19 may 2021 20:45
2655

Zəfərin mübarək, Azərbaycanım!

Koroğlunun Cəngisi, Qıratın üzəngisi...

Bizim Vətən məhəbbətimiz böyükdür,  ürəyimizdən nur kimi axır Vətən məhəbbəti. Vətən bizim vuran ürəyimizdir, görən gözümüzdür, aldığımız nəfəsdir, udduğumuz havadır. Adına minlərlə nəğmələr qoşduğumuz anamızdır, dilimizdən düşməyən əzbər sözümüzdür, Vətən bizim özümüzdür. Ruhumuza, qanımıza hopub Vətən sevgimiz.

Bizim Vətən dərdimiz də böyükdür. İki yüz ildir Vətənimizin  başı qaldadır. Bu iki yüz ildə Vətənin acısını neçə fəsillər, neçə nəsillər çəkib.

30 illik bir zaman kəsiyində Qarabağımız dərdli idi, fikirli idi. Qarabağımızın üstünə qara gün çökmüşdü. İllərcə belə miskin, belə küskün Qarabağımızı düşündükcə könlümüz qan ağlayırdı, ürəyimizi dərd dağlayırdı. Elə torpağımız da için – için ağlayırdı. İllərin üst – üstə yığılıb qalmış kədəri – qəmi Qarabağ torpaqlarımızı ağladırdı.

Vətən eşqi ilə doğulan, namusu ana torpaq, qeyrəti ana Vətən olan igid oğullarımızın dönməzliyi, sücaəti sayəsində Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Zəfərin mübarək, Azərbaycan Ordusu!

Cəmi 44 günlük savaşdan sonra həsrətin yuxusu dağıldı, aydınlığa çıxdın, ana torpaq! Qarabağın hər qarışı canlı tarixdir. Bu torpağın bağrına nə qədər acı göz yaşı, nə qədər şəhid qanı qarışıb, kim bilir, ilahi?!  Heyif sənə, barlı bağlar, quşların da dönməz, ağlar... Qanla suvarılmış o torpaqdan Xarıbülbül boynu bükülü qalmışdı, dərin düşüncələrə dalmışdı. Ona qanad verən yarpaq da, kök atdığı torpaq da göyüm- göyüm göynəyirdi. Qarabağ torpağında uçan quşlar da qərib düşmüşdü, perik düşmüşdü. Deyirlər, quşlar məzarlıqlara qonmaz, qəbirlərin üzərindən uçmazlar. Oradakı ağaclarda yuva qurmazlar.  Amma bu gün Qarabağın dağı, daşı da bu quşlara yuvadır, suyu, havası da dərmandır. Çünki bu torpağın rəngi, iyi də, hər budağın çiçəyi də, hər çiçəyin ləçəyi də doğmadır. Perik düşən quşlar da doğma yuvasına qayıdır, yurdun səmasında dövrə vurub, səs – səsə verir, yurd nəğməsini oxuyur. Bizim elli durnaların  da yurd nəğməsi yurd, məkan duyğusundan doğulur. Şair sözü sözə söykəkdir:

“Bu durnalar payıza
Haramdan köç eylədi?
Dimdiyində qərib səs,
Yaramdan köç eylədi”

... Bizim yerlərin güllü – çiçəkli ilk baharı qayıdıb gəldi. Xarıbülbül görününcə elimizə yaz gəldi, bahar gəldi. Şuşadan Bakıya xoş xəbər gəldi. Qələbə müjdəli, quş qanadlı bir xəbər. Bir vaxtlar işğal olunmuş torpaqlarımızda tənha, qərib görünən xarıbülbül, köksünə Azərbaycan əsgərinin nəfəsi dəydikcə möcüzəli bir aləm kimi açılır. Harda xarıbülbül varsa, ora Azərbaycan torpağıdır, ora cənnətməkandır. Harda xarıbülbül varsa, ora gözəlliklər məskənidir – güllər, günəş rəngli çöllər, çəmənlər... Gül – çiçəkdən çələng toxunmuş nəhrdir, özü boyda sirdir, sehrdir.

Mən Şuşanı görməmişəm, amma nəvaxtsa oxumuşdum ki, Şuşanın göyləri də şüşə kimi şəffaf olduğu üçün bəlkə də bu gözəl şəhərin adını Şuşa qoymuşlar?!  O gün Qarabağdan çəkilmiş bir şəkilə baxırdım. Baxmalı, duymalı şəkil idi.  Orada nar ağacları da qırmızı – qırmızı güllər açmışdı. Nar gülü, nar çiçəyi... Hər gülü, hər çiçəyi, hər çiçəyinin göyçəy Vətən qoxuyan Qarabağ! Hər dağı, hər daşı, hər qayası “Qarabağ şikəstəsi” oxuyan Qarabağ!!! Yaz gələndə ağ düman bürüyür dərəni, dağı, sonra da meh vurub uçurdur o ağ düvağı.  Qövsi – qüzeh göy üzündə görünəndə, Şuşada çəmənlər narın yağış damcılarında çiməndə qönçə güllər açılır, Cıdır düzünə min bir ətir saçılır.

