15 yanvar 2020 09:42
594

2019-cu ildə qeyri-neft ixracımız 2 milyard ABŞ dollarına yaxınlaşıb

"2019-cu il ümumilikdə ixracatımız üçün uğurlu olub və gömrük məlumatlarının təhlili göstərir ki, ötən il ölkəmizdən 19,6 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar nəticəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb."

Bu fikirləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müşavirədən irəli gələn vəzifələri şərh edərkən bildirib.

V.Qasımlı qeyd edib ki, 2019-cu ildə qeyri-neft ixracımız 2 milyard ABŞ dollarına yaxınlaşıb: "Bu isə həm də onu göstərir ki, strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 ABŞ dollarına çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlər var. Yəni qeyri-neft ixracının artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradılması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, Azexport.az portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda rol oynayır. Nəzərinizə çatdırım ki, son 3 ildə Azexport.az portalına dünyanın 141 ölkəsindən 1,6 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Hazırda qeyri-neft sektoruna aid mallarımız əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, Ukraynaya ixrac olunsa da, ixracın coğrafiyası da genişlənir.  Həmçinin son illər ixracın əmtəə strukturunda da müsbət dəyişiklər baş verir. 2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı,  xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb.  Məhz cənab Prezidentin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülüyün inkişafının dəstələnməsi özünü real ixracın artmasında göstərir. Təkcə bir faktı qeyd edim ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz artaraq 124 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə, isə qeyri-neft ixracımızın artmasına kənd təsərrüfatı sektoru böyük töhfə verir."