar Orucova

Biz terrorizmlə beynəlxalq hüquq çərçivəsində mübarizə aparırıq

06 oktyabr 2020 18:41
3021

Azərbaycan Ordusu öz ərazisində beynəlxalq hüququn normalarına uyğun şəkildə  hərbi əməliyyatlar keçirir. Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları düşmənə sarsıdıcı zərbələrlə müşaiyət olunur. Belə bir vəziyyətdə işğalçı ölkənin baş naziri Nikol Paşinyan isə atəşkəsin bərpa olunmasına can atır. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, atəşkəs müəyyən şərtlərlə təmin edilə bilər və sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. ATƏT-in Minsk qrupu çərçivəsində təxminən 30 ildir Azərbaycan danışıqlara gedərək münaqişəni sülh yolu ilə həll etməyə çalışdı və davam edən danışıqlar heç bir nəticə vermədi, çünki Ermənistan son illərdə həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışırdı. Nikol Paşinyanın timsalında Ermənistanın yeni inqilabi diktaturası  prosesi daha da çətinləşdirdi. Paşinyan “Qarabağ Ermənistandır” deyərək, sülh prosesinə zərbə vurdu. Daha sonra separatçı quldurların başçısı Araik Arutyunyanın Şuşa şəhərində "andiçmə mərasimi", Ermənistan müdafiə nazirinin "yeni ərazilər üçün yeni müharibə" elanları, iyul ayında Azərbaycanın Tovuz bölgəsində Ermənistanın hərbi təxribatları, baş nazirin həyat yoldaşının iştirakı ilə döyüş və atıcılıq təlim kursları və Livandan olan ermənilərin qanunsuz olaraq işğal edilmiş ərazilərə köçürülməsi bütünlükdə hazırkı gərginliyə gətirib çıxaran amillər idi. Yeni erməni diktatorunun absurd yeddi şərt irəli sürməsi faktiki olaraq Ermənistanın danışıqlar prosesindən çəkildiyini deməyə əsas verirdi. Bu xüsusda, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutmağa başladılar. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu.

Bu gün Azərbaycan  beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır. Dövlətimiz, beynəlxalq ictimaiyyətin ədalətin tərəfində olmasını gözləyir və BMT TŞ-nin dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistanın işğalçı qüvvələrini dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarmasını tələb etməsini istəyir. Ermənistanın hərbi qüvvələrinin geri çəkilməsini tələb etmədən tərəfləri hərbi əməliyyatları dayandırmağa dəvət etməsi Ermənistanın  Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyinə xidmət edir. Elə Prezident İlham Əliyevin "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibədə də bu kimi məsələlərə aydınlıq gətirilib ki, artıq beynəlxalq ictimaiyyətin həmin fikirlər ətrafında öz mövqelərini formalaşdırması işin xeyrinə olardı. Azərbaycanın dövlət başçısı müsahibəsində qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyirlər.

Dövlət başçısı müsahibəsində qeyd edib ki,  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır: "Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir".

Məhz bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev hesab edir ki, münaqişənin həlli üçün Azərbaycanın hüquqi əsasları var: "Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Ermənistan müzakirələri pozan tərəfdir. Son iki ildə "inqilab"dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər".

Məhz dövlət başçısının sadaladığı faktlar, eləcə də beynəlxalq hüquq Azərbaycana imkan verir ki, işğal altında olan torpaqlarını erməni qəsbkarlarından azad etsin. Sözün həqiqi mənasında Azərbaycanın buna hüquqi və mənəvi  haqqı çatır. Çünki Azərbaycan heç  bir dövlətin torpağına göz dikmir, heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Azərbaycan sadəcə, düşmən tərəfindən işğal edilmiş ərazilərini geri qaytarmaqla ölkənin ərazi bütövlüyü və suverenliyini bərpa edir.