![]() |
Vəli İlyasov |
İki ölkə arasında sülhə razı kimi görünən Ermənistanın baş naziri Nikol Paşinyan kimlərinsə təzyiqi altında bəzən bir-birinə zidd fikirlər və təkliflər irəli sürür. Bu isə gələn il imzalanması gözlənilən sülh müqaviləsinə daha bir əngəl deməkdir. O, bu mövqeyini Almaniyaya səfəri çərçivəsində bildirib.
2023-cü ildə könüllü şəkildə köçən ermənilərin Qarabağa qayıtmasının mümkünsüzlüyünü qeyd edən Nikol Paşinyan indi suyu bulandırır. O, təklif edir ki, azərbaycanlılar Qərbi Azərbaycana, ermənilər isə Qarabağa paralel surətdə qayıtsınlar. Halbuki əvvəllər dəfələrlə bildirib ki, ermənilər Qarabağa qayıda bilməzlər. Onun son günlərdəki çıxışı geniş müzakirələrə səbəb olub. Məsələyə üst tərəfdən baxanda normal görünür, ancaq alt qatda gizlədilən tarixi həqiqətlər var və baş nazirin onları ört-basdır etməyə çalışması göz önündədir. Ancaq ermənilərə dövlət qurmaq üçün ərazi verən Azərbaycan daha heç bir güzəştə getmək istəmir.
Dediyimiz kimi, Ermənistanın ərazisi bütünlüklə İrəvan xanlığının olub. Ermənilərin xanlığının ərazisinə ilk köçü 1800-cü ilə təsadüf edib. Həmin köç indi Eçmiədzin adlandırılan Üç Müəzzin ərazisinə olub. 1828-ci ildə Rusiyanın işğalçı qoşunları İrəvan xanlığı üzərində qələbə çalandan sonra orada yaşayan 200 mindən artıq azərbaycanlını ruslara casusluq edən ermənilər deportasiya ediblər. Boşalmış evlərə İrandan, Türkiyədən, Livandan erməni ailələrinin köçü təşkil edilib. Azərbaycanlıların bir hissəsi Türkiyə ərazisinə - İğdıra, Qarsa, Anadoluya, böyük bir hissəsi isə Azərbaycanın şimal-cənub ərazisinə deportasiya olunublar. Yəni, Paşinyanın son bəyanatı ilk baxışdan konstruktivlik və praqmatizm təsiri bağışlasa da, əslində, bu çıxışın alt qatında çox ciddi ziddiyyətlər və hiyləgər yanaşma gizlənir.
Baş nazir Nikol Paşinyan bir tərəfdən “Qarabağ ermənilərinin qayıdışının real olmadığını” etiraf edir, digər tərəfdən isə Qərbi Azərbaycan - Qarabağ erməniləri məsələlərini paralel şəkildə götürüb “yol xəritəsi” hazırlamağı təklif edir. Bu, mahiyyət etibarilə köhnə tezislərə yeni don geyindirilməsidir. Paşinyanın ən böyük yanlışlığı Qərbi Azərbaycandan etnik təmizləmə yolu ilə qovulmuş yüz minlərlə azərbaycanlını könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərlə eyniləşdirmək cəhdidir. Burada fundamental fərq var və bu fərqi rəsmi İrəvan çox yaxşı bilir. Qərbi Azərbaycanlılar zorla, sistemli etnik təmizləmə yolu ilə qovulublar. Təkcə 1918-1923-cü illər soyqırımında 300 min nəfərdən artıq azərbaycanlı işgəncələrlə öldürülüb, yüzlərlə kənd dağıdılaraq viran qoyulub. Ancaq Qarabağ ermənilərinin köçməsi isə Azərbaycan tərəfindən yaradılan humanitar dəhliz və təhlükəsizlik təminatı şəraitində, könüllü şəkildə baş verib. Köç prosesi televiziya əməkdaşlarının çəkdikləri süjetlərdə öz əksini tapıb. Köç zamanı ermənilərin bir nəfərinin belə narazılığı olmayıb. Ortada mötəbər fakt var. Ona görə də ermənilər bu məsələdə narazılıq edə bilmirlər. Bundan əlavə, Azərbaycan dövləti hələ 2020-ci ildən başlayaraq Qarabağda yaşayan ermənilərə vətəndaşlıq, təhlükəsizlik və tam bərabər hüquqlar təklif edib. Ermənistan isə azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq hüququnu qətiyyətlə rədd edir. Çünki daşnak ermənilər o ərazidə yaşayan azərbaycanlıların tarixi və mədəni izini barbarlıqla silməklə, toponimlərin adlarını dəyişməklə itirmək üçün əllərindən gələni ediblər. Odur ki, Qarabağ avantürası dalğasında Ermənistandan zorla deportasiya olunan 250 min azərbaycanlının hüquqları ilə Qarabağdan könüllü şəkildə getmiş 60-70 min erməninin hüquqları ilə bərabərləşdirmək düzgün deyil. Nikol Paşinyan köç məsələlərini nə qədər eyni müstəviyə qaldırmağa və bərabərləşdirməyə cəhd etsə də alınan deyil.
Təkrar etmək iazım gəlir ki, ermənilər heç vaxt unutmamalıdırlar ki, Ermənistan Respublikası adında qondarma dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb. Buna baxmayaraq Azərbaycan dövləti humanizm göstərərək güzəştə gedir, Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyır, haqlı olaraq onunla dinc qonşuluq şəraitində yaşamağı və qarşı tərəfdən də analoji yanaşmanı tələb edir. Bu tələb isə Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan maddənin çıxarılmasıdır. Ermənistan bunu edərsə inamlı sülh müqaviləsi imzalana bilər. “Qərbi Azərbaycan” ifadəsini işlətməklə biz Ermənistan ərazisinə hüquqi iddia irəli sürmürük, ermənilərin buradan çıxmalarını tələb etmirik və heç konstitusiyamızda da belə maddə olmayıb və müstəqil Azərbaycanın Konstitusiyasında da yoxdur. Biz əslən Qərbi Azərbaycanlı olan, ancaq məcburən, bəzən silah gücü ilə, insanların öldürülməsi və mülklərinin zorla əllərindən alınması zəminində qovulan azərbaycanlılarımızın öz tarixi torpaqlarına qaytarılması məsələsini gündəliyə çıxarırıq. Dəfələrlə həm Azərbaycan tərəfi, həm də Qərbi Azərbaycan İcması Ermənistana bu barədə müraciətlər edib. Əgər Ermənistan bu məsələni müzakirə etmək istəyirsə, Azərbaycan buna hazırdır. Yox əgər, Ermənistan diplomatik manevrlərlə Azərbaycan ictimai fikrindən “Qərbi Azərbaycan” ifadəsini çıxarmağa cəhd edirsə, bu, əbəs cəhddir. Ermənistan məsələyə real və ədalət gözü ilə baxmağı özü üçün norma kimi qəbul etməlidir. Başqa məqbul yol yoxdur.