“İki sahil”in çəkiliş qrupu olaraq Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfərimiz çərçivəsində bir çox tarixi abidələrlə zəngin məşhur Tuğ kəndinə getdik. Vaxtımız az olsa da ən azından bu yerlərə gəlmişkən kənddəki 125 illik məktəbi, Dizaq məlikliyinin saray kompleksini və Müqəddəs İohan kilisəsini görmək çox maraqlı idi. Hadrutdan Tuğa doğru yol aldıqca təbiət daha da yaşıllaşır, aşırımlı yollar həyəcanımızı daha da artırırdı. Bir neçə aşırımı döndükdən sonra qarşıda, dağın yamacında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, sıx meşələrin arasında tarixlə “qaynayan” qədim Tuğun füsünkar məzərəsi görünür.
Kəndə daxil oluruq, tam sakitlik hökm sürür, yalnız müxtəlif quşların avazı pozur sükutu. Səssizlik olsa da Tuğun hər tərəfində bir rahatlıq, bir sevinc var. Sanki torpaq da, təbiət də bilir düşməndən azad olunduğunu. Burada da şanlı Vətən müharibəsinin, eləcə də erməni vandallığının izləri var. Hadrut kimi Tuğu da ermənilər son anda tərk ediblər, gedərkən isə talançılıq əməllərinə sadiq qalıblar. Kəndin mərkəzində, 125 illik yaşı olan məktəb binasının yanındakı meydanda avtomobili saxlayıb Tuğa ayaq basırıq.
Arayış
Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan qurtularaq azadlığına qovuşub. Tarixi mənbələrə görə, türk dilində tuğ uc hissəsinə at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ etnotoponimi isə məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə mədəniyyət evi, kitabxana, xəstəxana və sair fəaliyyət göstərib. Həmçinin üç Alban xristian məbədi də burada yerləşir. Bunlar Müqəddəs İohann (Müqəddəs Ovanes), Müqəddəs Stepanos və Anapat kilsələridir.
Vaxtımız az olduğu üçün yubanmadan yuxarı qalxıb məktəbin həyətinə gedirik. Üç əsrə şahidlik edən bu binaya ilk baxışdan bilinir ki, ermənilərin vəhşiliyinə məruz qalmasa yolu hazırda istifadəyə yararlı olacaqdı. Lakin 30 illk işğal müddətində ermənilər məktəbi dağıdaraq viran qoyublar.
Dizaq məliklərinin sarayı
Tuğun mərkəzindəki sakit guşədə bir neçə qədim tikilinin qalıqları yerləşir ki, bunlardan biri də alban Həsən Cəlalın nəslindən olan Dizaq məlikliyinin saray kompleksinin qalıqlarıdır. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Kompleksin uzunluğu 38, eni 13 metrdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları var. Kiçik dəyişikliklərə baxmayaraq, məlikliyin sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə qədər gəlib çata bilib. Düzbucaqlı həyətin qərb tərəfində yaxşı yonulmuş daşlarla üzlənmiş fasad və sütunlu eyvana malik tikili var. İkinci mərtəbənin otaqları sonradan tikilib və plan xüsusiyyətlərinə görə Tuğun ənənəvi evlərini xatırladır. Yuxarıda qeyd etdiyimiz 125 illik tarixi məktəbin binası da kompleksin tikililərinə aiddir.
Müqəddəs İohann kilsəsi
Kompleksin yaxınlığında isə XII-XIII əsrə aid olan Müqəddəs İohann kilsəsi yerləşir. Tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Kilsə Alban-Udi Xristian Dini İcmasına tabedir. Bu qədim alban abidəsi sovet dövründə klub kimi fəaliyyət göstərib, 30 illik işğal ərzində isə bərpa edilərək erməni kilsəsi kimi istifadə olunub. Təmir zamanı kilsənin daş damı dəmir örtüklə əvəzlənib və konstruksiyaya zəng qülləsi əlavə edilib. Ermənilər buranı özünküləşdirmək üçün kilisəyə üzərində erməni əlifbası ilə yazıları olan daşlar gətiriblər.
Tuğun məşhurları
Tuğ kəndi bir necə tanınmış şəxsiyyətlər, dövlət xadimləri yetişdirib. Onlardan biri də dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik Aslanovdur. O, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yollar, poçt və telegraf naziri nolub. Həmçinin, Azərbaycanın ilk iqtisadçı alimlərindən biri Zülqədər Həsən oğlu Cahangirov, AXC-nin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru Cavad bəy Məlikyeqanov da sözügedən kəndin yetirmələridir.
Şərabçılıq mərkəzi
Tuğ və eləcə də Hadrut tarixən şərabçılıq mədəniyyəti ilə seçilib. Bu yerlərin şərabı nəinki SSRİ-də, bütün dünyada məşhur olub. Bu yerlərdə məşhur olan “Xindoqni” üzüm növündən hazırlanan şərablar dadına və keyfiyyətinə görə xüsusi seçilirdi. Sovet dövründə “Azərbaycan malı” adı altında “Xindoqni” üzüm növündən hazırlanan “Hadrut”, “Xindoqnı” şərabları bütün dünyaya ixrac olunurdu.
Tuğda hələ gəziləsi, görüləsi yerlər çox idi, lakin güclü leysan yağış çəkilişlərə mane olduğu üçün digər abidələri ziyarət etmədən Bakıya qayıtmağa məcbur olduq.
Taleh Bağırov,
Orxan Vahidoğlu,
Samir Paşayev (foto/video), “İki sahil”