07 dekabr 2020 10:50
1506

Mübariz postunda 40-dan çox erməni hərbçisini məhv edən kəşfiyyatçımız FOTO

Kənan Səfərov 1998-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 2 ildir Azərbaycan Silahlı Qüvəvlərində kəşfiyyatçı kimi xidmət edir. Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında iştirak edən Kənan Murov zirvəsi, Mübariz və Qisas postları, Suqovuşan, Talış, Ağdərə uğrunda döyüşlərdə, o cümlədən 25 postun ermənilərdən azad edilməsində fəal iştirak edib. Birinci dəfə döyüşdə yaralansa da, yenidən xidmət yoldaşlarının yanına qayıdıb.

"İki sahil" xəbər verir ki, K.Səfərov keçdiyi döyüş yolu barədə Azvision.az -ın əməkdaşı ilə həmsöhbət olub. O, bildirib ki, Tovuz hadisələrindən sonra 2 ay ərzində təlimlərdə çəkdikləri əziyyətin bəhrəsini Vətən müharibəsində görüblər. Kənanın sözlərinə görə, əvvəlcə Murov istiqamətində düşmənin məhv edilməsi üçün hücuma keçilib.

“Kəşfiyyat taboru olduğumuz üçün birinci biz irəlilədik. Murov istiqamətində 4-5 gün ərzində bir sıra postları düşməndən təmizlədik. Murov yüksəkliyini aldıqdan sonra Ağdərə rayonunun Tonaşen istiqamətində tapşırıq aldıq. Oktyabrın 6-da döyüş tapşırığını yerinə yetirərkən yanımıza mərmi atıldı. Başımdan yaralandım, sol qulağımı itirdim. Bizi oradan təxliyə qrupu düşürdü. Çünki təcili yardım maşınları yalnız Suqovuşana qədər gəlirdi, yüksəkliklərə qalxmırdı. Uşaqlar məni aşağı düşürdü. Sonra Talışdan məni Naftalana apardılar. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncədəki modul tipli xəstəxanaya göndərdilər. Baxmayaraq ki, sol qulağım yox idi, amma 2 gün sonra özümü yaxşı hiss etdiyimi dedim. Hər dəfə yaralı gələndə baxırdım ki, bizim uşaqlardırsa, vəziyyəti soruşum. Gördüm ki, bizim uşaqlardan da var. Onlardan vəziyyəti soruşanda dedilər ki, Mübariz İbrahimovun şəhid olduğu postda yerləşən tabora hücum edilir. Hər kəsin arzusu idi ki, şəhid olsa da, postun alınmasında iştirak etsin. Baş həkimə müraciət edib, öz ərizəmlə xəstəxanadan çıxıb komplektləşdiyimiz yerə getdim. Yenidən döyüşlərə qoşuldum”.

K.Səfərov vurğulayıb ki, Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postdakı erməni taborunu 8 saata məhv ediblər: “Bizim bölükdən 7 nəfər yaralı, 1 şəhidimiz oldu. Həmin taboru özüm təkbaşına irəli gedərək çiyinə qoyulan 6 mərmilik qumbaratanla - RPQ-7 ilə məhv etdim. Erməni orada betondan istehkam qurmuşdu, onu avtomat gülləsi ilə məhv etmək mümkün deyildi. Mənim ixtisasım qumbaratandır. Qızğın döyüş gedirdi, döyüş yoldaşlarıma dedim ki, məni müdafiə edin, ağır silahı götürüb irəli gedirəm. Qumbaratanı götürüb şəhidlərimizi, Mübariz İbrahimovun şəhid olmasını fikirləşərək irəlilədim. Ermənilər də dayanmadan atır. Boyum balaca olduğu üçün məni görsələr də vura bilmirdilər. Qışqırırdılar ki, "bunu vurun, irəliləyir". Bir qədər irəli gedib mərmilərin hamısını atdım. Taborda 40 ermənini məhv etmişdim. Daha sonra yoldaşlarım gəldi. Postu yoxladıq və orada qaldıq. Bir neçə gündən sonra arxadan kömək gəldi”.

K.Səfərov tapşırığı uğurla icra etdikdən sonra yenidən Ağdərə istiqamətində irəlilədiklərini deyib. Elə burada növbəti dəfə ağır yaralanıb.

