Azərbaycan, xüsusilə də onun paytaxtı Bakı yenidən dünyanın diqqət mərkəzinə gəlib. Əksər dövlətlərin koronavirus pandemiyasının problemləri qarşısında aciz qaldığı, vaksin çatışmazlığından əziyyət çəkdiyi bir zamanda artıq uğurla postpandemiya dövrünə keçid etməkdə olan ölkəmizdə ard-arda mötəbər idman yarışları keçirilməkdədir. İyunun 4-də sınaq və sıralama yürüşləri ilə startı verilən Formula 1 Azərbaycan Qran-Prisi yekunlaşandan az sonra Bakı daha bir ciddi yarışa – futbol üzrə Avropa çempionatının 3 qrup və bir ¼ final oyununa ev sahibliyi edəcək. Bəs şəhərimizin sakinləri bu yarışlar haqqında nə düşünürlər?
Murad Abuzərli – peşəkar idmançı:

İnşallah, bu yarışları da həmişəki kimi yüksək səviyyədə təşkil edəcəyik və Azərbaycan dünyada daha da tanınacaq. Əslində, Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün davam edən və möhtəşəm Qələbəmizlə yekunlaşan İkinci Qarabağ müharibəsi nəticəsində necə güclü ölkə olduğumuzu artıq bütün dünyaya göstərmişik.
Yavər Mehdiyev – fizik:

Bu yarışlar dünya səviyyəli mötəbər yarışlardır. Ölkəmizin belə yarışları keçirə bilmək üçün həm iqtisadi imkanı, həm də təcrübəsi var. Bu tədbirlərin iqtisadi xeyri haqqında məlumatlı olmasam da, Azərbaycanın dünya miqyasında daha çox tanınmasına xidmət etdiyinə əminəm. Formula 1 yarışlarını, futbol üzrə Avropa çempionatını əksər ölkələrdə yüz milyonlarla insan izləyir. Paytaxtımıza çoxlu sayda azarkeşlər, turistlər gəlir. Odur ki, mən belə tədbirləri çox əhəmiyyətli hesab edirəm.
Kəmalə Ramazanova – kosmetoloq:

Münasibətim çox müsbətdir. Azərbaycanın adına çox yaxşıdır. Mən tez-tez başqa ölkələrdə oluram. Belə tədbirlər keçiriləndə o ölkələrdə Azərbaycanla daha çox maraqlanırlar. Həm idman yarışı, həm də şəhərimiz haqqında məlumat alırlar, gəlmək istədiklərini bildirirlər.
Həmid Muradov – nəqliyyat agenti:

Bu kimi mötəbər tədbirlərin keçirilməsini çox vacib hesab edirəm. Formula 1 də, futbol da bütün dünyanın maraqla izlədiyi yarışlardır. Düzdür, bu yarışlar şəhər nəqliyyatının hərəkətində, sərnişindaşımada müəyyən çətinliklər yaratsa da, nəzərə almalıyıq ki, ölkəmizə pandemiya səbəbindən azalmış turist axınının bərpa edilməsi baxımından çox mühümdür.
Rəna Cumayeva – tələbə:

Belə beynəlxalq yarışlar Azərbaycanın həm idman ölkəsi kimi, həm də mədəniyyətimizin tanınması baxımından əhəmiyyətlidir. Üstəlik, bu kimi tədbirlər gənc nəsildə idmana marağı da artırır, gəncləri idmanla məşğul olmağa həvəsləndirir.
Mahir Rəsuloğlu,
Samir Paşayev (foto)