11 mart 2021 15:46
2145

İdxal olunmuş malların gömrük dəyərləndirilməsi necə həyata keçirilir?

Ölkəyə mal idxal edən şəxslərin vaxtaşırı qarşılaşdıqları əsas problem gətirdiklərin məhsulun gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı olur. Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edirlər. Dövlət Gömrük Komitəsi isə belə iddiaları təkzib etməklə qalmır, sahibkarları daha aşağı gömrük dəyəri göstərməklə gömrük ödənişlərindən yayınmaqda ittiham edir.

“İki sahil” xəbər verir ki, Komitə sədri Səfər Mehdiyev ötən həftə keçirdiyi mətbuat konfransında qida əlavəsi idxal edən sahibkarlardan bəhs edərkən onların məhsulun üzərinə 300-600 faiz marja qoyduqlarını vurğulayaq  belə şirkətlərin ya ölkədaxili satış qiymətlərini endirməli, ya da bu qiymətə uyğun gömrük ödənişləri etməli olduqlarını bildirib.

Bəs bununla bağlı qanunvericilik nə deyir?

İdxal olunmuş malların gömrük məqsədləri üçün dəyərləndirilməsi Gömrük Məcəlləsinin 220-ci maddəsi və “Gömrük tarifi haqqında” qanunun 3-cü fəslinə əsasən həyata keçirilir.

Gömrük Məcəlləsinin 220.2.2-ci  maddəsində qeyd edilib ki,  gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

“Gömrük tarifi haqqında” qanunun 3-cü fəsli isə gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsini nəzərdə tutur. Qanunun 12-ci maddəsinə görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri  ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. 13-cü maddəyə görə, Azərbaycana ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunsa da burada müəyyən şərtlər var. Lakin əsas qayəsini alıcı və satıcının əlaqəli şəxslər olub-olmasını müəyyən etməklə qiymətə təsir edəbiləcək halların aradan qaldırılması təşkil edir. Lakin alıcı və satıcının əlaqəli şəxslər olması faktı özü-özlüyündə malların sövdələşmə qiymətinin gömrük orqanının vəzifəli şəxsi tərəfindən qəbul edilməməsi üçün əsas deyil. Bu faktın qiymətə təsir etmədiyi hallarda malların sövdələşmə qiyməti gömrük orqanının vəzifəli şəxsi tərəfindən qəbul edilir. Bununla belə, əlaqəli şəxslər arasında sövdələşmə qiymətinin məqbul hesab edilməsi üçün, bu qiymətin eyni vaxtda və ya təqribən eyni vaxtda həyata keçirilən sövdələşmələr üzrə aşağıdakılardan birinə yaxın olduğu idxalatçı tərəfindən sübut edilməlidir:

- Eyni və ya eynicinsli malların Azərbaycan Respublikasına ixrac edilməsi üçün əlaqəli olmayan şəxslər arasında satış məqsədi ilə sövdələşmə qiymətinə;

- Eyni və ya eynicinsli malların müəyyən edilən çıxılmış dəyərinə;

- Eyni və ya eynicinsli malların müəyyən edilən toplanmış dəyərinə.

Bu maddənin digər bəndində görə, malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə Qanunda göstərilən əlavələr edilir.

Malların gömrük dəyərini sövdələşmə qiyməti əsasında müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir.

Malların gömrük dəyərini sövdələşmə və eyni malların sövdələşmə qiymətləri ilə  müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda ölkəyə ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir.

Gömrük dəyərini sövdələşmə, eyni və eyni cinsli malların sövdələşmə qiymətləri ilə müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış dəyər üsulu ilə müəyyənləşdirilir. Dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır:

-İdxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr;

-Gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər;

-Malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği.

İdxal edilən malların gömrük dəyərini sövdələşmə, eyni və eyni cinsli malların sövdələşmə qiymətləri, eyni zamanda, çıxılmış dəyər üzrə müəyyənləşdirmək mümkün olmadıqda, malların gömrük dəyəri toplanmış dəyər kimi müəyyənləşdirilir.

Malların toplanmış dəyəri aşağıdakı məbləğlərin toplanması yolu ilə hesablanır:

-İdxal edilən malların hazırlanmasında istifadə edilən materiallara, həmin malların istehsalına və ya emalına çəkilən xərclər və ya bunların dəyəri;

-Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və dəyərləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi;

-İdxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə, boşaldılma xərcləri.

İdxal olunan malların gömrük dəyərini yuxarıda göstərilən 5 üsulla əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri 6-cı- sonuncu üsul  olaraq beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Lakin malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz:

-Gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti;

-Müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem;

-Malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;

-Eyni və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş xərclərdən fərqli istehsal xərcləri;

 -Gömrük ərazisindən fərqli hər hansı ölkəyə ixrac üçün nəzərdə tutulan malların qiyməti;

-Minimum gömrük dəyəri;

-Kortəbii müəyyən edilən və ya saxta dəyərlər.

Göründüyü kimi, idxal olunmuş malların gömrük məqsədləri üçün dəyərləndirilməsi haqqında qanunvericilikdə bütün hallar nəzərə alınıb. İkinci əl avtomobildən tutmuş  qida əlavəsinə qədər bütün məhsulların idxal dəyərinin müəyyən edilərkən bu qanuna istinad edilir. Lakin məsələ xaricdən ucuz alıb ölkədə dəfələrlə bahasına, eyni zamanda, idxalın digər tərəflərin vasitəsilə edilib realizəsinə gələndə vəziyyət dəyişə bilir.    

S. Mehdiyev sözügedən mətbuat konfransında qida əlavələri haqqında danışarkən deyib ki, ölkəyə mal idxal edənlə onun burada satışını həyata keçirən ayrı-ayrı şirkətlərdir: “Bəzi şirkətlər maklerlik edərək malı gətirir, satdıran isə başqasıdır. İzi itirməklə apteklərdə qida əlavələri 600 faiz bahasına satılır”.