08 may 2021 11:16
831

Ulu öndər Heydər Əliyevin arzuladığı Azərbaycan

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu yalnız ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, ictimai-siyasi sabitliyin yaradılması və iqtisadi inkişaf üçün münbit şəraitin formalaşdırılması sahəsində tarixi xidmətləri ilə ölçülmür. Ulu Öndər Azərbaycanda müasir milli dövlət modelinin qurulmasın təmin edən böyük siyasi xadim kimi xatırlanır. Onun ən böyük tarixi missiyası da elə bundan ibarətdir. Azərbaycan xalqının nəinki milli dövlətçiliyini, həm də tarixi proseslərin məntiqi nəticəsi olaraq meydana çıxan azadlı şansını itirmək təhlükəsi qarşısında qaldığı çox mürəkkəb bir şəraitdə Ümummilli Lider cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında səfərbər etməyə, ölkənin iqtisadi potensialını, insan resurslarını, milli-mənəvi dəyərlər sistemini müasir milli dövlət quruculuğu prosesinə cəlb etməyə müvəffəq oldu. Bu mənada dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki yeri elə Azərbaycan dövlətinin qısa müddətdə əldə etdiyi son dərəcə mühüm nailiyyətlərin miqyası qədər böyükdür.

"İki sahil" xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ramin Məmmədovun “Ulu öndər Heydər Əliyevin arzuladığı Azərbaycan” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Ümummilli Liderin siyasi və ideoloji irsi indiyə qədər bir çox tədqiqatçıların, elm adamlarının, jurnalistlərin, siyasətçilərin diqqət mərkəzində olub. Heç şübhəsiz ki, hələ bundan sonra da Heydər Əliyevin siyasətçi və dövlət adamı obrazı müxtəlif tədqiqatların, araşdırmaların mövzusu olaraq qalacaq. Bunun ən mühüm səbəblərindən biri Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişinin təsadüf etdiyi dövrün olduqca mürəkkəb, bir çox hallarda ziddiyyətli, proqnozlaşdırılması mümkün olmayan iqtisadi, geosiyasi və tarixi şərtlərə təsadüf etməsindədir. Bu, elə bir dövr idi ki, Azərbaycan faktiki olaraq həlli mümkünsüz görünən bir neçə problemlə üz-üzə qalmışdı - müstəqillik əldə olunsa da, onun təmin edilməsi üçün lazımı şərait və şərtlə mövcud deyildi, ölkə vətəndaş müharibəsi ərəfəsində idi, SSRİ-nin süqutundan sonra yeni dövrə uyğun iqtisadi inkişaf modeli qurulmamışdı, ərazi bütövlüyü pozulmuş, ölkənin bir hissəsi işğala məruz qalmışdı, geosiyasi maraqların konfiqurasiyası o dərəcədə əlverişsiz idi ki, Azərbaycanın hətta yaxın qonşuları ilə belə normal ikitərəfli münasibətlər qura bilməmişdi. Bu ağır tarixi şərtlərin fonunda milli dövlət modelinin qurulması, onun ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasının nə qədər çətin və həlli az qala mümkünsüz görünən vəzifə olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı mahiyyət etibarilə həm də yeni bir mərhələnin başlanması demək idi. Ümummilli Lider qısa müddətdə ölkənin qarşısında duran taleyüklü problemlərin həllinə nail olmaq üçün son dərəcə vacib olan böyük bir missiyası – milli birlik və həmrəyliyi təmin etməyə müvəffəq oldu. Bu amil Azərbaycanda sonrakı dövrdə qazanılan bütün uğurların, əldə olunan nailiyyətlərin ideoloji təməlini yaratdı. Bütün siyasi həyatını öz xalqının intellektual və mədəni inkişafına, sosial rifahına həsr etmiş ulu öndər bir daha sübut etdi ki, hər bir millət yalnız birlik və həmrəylik sayəsində qarşılaşdığı ən çətin problemləri həll etmək iqtidarındadır. Lakin bunun üçün bütün imkanları və resursları düzgün idarə etmək bacarığına malik siyasi liderə ehtiyacı var.

