KÖŞƏ

Qvami Məhəbbətoğlu

Biz Şuşanı dirçəldəcəyik

18 yanvar 2021 18:04
4061

28 il Şuşasız olmaq bizə olmazın ağrı-acılar, məhrumiyyətlər yaşatdı. Amma sızlasaq da, bircə gün belə ümidsiz olmadıq. Vətən müharibəsinin 43-cü günü qapımızı döyən möhtəşəm xəbər Şuşa nisgilimizi əritdi. Noyabr ayının 8-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciətində başqa şəhər və rayonlarımız kimi, Qarabağın tacı, musiqi beşiyimiz olan Şuşamızın müzəffər ordumuz tərəfindən azad edilməsi xəbərini verməklə bizə dünyalar bağışladı. Həmin gün təkcə Şuşanın deyil, bütövlükdə Azərbaycanın başı üzərini almış qara buludlar dağıldı.

Sübhəsiz, bir zamanlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşanın işğaldan azad edilməsi və bu şəhərdə bayrağımızın dalğalandırılması düşmənə vurulan ən böyük zərbə idi. Uca dağlar qoynunda yerləşən Şuşanın azad edilməsindən sonra erməni vəhşiləri başa düşdülər ki,  cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirən Azərbaycan Ordusu ilə baş-başa gəlmək iqtidarında deyillər. Ona görə də Şuşanın düşməndən təmizlənməsindən iki gün sonra ağ bayraq qaldırdılar və kapitulyasiya aktına imza atdılar. Üstəlik Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar. Bu mənada Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsində olduqca önəmli rol oynayıb. Çünki Qarabağa kimin nəzarət etməsi məhz Şuşanın kimin əlində olması ilə izah olunur.

Ermənilər işğal etdikləri digər ərazilərimiz kimi, Şuşanı da bərbad vəziyyətə salıblar. Müharibədən iki ay keçməsinə baxmayaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin, eləcə də onun qədim  binalarının bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində böyük quruculuq işlərinə start verilib. Belə ki, hazırda Şuşaya qaz, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Yanvarın 14-də Prezident İlham Əliyevin Şuşa şəhərinə səfəri zamanı Füzuli rayonundan Şuşaya gedən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və Füzuli rayonunda hava limanının təməllərini qoyub. Şübhəsiz, həm yeni yol, həm də tikiləcək hava limanı Şuşanın da iqtisadi, mədəni cəhətdən inkişafına xidmət edəcəkdir. Prezidentin də bildirdiyi kimi, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir: “...Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.” Qeyd edək ki, həm  yol, həm də hava limanı bölgədə yeni nəqliyyat və kommunikasiya xətlərinin həyata keçirilməsi siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərə daxildir. Həmin tədbirlərə əsasən, ilkin olaraq işğaldan əvvəlki şəhərdən əsər-əlamət qalmayan Şuşanın bərpa olunması və yenidən qurulması nəzərə alınıb. Şuşanın yenidən qurulmasının, inkişafının  işğaldan azad edilmiş digər şəhər, qəsəbə və kəndlərimizin inkişafında lokomotiv rolunu oynayacağı şəksizdir.

Prezident Şuşaya səfərində erməni vandalları tərəfindən güllələnmiş və 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin, milli ruhumuzun təcəssümlərinin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini də bu qədim şəhərimizə, daha doğrusu, doğma ocaqlarına gətirib. Elə bu addımı ilə də  Şuşanın abadlaşdırılmasına növbəti töhfəsini verib.

Mütəxəssislərin fikrincə, milli-mənəvi dəyərlərimizin, musiqimizin beşiyi olan Şuşa qısa zaman kəsiyində təkcə Azərbaycanın deyil, regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək. Bu şəhər eyni zamanda, yenidən təmir olunacaq Pənahəli xanın sarayı, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, Xan qızı Xurşidbanu Natəvanın evi, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa Realnı Məktəbi, həmçinin İsa bulağı, Cıdır düzü və s. məkanları, həmçinin Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpa olunması ilə tez bir zamanda bütün dünyada da şöhrət qazanacaq. Azərbaycanın mədəniyyət paytaxtının tezliklə yenidən tikilib-qurulacağı, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyi, Prezident İlham Əliyevin noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin çox qısa müddətdə gerçəkləşəcəyi heç kimdə şübhə doğurmur.