Beləcə, könül oxşayan, könül xoşlayan xarıbülbülümüz dillərdə əzbərə dönür. Xarıbülbülün şəklini indi ürəyimizin başında gəzdiririk. Torpaqlarımızı azad edən əsgərlərimizin hər birinin əlindən, telindən öpürəm! Əsgərlərimizin igidliyi ilə öyünürük, qürurumuz çoxalır. Onların igidliyi qarşısında baş əyirik.

Müharibədən sonra, müzəffər ordumuzun Qələbəsindən ruhlanaraq, müharibə mövzusunda daha çox yazmağa meyl göstərdim. Oğulluq borclarını səngərlərdə yerinə yetirən igid əsgərlərimiz sinələrini düşmən gülləsinə sipər edib, özləri səngərə döndülər. İndi şeirlərimin hər misrasından, yazılarımın hər sətrindən Vətən ətri gəlir. Bu yazını yazdıqca şəhidlərimizi xatırlayıram. Onları düşünüb yazıram. Son aylarda Vətən yolunda canından keçən  şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsinin iştirakçılarına, vətənpərvər gənclərimizə həsr olunmuş xeyli şeir və məqalələr yazdım. Şəhidlərimiz və qazilərimiz haqqında hər dəfə bir sətir, bir misra yazana kimi min dəfə ölüb dirilmişəm. O yazıları yazdıqca şairin  bu misraları beynimi məşğul edirdi:     

Son damla qanına söykən,
Möhkəm ol, möhkəm ol, möhkəm!..

Qanlı döyüşlərin içindən keçib gəlmiş igid oğullarımızla görüşüb söhbət edərkən, onların dili ilə müharibə səhnələrini canlandırmaq üçün savaşın real mənzərəsini əks etdirən zəngin fakt materialları toplayırdım. Bu müşahidə materiallarının əsasında, hazırda İkinci Qarabağ müharibəsindən  bəhs edən iri həcmli bir əsər yazmağı düşünürəm. Qəhrəmanlarımızın müharibənin dəhşətli günlərindəki döyüş səhnələrini təbii və inandırıcı əks etdirməyə çalışacağam . Zaman- zaman şairlərimiz Şuşanın şəninə bir – birindən gözəl şeirlər yazıblar. İnanıram ki, hələ Qarabağımızın şəninə daha  hərarətli şeirlər yazılacaq, daha məlahətli nəğmələr oxunacaq. Çünki Qarabağ Vətənimizin döyünən ürəyi, oxuyan qəlbidir. Bu müqəddəs torpaq muğamlarımızın şirin zəngulələrindən, musiqiçilərimizin gözəl avazından doğulmuşdur.

Xalqın  öz torpağı uğrunda müharibələri, düşmənlə ölüm – dirim savaşları onun millət kimi böyüklüyüdür, mənəvi ucalığıdır. Mənəviyyatı uca olmayan bir millət deyil.

Tarixən düşmənsiz yaşamaq kişilik sayılmadığı kimi, millətimiz də öz düşməninə qarşı həmişə barışmaz olmuşdur. Həmişə Azərbaycanın dostları çoxaldıqca düşmənləri də baş qaldırır. Amma başı bədəninə ağırlıq edən düşməni müzəffər ordumuz iti qovan kimi əzəli - əbədi torpaqlarımızdan qovdu.

Canımız qədər sevdiyimiz Qarabağımızın düşmən tapdağı altında qalması hamımıza ürək ağrısı gətirmişdi. Şükür, Yaradanın böyüklüyünə! Qarabağımızın yazı gəldi, xarıbülbülün ətri yenidən duyuldu. Qisas qiyamətə qalmadı, qısas qanla yuyuldu. Qəsbkar işğalına məruz qalmış torpaqlarımızı azad etmək yolunda neçə - neçə şəhid verdik.  Qarabağın işğal olunduğu illərdən bəri dünyaya gələn Azərbaycan övladlarının bir çoxunun taleyinə şəhidlik zirvəsinə ucalmaq, Uca Yaradan tərəfindən yazılıbmış. Bu, Koroğlu nərəli mərd əsgərlərin, Vətən üçün, torpaq üçün doğulanların taleyinə yazılmış, şəhidlikdən doğan bəxtiyarlıq imiş. Onları düşündükcə sədası qulağımdan getməyən “Koroğlu cəngisi” ruhumu tərpədir.

Qarabağda  oyur – oyur oynayan Qarabağ atları kişnəyə, bu növrağı dəyişmərəm heç nəyə. Yenə də şair sözünə qüvvət:

Açım Koroğlunun ürəyini mən,
Qıratı, Düratı boşlayım getsin.
Sürək yağıların alnının üstdən,
Sürək, savaşımız, qovğamız bitsin.

Qarabağ torpağı – gözəl Qarabağ atlarının oylağı. Hər birimizin ürəyində yaşayan göycə - göycə Qarabağ yaylağı. Gözəl Vətənimizin döyünən ürəyi. Qarabağ torpağı “Qarabağ şikəstəsi”nin harayıdır, Xanın səsidir, Qədirin sədasıdır, əsrlədrən -  əsrlərə çatasıdır.