Müəllif qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modeli bir neçə ideoloji sütuna əsaslanırdı: ictimai-siyasi sabitlik, təhlükəsizlik, milli birlik, güclü iqtisadiyyat və qlobal çağırışlarla ayaqlaşan çevik xarici siyasət. Ulu Öndərin siyasət və dövlət adamı olaraq unikallığı həm də onda öz ifadəsini tapır ki, o, belə mürəkkəb bir tarixi situasiyada dövlətin qarşısında duran bir neçə çətin problemi eyni vaxtda həll etməyə müvəffəq oldu. Azərbaycanda qısa vaxt ərzində ictimai-siyasi sabitlik yaradıldı, qanunsuz silahlı birləşmələr ləğv edildi, vətəndaş müharibəsi təhlükəsi üçün mövcud ola şərtlər aradan qaldırıldı, milli birliyin təmin olunması hədəfinə istiqamətlənmiş azərbaycançılıq ideologiyası ümummilli məfkurəyə çevrildi, müasir və güclü ordu quruculuğu üçün əsaslı təməllər formalaşdırıldı, yeni dövrün şərtlərinə uyğun iqtisadi münasibətlər sistemi yaradıldı. Qısa bir zaman dilimində Azərbaycan beynəlxalq münasibətlər sistemində sabit və dayanıqlı mövqe əldə etməyə müvəffəq oldu.

1994-cü ilin mayında imzalanmış atəşkəs sazişi ölkənin resurslarını qorumaq və inkişaf perspektivlərini müəyyənləşdirmək üçün zaman qazanmaq imkanı yaratdı. Ümummilli Lider qısa vaxt ərzində milli həmrəyliyin yaradılmasına nail olmaqla iqtisadiyyatın inkişafı, dövlətinin institusional əsaslarının formalaşdırılması istiqamətində fundamental islahatların həyata keçirilməsi istiqamətində önəmli addımların atılmasını təmin etdi.

O dövr üçün ən vacib məsələlərdən biri də heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin, sözün bütün mənalarında, müstəqil subyektinə çevrilməsinə müvəffəq olmaq idi. Lakin bunun üçün əvvəlki hakimiyyətlərdən miras qalmış və uzun müddətdir davam edən iqtisadi böhranı aradan qaldırmaq, əhalinin sosial rifahının ağırlaşmasının qarşısını almaq, dövlət orqanlarını normal fəaliyyəti üçün zəmin yaratmaq, bütün bunlarla paralel ordu quruculuğu prosesini həyata keçirmək tələb olunurdu. Məhz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, gələcəyə dair müdrik proqnozları, hadisələrin gedişini təhlil etmək bacarığı zamanında düzgün qərarların qəbul edilməsinə imkan yaratdı.

Vurğulanıb ki, Azərbaycan beynəlxalq münasibətlərin həqiqi müstəqil subyekti kimi məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra təsdiqləyə bildi. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” bu istiqamətdə atılmış tarixi əhəmiyyətli ilk addım kimi qiymətləndirilə bilər. Məhz bu sazişin imzalanması Azərbaycanın müstəqil iqtisadi münasibətlər qurmaq əzmini və iradəsini bütün dünyaya nümayiş etdirmiş oldu. Son dərəcə mürəkkəb və ziddiyyətli bir dövrdə ölkənin karbohidrogen ehtiyatlarının istismarını nəzərdə tutan bu sazişin Azərbaycanın maraqlarını maksimum dərəcədə təmin etməsi bir tərəfdən enerji resurslarının səmərəli istifadəsini təmin edirdisə, digər tərəfdən Azərbaycanın tamamilə müstəqil xarici siyasət yürütmək iradəsinin ifadəsi kimi qiymətləndirilirdi. Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanın bütün dünyaya iqtisadi tərəfdaşlarını, siyasi müttəfiqlərini müstəqil şəkildə müəyyən etməkdə israrlı olduğu mesajını verirdi.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbuldakı çıxışı zamanı bu dövrü belə səciyyələndirmişdi: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”. Dövlətimizin başçısının bu fikirləri Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu kifayət qədər aydın və müfəssəl ifadə edir.

Əlbəttə, indi bu hadisələrin üzərindən onilliklər keçdikdən sonra yuxarıda qeyd olunan məsələlərin qısa zamanda həlli bir çoxlarında sadə tarixi faktlar təəssüratı yarada bilər. Lakin ötən əsrin 90-cı illərinin ağırlığını görmüş, tarix və siyasət, xüsusilə qlobal güclərin əksər hallarda toqquşan iqtisadi və siyasi maraqları haqqında az-çox təsəvvürə malik hər kəsə aydındır ki, 30 il əvvəl bu mürəkkəb vəzifələrin həyata keçirilməsi yalnız çox gərgin zəhmət və qeyri-adi istedad sayəsində mümkün ola bilərdi.

