18 yanvar 2021 18:52
2156

Kompyuter, mobil telefon və televizor necə yaranıb?

Dünyanın dəyişməsinə səbəb olan mühüm ixtiraları təqdim edirik.

Kompüter: Kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən işlənib verilmişdir. Həmin prinsiplər əsasında 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper Ekkertin rəhbərliyi altında ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix kompüterlərin yaranma tarixi hesab olunur. Lakin qeyd etmək lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə məşhur alim Allan Turinqin rəhbərliyi altında Böyük Britaniyada yaradıldığı və İkinci Dünya müharibəsində alman məxfi məlumatlarının "oxunması" üçün istifadə edilən "Collos" kompüterinin olması iddia edilir. Lakin əksər alimlər "Collos" kompüterinin texniki imkanlarının zəif olması səbəbindən onu yalnız kompüter yaradılmasında atılan önəmli addımlardan biri hesab edərək, "kompüter erasının" məhz ENIAC kompüterilə başlandığını qəbul edirlər.1977-ci ildə Apple 2 adlı ilk PC modelini inkişaf etdirən Steve Job, qeyri-mümkün kimi görünən hər evə bir kompüter fikrinin də reallaşmasına səbəb oldu.

Cib telefonu: Qeyd edək ki, radiotelefon ideyası “AT&T Bell Labs” şirkətində hələ 1946-cı ildə meydana çıxmışdı. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi - maşında qurulmuş  radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha  mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı.

1960-cı illərin başlanğıcına qədər şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdi. Onlar hesab edirdilər ki,  prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin “AT&T” təcrübəsi onları dayandırırdı. Belə ki, şirkət 1947-ci ildə “yol xidməti” sistemini yaratdı – o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı.

Lakin təxminən on il “AT&T Bell Labs” və  “Motorola” paralel olaraq mobil rabitənin yaradılması üzrə tədqiqat aparırdılar. Nəticədə, “Motorola” Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi. Kuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı.

1973-cü il, 3 aprel tarixində “Motorola”nın rəqibi “Bell Laboratories” şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. “Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini  tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi. - “Mən sənə əsl mobil telefondan zəng edirəm”.

Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.

Televizor: Televiziyanın ilk mexaniki modulunu 1884-cü ildə Almaniya universitetinin tələbəsi olan Paul Gottlieb  Nipkov hazırlayıb. O, fırlanan metal diskin köməyi və teller vasitəsilə şəkillərin göndərilməsinə nail olur. Bu texnologiya “elektrik teleskop” adlandırılıb. 1923-cü ildə Çarlz Cenkins adlı Amerika ixtiraçısı ilk “Nipkow disk” ideyasından istifadə edərək praktiki mexaniki televiziya sistemini icad etdi. Cenkinsdən sonra 1926-cı ildə Britaniyalı ixtiraçı John Con Loqi Beyrd Nipkonun yaratdığı mexaniki disk sistemi ilə hərəkətli şəkillərin çatdırılmasına nail olan, həmçinin ilk TV studiyası yaradan və ilk televiziya görüntüsü yayımlayan insan olub.

1926-cı ildən 1931-ci ilə qədər mexaniki televiziya sistemində çox yeniliklərə imza atıldı. Mexaniki televiziya sahəsindəki kəşflər 1934-cü ilə qədər olduqca möcüzəvi yenilik idi, amma sonradan bütün televiziya sistemləri bu gün də istifadə edilməkdə olan elektron sistemə çevrildi. 1907-ci ildə Svintonun elektron televiziyalar üçün katot şüası balonu ilə etdiyi təcrübələr böyük  əhəmiyyət daşısa da, həqiqətə çevrilməmişdi. 1927-ci ildə Filo Taylor Farnsvors Svintonun fikirlərinə söykənən elektron televiziya növünü kəşf etməyi bacardı. Filo bu təcrübələrə 14 yaşında olarkən başlayır. 21 yaşında ilk elektron televiziya sistemini icad edir. Beləcə bütün müasir TV-lərin təməlini meydana gətirən televiziya sistemi yarandı. İlk televiziyaların sistemlərinin hamısı ağ-qara  idi, rəngli televiziya isə sonradan kəşf olundu.

Rəngli görüntü əldə etmək ideyaları demək olar ki, elə ağ-qara televiziyanın meydana gəlməsi dönəmində sınaqdan keçirilirdi. İlk rəngli televiziya layihəsini Hovens Edemien irəli sürüb. 31 mart 1908-ci ildə Almaniyada, sonra isə bir sıra ölkələrdə patent alınmışdı. 3 iyul 1928-ci ildə  John Logie Baird dünyanın ilk rəngli görüntüsünün ötürülməsinə nail olur. O, həmçinin 4 fevral 1938-ci ildə ilk rəngli yayım nümayiş etdirir.

Samirə Tağıyeva, “İki sahil”