KÖŞƏ

Qvami Məhəbbətoğlu

Polis vətəndaşın qarşısında olanda…

12 yanvar 2021 17:00
2813

Xəbər verildiyi kimi, yanvarın 6-da son prezident seçkilərində saxtakarlığa yol verildiyini iddia edən Donald Trampın tərəfdarları ötən il noyabr ayının 3-də keçirilmiş seçkilərin nəticələri Konqresdə müzakirə olunan zaman Kapitoliya binasına hücum ediblər. Bu zaman aksiya iştirakçıları ilə polislər arasında toqquşma olub. Nəticədə 5 nəfər ölüb, xeyli adam yaralanıb. Polisin dinc aksiya iştirakçılarına qarşı bu hərəkəti ABŞ cəmiyyətində böyük səs-küyə, kəskin etiraza səbəb olub.

Bəribaşdan qeyd edək ki, son vaxtlar polisin dinc sakinlərə qarşı bu cür qəddar davranışlarına dünyanın bir çox inkişaf etmiş ölkələrində tez-tez rast gəlinir. Böyük Britaniya, Almaniya, Hollandiya, İspaniyanı buna misal göstərmək olar. Biz bunu Fransada uzun müddət davam edən “sarıjiletlilərin qiyamı”nda da müşahidə etdik. Bir sözlə, bu ölkələrdə polis etirazçıların qarşısına yalnız rezin güllələrlə, gözyaşardıcı qazlarla çıxmır, hətta onların üzərilərinə at və itlə gedir. Sanki Qərbdə polisin vəsifəsi vətəndaşı yox, yalnız hakimiyyəti qorumaqdır.

Bu məsələdə Amerika Birləşmiş Ştatları heç də həmin ölkələrdən geri qalmır. Belə ki, özünü dünyanın ən demokratik ölkəsi hesab edən Amerikada da dinc etirazlar zamanı polis güc tətbiq edir. Elə Kapitoliyada baş verənlər bunun təsdiqidir. Yeri gəlmişkən bildirək ki, bu ölkədə polisin qeyri-insani hərəkətləri yeni etirazlara da yol açır. Məsələn, ötən ilin mayında Minneapolisdə polislərin afroamerikalı Corc Floydu yıxaraq qollarını qandallamaları, həm də polislərdən  birinin dizi ilə onun boğazını sıxması və nəticədə həmin şəxsin ölməsi bu və digər şəhərlərdə toqquşmalara, sərt etirazlara gətirib çıxarmadımı? Görünən odur ki, həmin olay, yəni  baş qaldıran narazılıq və kütləvi etirazlar amerikan polisinə dərs olmadı. Mütəxəssislərin araşdırmalarına görə, Amerika polisinin zorakı hərəkətləri hər il bu ölkədə onlarla insanın həyatına son qoyur. Bu isə o deməkdir ki, ABŞ-da vəziyyət dünyanın insan haqlarının ən çox pozulduğu ölkələrdən heç nə  ilə fərqlənmir.

Son aksiyadakı qarşıdurmada  5 nəfərin ölməsindən belə qənaətə gəlmək olar ki, ABŞ-da demokratiya böhranı yaşanır. Buna baxmayaraq, öz vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilməyənlər başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyirlər. Mütəxəssislərin fikrincə, əgər ABŞ dünyada  həqiqətən  insan hüquq  və azadlıqlarının carçısı kimi çıxış etmək istəyirsə, ilk növbədə öz daxilində bu sahədə olan problemləri aradan qaldırmalıdır. Daha demokratiya, insan hüquq və azadlıqlarını bəhanə edərək digər ölkələrin daxili işlərinə qarışmamalıdır.

Digər tərəfdən, nə qədər qəribə olsa da, bu ölkədə baş verənlər insan azadlığından, beynəlxalq hüquq normalarından ağızdolusu danışan beynəlxalq qurumların diqqət mərkəzinə o qədər də düşmür. Amma bizim ölkədə hüquq-mühafizə orqanlarımız, polislərimiz  öz vəzifə borclarını yerinə yetirmək məqsədi ilə hər hansı bir qanunsuz aksiyanın qarşısını alanda, bir etirazçının qolundan tutanda həmin beynəlxalq qurumları bunu “insan haqlarının pozulması” kimi qələmə verərək elə şeylər uydururlar ki, elə qərəzli bəyanatlar verirlər ki, adam məəttəl qalır. Yəni onlar Azərbaycanda keçirilən icazəsiz küçə yürüşlərinə, mitinqlərə polislərin qanuni müdaxiləsini isə az qala demokratiyaya qarşı savaş kimi təqdim edirlər. Halbuki Amerika polislərindən fərqli olaraq azərbaycanlı asayiş keşikçiləri həddini aşan və ictimai qaydalara təhlükə yaradan etirazçılara atəş açmır, yəni silahsız insanların qanını axıtmırlar. Bu mənada bizim polislər Amerika polislərindən daha humanistdirlər və öz işlərində daha peşəkardırlar desək, yanılmarıq. Azərbaycan polisi bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Buna görə də hər bir ölkə vətəndaşı öz polisinə güvənir. Çünki polisimiz vətəndaşının qarşısında deyil, onun yanındadır.