Ulu öndə Heydər Əliyevin qurduğu milli dövlət modeli bizim bugünkü nailiyyətlərimizin əsasında dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin qurduğu bu modeli daha da təkmilləşdirərək, milli dövlətçilik strategiyasını davam etdirmək missiyasını uğurla yerinə yetirdi. Ümummilli lider Heydər Əliyev müdrikcəsinə dediyi bu fikirlərin arxasında nə qədər böyük bir həqiqət dayandığını bu gün hamımız çox aydın şəkildə görürük: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. Prezident İlham Əliyev bu müdrik kəlamı gerçəkliyə çevirən siyasi Lider kimi adını tarixə yazdı.

Məqalədə, həmçinin qeyd olunub ki, modern ideya və təşəbbüslərin iqtisadiyyatda, mədəniyyətdə, idmanda, bir sözlə, ölkənin həyatının bütün sahələrində uğurla tətbiqi, beynəlxalq münasibətlər sisteminə yeni baxış bucağından baxaraq regional maraqların konfiqurasiyasını dəqiq müəyyən etməsi, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edən ardıcıl siyasət Prezident İlham Əliyevin qurucu və islahatçı Lider kimi əsas uğurları sırasındadır. Lakin tarix Prezident İlham Əliyevə həm də müasir Azərbaycanda ölkənin ən mühüm milli problemi və strateji vəzifə sayılan Qarabağ məsələsini həll etmək missiyasını həvalə etmişdi. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsində bu çətin və şərəfli vəzifəni yerinə yetirməyə qadir yeganə Lider olduğun sübut etdi. Bütün regionun geosiyasi mənzərəsini dəyişən, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük hərbi-siyasi qələbəsi kimi qiymətləndirilən, Cənubi Qafqazda yeni təhlükəsizlik formatı yaradan bu Zəfər Prezident İlham Əliyevin şəxsiyyətinin, siyasi təfəkkürünün, strateji düşüncə tərzinin, lider müdrikliyinin miqyasını təsəvvür etməyə imkan verən indikatordur. Müharibənin nəticələri çox ciddi bir problemi həll etməklə bərabər milli təhlükəsizliklə bilavasitə bağlı olan, hərb meydanında qazanılmış qələbənin siyasi və iqtisadi müstəvidə davam etdirilməsi, yeni reallıqlar kontekstində meydana çıxa biləcək mümkün təhdidlərin neytrallaşdırılması kimi bir çox yeni vəzifələr meydana çıxarır. Məhz bu baxımdan, Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanda milli birliyin və həmrəyliyin yeni ideoloji formulu kimi qiymətləndirilməlidir.

Ərazi bütövlüyü, Qarabağın, Şuşanın işğaldan azad olunması bir vaxtlar hər bir azərbaycanlıya möcüzə kimi görünürdü. Prezident İlham Əliyev möcüzəni gerçəyə çevirib. Qarabağın azadlığı əqidəsindən dünyagörüşündən, sosial statusundan asılı olmayaraq bütün dünya azərbaycanlılarını birləşdirən ideoloji hədəf idi. Bu gün o hədəf təbii olaraq dəyişib, indi qarşımızda işğaldan azad olunmuş ərazilərdəki xarabalıqlar üzərində yeni bir həyatın inşa olunması, qələbəmizin siyasi və iqtisadi baxımdan davam etdirilməsi kimi mühüm vəzifələr dayanır. Prezident İlham Əliyev bizi bu hədəf uğrunda birləşdirməyə qadir yeganə tarixi şəxsiyyətdir. Onun görmək istədiyi Azərbaycan ümummilli lider Heydər Əliyevin, eyni zamanda elə bizim hamımızın da arzuladığı Azərbaycandır. Prezident İlham Əliyevi başqalarından fərqləndirən arzularımızdakı, xəyallarımızdakı Azərbaycanı qurmağın yolunu bilən siyasi lider olmasıdır. Başqa sözlə desək, Prezident İlham Əliyev indiki geosiyasi şərtlər, tarixi reallıqlar kontekstində elə Azərbaycan deməkdir. Onun strateji düşüncəsi, ideyaları, Azərbaycanın gələcəyinə dair baxışları postmüharibə dövründə bizi birləşdirən, ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modelini yeni inkişaf mərhələsinə çıxaran ideyalar sistemidir. Prezident İlham Əliyev xalqımızın yaddaşındakı 30 illik möcüzəni gerçəkləşdirməklə həm də yeni tarixi şəraitdə bizi birləşdirən dəyərə çevrilib. Yeni dövrdə bizim ideologiyamız da elə bu olmalıdır: nəyi, necə və nə vaxt etmək lazım olduğunu hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin görmək istədiyi Azərbaycan.