“Ağdərə rayonunda növbəti yüksəkliyin alınmasında iştirak etdim. Həmin səngərlərdə 30-35 nəfər düşmən hərbçisi var idi. Onları məhv edib, möhkəmlənmişdik. Ermənilər silah sursatını qoyub qaçmışdı, biz onların silahları ilə özlərini məhv edirdik. Lakin düşmən 2-3 km arxada meşəliyin içərisində minaatanlar quraşdırmışdı, oradan mina atırdılar. Biz bu əraziləri o qədər də tanımırdıq, amma düşmən 30 il burada istehkam qurub güclənmişdi. Biz çəkinmədən ancaq irəli gedirdik. Düşmənin bizimlə üzləşməyə gücü çatmırdı. Onlar yalnız ağır artilleriya ilə hərəkət edirdilər.

Oktyabrın 12-də biz yüksəkliyi aldıq və orada səngərdə qaldıq. 4 gün arxa köməyin gəlməsini gözlədik. 4 gündən sonra könüllülərdən ibarət qrup gəldi. Həmin gün posta ermənilər mina mərmisi atdı. Könüllülərdən, eləcə də bizim qrupdan şəhid olan, yaralananlar oldu. Bizim qrupdan 2 nəfər şəhid oldu, 7 nəfər isə yaralandı. Düşmən geri çəkilirdi, lakin olduqları postun koordinatlarını götürüb gedirdilər. Geri çəkildikdən sonra aldığımız postu 2 mina qurğusu və snayperlə vurmuşdular".

İgid döyüşçümüz həmin vaxt ağır yaralanıb: "Oradan məni öz yoldaşlarım sürüyə-sürüyə çıxardılar. Daha sonra Həmidli Şöhrət məni çiyninə alıb 9 km yolu aşağı düşürdü. Suqovuşanda binaların dibində morfinim qoluma vuruldu, öz feldşer uşaqlarımız tərəfindən ilkin tibbi yardım göstərildi, sinəmə, ayağıma sarğı qoydular. Havanın qaralmasını gözlədik. Çünki gündüz vaxtı təcili yardım maşını gələndə düşmən vururdu. 3 saat gözlədik, hava qaralandan sonra müəyyən məsafəni piyada gedib, məni təcili yardım maşınına apardılar. Çox qan itirdiyim üçün sonrası yadımda qalmayıb. Dediklərinə görə, Naftalanda ilkin tibbi yardım göstərilib, sonra Ucar rayon Mərkəzi Xəstəxanasına aparıblar. Oradan hərbi hospitala yerləşdiriblər. Burada 2 dəfə ürəyimin üstündən, 2 dəfə ayağımdan əməliyyat olundum. Bir müddət burada qaldım, sonra yaxınlıqdakı digər özəl xəstəxanaya köçürdülər. Hazırda vəziyyətim yaxşıdır. Bir az ayağımda axsama var. Məzuniyyətə buraxılmışam”.

Düşmənə qan uddurduqlarını deyən K. Səfərov bütün şəhidlərin, o cümlədən Xocalı faciəsi, Qarabağ müharibəsi qurbanlarının qisasının alındığını qeyd edib: “Mənim 22 yaşım var və indiyədək müharibə görməmişdim. Təsəvvür edin, dizlərinin üstündə, gözünün qabağında, qollarında yoldaşların şəhid olur, gözlərini, ayaqlarını itirir. O zaman qisas hissi yaranır və düşmənə qan uddurmaq əsas hədəfin olur.

Biz bir postu, kəndi, rayonu işğaldan azad edəndə sevinirdik və artıq ikinci tapşırığı gözləyirdik. Çünki azad edilən posta görə arxada 10 milyonluq xalq sevinir. Şəhid olsaq belə bu sevinci yaşatmaq insana qürur verir. Sağ qalmağı, evə qayıtmağı heç kim fikirləşmirdi.

Xəstəxanada hər təcili yardım maşınının səsini eşidəndə hirslənirdim və tezliklə döyüş bölgəsinə qayıtmağa can atırdım. Amma qələbə xəbərlərini eşidəndə göz yaşlarımı saxlaya bilmirdim. Mən yaralanmaq istəməzdim. Bütün rayonların azad olunmasında iştirak etməyi arzulayırdım. Tezliklə sağalıb kəşfiyyat taborunda xidmətimi davam etdirmək və şəhidlərimizin qanı bahasına alınan torpaqların hər qarşında olmaq istəyirəm”.

Validenyləri olmayan və nənəsinin himayəsində böyüyən Kənan müharibəyə getdiyini ondan gizlətdiyini söyləyib: “Mənim döyüşlərdə olduğumu birinci dəfə yaralanda Gəncədə olarkən biliblər. Ondan sora düşündülər ki, bir də getmərəm. İkinci dəfə artıq döyüşdə olduğumu Ucar Rayon Mərkəzi Xəstəxanasında olarkən biliblər. Yanıma gəlmişdilər. Bütün həyatımı nənəmə borcluyam. Tək övlad idim və onu qorxutmamaq üçün heç nə deməmişdim”.