22 aprel 2021 21:24
1002

«YAŞAT» Fondunun yaradılması şəhid ailələrinə və qazilərə qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır VİDEO

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Dövlətin gördüyü işlərlə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun («YAŞAT» Fondu) yaradılması haqqında» Fərman imzalayıb.

«YAŞAT» Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək şəhid ailəsi üzvü və ya müharibə əlili statusu alan şəxs tərəfindən götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;- şəhid ailəsi üzvünün və ya müharibə əlili statusu alan şəxsin məişət şəraitinin yaxşılaşdırılması. Bir sözlə, «YAŞAT» Fondunun yaradılması şəhid ailələrinə və qazilərə qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır.

Fond eyni zamanda, həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsini təmin edir. Eyni zamanda Türkiyədən və digər ölkələrdən həkimlər Azərbaycana gətirilir. «YAŞAT» Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlayır. Qazilərimizin qarşıdakı aylarda da müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri Fond tərəfindən təmin edilir.

«YAŞAT» Fondunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək proqramı var. Dəstək proqramı çərçivəsində özəl təhsil müəssisələrində şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. «YAŞAT» Fondu, həmçinin yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Xatırladaq ki, «YAŞAT» Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Şəmsiyyə Əliqızı, «İki sahil»