12 aprel 2021 15:21
973

Gələcək nəsil Hərbi Qənimətlər Parkını ziyarət etdikcə ata-babaları ilə qürur duyacaq - Emin Həsənli

Bu Park, həm xalqımıza şəhidlərimizin, qazilərimizin bir sözlə Azərbaycan Ordusunun şücaətini, gücünü göstərəcək, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaq

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.  Xatırladaq ki, yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli  “İki sahil”ə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı  Zəfər tarixə qızıl hərflərlə yazılan qələbədir: "Xalqımız 150 ildən artıq idi ki, bu qalibiyyətin yolunu gözləyirdi. Ona görə də bu Qələbə bizim üçün çox önəmlidir: “Bu Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün dünya  bir daha şahid oldu ki, dövlətimiz ərazi bütövlüyü məsələsində heç bir halda güzəştə getməyəcək. Azərbaycanın müzəffər ordusu dünya hərb tarixinə xüsusi salnamə yazdı. Həmin salnamə ki, ondan hələ çox danışılacaq və yazılacaq. XXI əsrin müharibəsi necə olmalıdır sualına dövlətimiz, ordumuz Vətən müharibəsində göstərdiyi şücaətlə, hərb tarixinə gətirdiyi yeniliklərlə layiqli cavab verdi.  Ən başlıcası isə Azərbaycan Ordusunun nə qədər qəhrəman, xalqımızın nə qədər vətənpərvər, qorxmaz və əzmkar olduğu bütün cahana isbatlandı. Düşmən dəmir yumruğun zərbələri ilə torpaqlarımızdan rədd oldu. Onların bundan sonra hansısa səhvi olarsa, dəmir yumruq yenidən onların başına dəyə bilər.”  

E.Həsənli qeyd edib ki, Hərbi Qənimətlər Parkının açılmasının əhəmiyyəti böyükdür: "Bu Park, həm xalqımıza şəhidlərimizin, qazilərimizin bir sözlə Azərbaycan Ordusunun şücaətini, gücünü göstərəcək, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaq. Ölkəmizə gələn turistlər də həmin Parkı ziyarət edəcək. Bu Park Ordumuzun gücünü, möhtəşəmliyini göstərir. Eyni zamanda düşmən tərəfinin nə qədər rəzil, zəif, qorxaq, gücsüz olmasının növbəti sübutudur. Gələcək nəsillərin nümayəndələri həmin Parkı ziyarət etdikcə ata-babaları ilə bir daha qürur duyacaq,  özündən öncəki nəslin onlara nə qədər güclü Azərbaycan bəxş etdiyinin şahidi olacaqlar.”

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi daimidir.  Üçrəngli bayrağımız hər zaman Qarabağ səmasında dalğalanacaq. Bizim gələcəkdə də Hərbi Qənimətlər Parkına oxşar komplekslərimiz olacaq: “İşğaldan azad olunmuş torpaqlarımızda da “Şəhidləri Anma” Kompleksləri, həm Zəfər kompleksləri inşa olunacaq. Bu vətənpərvərliyə, milli-mənəvi dəyərlərə bağlılığı göstərən möhtəşəm təşəbbüs olacaq.  Ən başlıcası isə bütün bunlar gələcəyimiz üçün əmanətdir. Ən böyük əmanətimiz isə ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycandır. Bu müstəqilliyin qorunmasında, ərazi bütövlüyünün təmin olunmasında cənab Prezidentin müstəsna xidmətləri var. Gələcək nəsil onlara necə güclü Azərbaycan bəxş ediilməsinin şahidi olacaq.”

Yaqut Ağaşahqızı, “İki sahil”