Erməni  vəhşilikləri ürəyimizdəki Vətən eşqini heç zaman söndürə bilməz. Vətən dedikdə neçə - neçə müqəddəs yerlərimiz göz önünə gəlir. Vətən hissi  qəlbimi riqqətə gətirdikcə, duyğularım ürəyimi coşdurduqca Vətən eşqi ilə yazdığım bu şeirimi oxuculara ərmağan edirəm:

Elə keçib gedək ipək yolları,
Vüsala qovuşsun həsrət qolları.
Torpağa can verək, öpək yolları,
Can qurbandı bu torpağa, ay Vətən

Torpaq dilə gəldi, daş dilə gəldi,
Yuvası dağılan quş dilə gəldi.
Nə qədər gözlərdə yaş dilə gəldi,
Kimdi baxan ağlamağa, ay Vətən?!

Açdı ağ çiçəklər... al qana döndü,
Ağ atlı oğlanlar aslana döndü.
Şəhidlər ölmədi, dastana döndü,
Dastan sığmaz min varağa, ay Vətən!

Anam Qarabağın hər qarışında
Yuyular qanımız yaz yağışında.
Torpağın qoynunda, yer ağuşunda
Ahın getdi çox uzağa, ay Vətən!

Mən heyranam şəhid verən millətə,
Uca Tanrım, bunca dözdük zillətə...
Şəhidlərdə qeyrətə bax, qeyrətə,
And içiblər bu bayrağa, ay Vətən!

Mələklər üz – üzə şeytanla, şərlə,
Heç barışmam bu biganə bəşərlə.
Hərlə, qoca tarix, çarxını hərlə,
Qayıdırıq Qarabağa, ay Vətən!

Bu gün dünyanın hər yerindən gözəl Qarabağın, Şuşanın sorağı gəlir. Ağlaya – ağlaya sevinən analarımızın da dilinin əzbəridir Qarabağ. İndi yollarımız Cıdır düzünə baş alıb gedir. Çox çəkməz ki, Qarabağ atları Şuşanın dağlarında kişnəyər. Cıdırda hamını mat qoyan, heyran yerişli -  ceyran yerişli, gümüş üzəngili, Koroğlu Cəngili Qarabağ atları... İndi könlümüzdən ucalan diləklər kimi, Cıdır düzündən Cəngi havaları ucalır.

 Səni yağılar əlindən alandan arzularımız ürəyimizdə sərhədsiz olub, gözəl Şuşam! Bu gün ürəyimizdən zirvəli dağlar dikəlir. Uca dağlar, qoca dağlar, qocaman dağlar... Necə də könül oxşayandır Qarabağ torpağının üstündəki yamyaşıl meşələr, bu dağların qoynundakı kol dibindən boylanan nərgizlər, bənövşələr...

Sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadə çox gözəl yazıb:

Kimsənin torpağında
Gözüm yox, bilsin aləm.
Torpağımdan bir çərək
Kimsəyə də vermərəm.
Mən bir qədim mahnıyam,
Xallarım əlvan - əlvan.
Musiqim Qarabağdır,
Sözlərimsə Naxçıvan.
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi,
Qıratın üzəngisi!..

Bəli, Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalının bərpa edilməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdir. Mətbuatda bu haqda hər gün yazılır. Qeyd olunur ki,  dillərdə dastana, əfsanəyə dönən xarıbülbül gülü Şuşanın rəmzi və təbiətin möcüzəsidir. Xarıbülbül gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman xarıbülbülün seyrinə çıxıb. Bu gülün şöhrəti dünyaya o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz rəngarəng ifaları ilə bəzəyiblər.  Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsusi yer alıb.

"Xarıbülbül" Beynəlxalq festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında dünyanın ayrı - ayrı ölkələrindən gələn nümayəndələrin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu. Builki “Xarıbülbül” musiqi festivalı da həmin ənənin davamı kimi tarixə yazıldı.

Rəsmi sənədlərdən bildiyimiz kimi, daha  bundan sonra hər il noyabrın 8-i də   ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Xalqımız 30 il idi ki, bu günü böyük səbirsizliklə gözləyirdi. 1993-cü ilin ikinci yarısından başlayaraq, addım-addım bu günə yaxınlaşmışıq. Ancaq dünyada  baş alıb gedən ədalətsizlik, ikili standartlar, islamofobiya kimi maneələr vardı. Ölkəmizdə həyata keçirilən qətiyyətli, cəsarətli, düşünülmüş daxili və xarici siyasət sayəsində, nəhayət, bu maneələr tədricən dəf edildi. Ötən il  noyabrın 10 - da  ölkəmizə qarşı uzun illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyuldu. Məkrli və mənfur ermənilərin tapdağı altında qalmış torpaqlarımız  işğaldan azad edildi.

Müzəffər ordumuzun tarixi Qələbəsi qəlbimizi dağa döndərdi. Dövlət başçımızın 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Zəfər Günün mübarək, doğma Azərbaycanım!

Həzi Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şair – publisist, Prezident təqaüdçüsü.