KÖŞƏ

Cavid Əkbərov

Keçmiş hərbi xuntanın hakimiyyət iddiası Paşinyanı qorxuya salıb

07 dekabr 2020 17:17
2245

İşğalçı Ermənistanda ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili Sarkisyan-Koçaryan koalisiyası ilə Nikol Paşinyan iqtidarı arasında daha böyük qarşıdurmanın olacağını göstərir.

Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri indiki baş nazirə qarşı şiddətli hücuma başlayıblar. Onlar Paşinyana müharibənin yekununda təslimolma aktını imzaladığına görə satqın, xain damğası vururlar. Bununla da sabiqlər, əslində, siyasi məqsədlər güdərək yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər.

Əvvəlki illərin təcrübəsini nəzərə alaraq keçmiş hərbi xunta Qarabağ ermənilərinin dəstəyinin onlar üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onların hərbi cinayətkarlar olan keçmiş hərbçilərlə əlaqələri intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır. Əsas niyyət Yerevanda iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub güc yolu ilə hakimiyyəti qəsb etməkdir. Paşinyanın isə bunlara sərt formada müqavimət göstərməsi reallıqdır və bu da Ermənistanda qarşıdurmanın daha da dərinləşəcəyindən xəbər verir.

Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib. O, N.Paşinyanı “həyasızcasına yalan danışmaqda” ittiham edib. Bildirib ki, hələ 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Rusiya prezidenti Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin: “Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

N.Paşinyanın anti-Rusiya mövqeli olması məlumdur. Məsələ ondadır ki, bu şəxsin bütün fəaliyyəti müddətində antirus mövqeyi əsas xətt olub. Dəfələrlə ölkənin Rusiyadan həddən ziyadə asılılığını qabardıb. Elə bunu nəzərə alan qüvvələr onu hakimiyyətə gətirmişdilər. İndi isə müharibədəki məğlubiyyəti fonunda Rusiyameyilli qüvvələr onu hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrə əl atırlar.

Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib ki, belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var, buna səbəb olan hökumət getməlidir. O, bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da əlavə edib. Sarkisyan hesab edir ki, parlament, hökumət və prezident institutu arasında tarazlıq olmalıdır: “İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?” Ermənistan prezidenti qeyd edib ki, ətrafa baxın, hamımız böhran vəziyyətindəyik: “Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin - insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhranıdır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”

Göründüyü kimi, mövcud durumdan istifadə edən Sarkisyan-Koçaryan tərəfdarlarının revanş istəyi vəziyyəti daha da gərginləşdirməkdədir. Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir.

“4rd.am” saytı yazır ki, N.Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirir. Bildirilir ki, müxalifət hakimiyyətin mövqelərini düşünüldüyündən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri Paşinyana ciddi “sürprizlər” etməyi planlaşdırırlar. Nəşr yazır ki, bu sürprizin hansı formatda olacağını öyrənə bilməyiblər, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir: “Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır. Əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq.”

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Hələ ki, bu ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.