29 dekabr 2020 16:47
1277

“Dəb xəstəliyi” haqqında nələri bilirik?

Xanımlar gözəl görünmək üçün illərlə müxtəlif üsullardan istifadə ediblər. Bəs 60-cı illərdə yaranan anoreksiya xəstəliyi də dəb idi? Biz bu xəstəlik haqqında nələri bilirik?

Deyilənlərə görə, anoreksiya  psixi pozuqluğun nəticəsi və ölümlə qurtara bilən bir xəstəlikdir. Həmçinin xəstəliyin ilkin fəsadları depressiya fonunda orqanizmdə gedən dəyişikliklərlə başlanır. Bu, tam və ya qismən qida qəbul etməkdən imtina etmək deməkdir.

Son illər “arıqlama dəbi”nə mübtəla olan gənc xanımlar arasında məşhurlar da var. Bu məşhurlardan biri “Spice Girls” qrupunun solisti Viktoriya Bekhemdir. Üç uşaq anası Bekhemi “dəb xəstəliyinin” ikonası adlandırırlar. Onun çəkisi 45 kiloqram, boyu 165 sm-dir. Bu sıraya daha sonra Keyt Moss ( çəkisi 48 kq., boyu 169), Lindsi Lohan (çəkisi 50 kq., boyu 170 sm.), Keyt Bosuort ( çəkisi 48 kq., boyu 165 sm), Nikol Riççini (çəkisi 42 kq., boyu 157 sm.) əlavə etmək olar.

Bütün bunlar onu göstərir ki, adını çəkdiyimiz anoreksiya fiziki xəstəlik yox, bir  “dəb xəstəliyi”dir. 2006-cı ildə 21 yaşlı braziliyalı model Anna Karolina Restonun ölümü bütün dünyanı sarsıtdı. Super model dünyasını dəyişərkən boyu 1m.72 sm, çəkisi isə 40 kq olub. Ardınca isə həmin  ildə 22 yaşlı Luisel Ramos Montevidioda keçirilən moda həftəsində ürək tutmasından elə podiumdaca dünyasını dəyişir.

Bu faciələr gözəllik standartlarını diktə etməkdə olan moda dünyasında son olmadı. Argentinanın ən bahalı model agentliyində çalışan 18 yaşlı Elianna Ramos öz yataq otağında ölü tapıldı. Gənc qızın günlərlə alma və pomidorla qidalandığı məlum oldu.

Heç bilirdinizmi ki, Versaçe imperiyasının 4-cü varisi –Allerqu Versaçe də bu gün anoreksiya ilə həyat mücadiləsindədir. Gənc qızın  çəkisi 32 kq-dır. Donatella Versaçe isə qızını həyata bağlaya bilmək üçün çalışır. O, artıq moda nümayişlərində həddindən artıq arıq modellərin podiuma çıxmasına qadağa qoyub.

İtaliya Moda Assosiasiyası isə 16 yaşına çatmayan modellərdən podiuma çıxmazdan əvvəl sağlamlıq haqqında arayış tələb edir.

Lakin bütün bunlar anoreksiyanın qarşısını almır. Dünya əhalisinin 20%-i hələ də bu bəladan əziyyət çəkir. Anoreksiyaya düçar olan insanlar əsasən bir prinsiplə yaşayırlar. Çəkini minimuma endirmək- yəni çəki nə qədər az olsa belə yuxunu bilərəkdən pozmaq, cəmiyyətdən təcrid olmaq və hər an kökəlmək qorxusunu hiss etmək. Bu zaman fiziki yorğunluğun artması, qan-damar sisteminin işini pisləşdirir.

İnsanlar içində ən çox yayılan nevrotik anoreksiyadır. Diaqnozu ən çox  90% gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozuqluq hesab edilir. Xəstəliyin əsasında xanımların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanımların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahsızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.

Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da, ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixiatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən, 8-15% təşkil edir.

Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacının olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur.

Samirə Tağıyeva, “İki sahil”