11 iyun 2021 19:57
1716

Kənddən şəhərə məhsullar: Alan da, satan da razıdırmı? - ÖZƏL REPORTAJ

İyunun 10-11-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” yarmarkaları təşkil olunub. Satış yarmarkaları Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutub.

“İki sahil TV” olaraq 3 aylıq fasilədən sonra təşkil olunmuş mövsümün ilk  yarmarkasının Nərimanov rayonunda yerləşən  (“Gənclik” metro stansiyasının çıxışında) filialındakı  vəziyyətlə tanış olduq.

Müşahidələrimiz göstərdi ki,  yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilib. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələn vətəndaşlar hərarətləri ölçüldükdən sonra yarmarka ərazisinə buraxılıb. Həmçinin yarmarkanın keçirildiyi müddətdə təşkilatçı qurum tərəfindən ərazidə mütəmadi olaraq dezinfeksiya işləri aparılıb və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunub.

Daha sonra isə “Aqrar Tədarük və Təchizat” ASC-nin departament direktoru Rəşad Kərimov “Kənddən-Şəhərə” yarmarkası  haqqında daha ətraflı məlumat  verdi: “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC  tərəfindən təşkil edilən ənənəvi “Kənddən-Şəhərə” yarmarkaları  iyunun 10-dan etibarən fəaliyyətə başlayıb. Pandemiya dövründə ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətlə əlaqədar olaraq yarmarkalarımız öncəki dövrlərlə müqayisədə həftənin cümə axşamı və cümə günü keçirilir.  Yarmarkalarımızda respublikamızın müxtəlif bölgələrindən ümumilikdə 80-dən çox fermerin  iştirakı təmin olunub.”

Müsahibimiz vurğuladı ki, qeydiyyatdan keçən fermerlər heç bir iştirak haqqı ödəmədən öz məhsullarını satışa çıxarıblar: “Eyni zamanda, fermerlərimiz lazımi ləvazimatlar və ticarət avadanlıqları ilə pulsuz təmin olunublar.  Bu da  bilavasitə fermerlərin təyin etmiş olduğu qiymətlərə öz müsbət təsirini göstərib. Belə ki, yarmarkalarda satışa çıxarılan məhsulların qiymətləri pərakəndə satış bazarları ilə müqayisədə kifayət qədər aşağıdır. Bu da  paytaxt sakinlərinə əlverişli qiymətə  daha  keyfiyyətli məhsul almağa şərait yaradır.”

Həmsöhbətimiz əlavə etdi ki, yarmarkalarda  Nazirlər Kabineti yanında Operativ Qərargahın qapalı ticarət obyektlərində tətbiq etdiyi qaydalara həm fermerlər, həm də alıcılar tərəfindən riayət olunmasına tam  şəkildə nəzarət edilir. Yarmarkaların təşkili zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə müştərək əməkdaşlıq edirik. Hər bir yarmarkada səyyar laboratoriyalar və inspektorlar fəaliyyət göstərirlər. Hər bir yarmarkanın sonunda fəaliyyətin qiymətləndirilməsi ilə bağlı sorğular aparırıq  və nəticələrə əsasən əhalinin 80 faizi yarmarkaların fəaliyyətindən razıdırlar.

Maraqlıdır, ənənədən fərqli olaraq, bu dəfə həftə içi təşkil olunan “Kənddən-Şəhərə” yarmarkalarındakı qiymətlər  necədir və alıcıların büdcəsi üçün sərfəlidirmi? Necə deyərlər, alan da, satan da razıdırmı?

Cəfər Hümbətov adlı alıcı bildirdi ki, pomidor və xiyar alır: “Gündəlik tələbata uyğun olaraq  2 kiloqram götürəcəyəm. Məhsula baxanda qiyməti də qaneedicidir. Keyfiyyətini isə daddıqdan sonra biləcəyəm.”

Gülyetər Musayevə isə yarmarkadan qarğıdalı, badımcan və bibər alıb:”Qiymətlər isə münasibdir. Bibər 50 qəpik, qarğıdalının isə 7 dənəsi bir manat idi. Badımcanın isə 3 kiloqramı 1 manat idi.  Satıcılara dedikdə qiymətlərdə endirim də olur. Məhsulların qiymətindən də razıyam. İlk dəfə idi ki, gəlirdim.  İnşallah ki, bundan sonra da  gələrəm. “

Ruhiyyə Səmədova yarmarkadan əlidolu və məmnun qayıdır: “Pomidor, alça, bibər və pendir aldım. Məhsulların hamısını eyni piştaxtadan seçdim. Keçən dəfə yarmarkada oldum çox razı qaldım, ona görə də təkrar gəldim. Qiymətlər ucuzdur, gəlməyə dəyər. Yenə nə zaman təşkil olunarsa,  yaşadığım ünvana yaxın ərazidə yerləşən filialına yaxınlaşacağam.”

Alıcı İvan Ramanovski isə bu cür yarmarkaların təşkilinə görə hökumətə təşəkkür  etdi: “Belə əlverişli və rahat satış bazarı yaradıblar. Vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Həm də qiymətlər çox münasibdir.”

Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına tələbatlarını yerli  və sağlam məhsulla qarşılamaq,  eyni zamanda, fermerlər üçün alternativ satış kanalının təşkil edilməsidir. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə axşamı  və cümə günlərində keçirilib.

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən öz təsərrüfatlarında yetişdirilib. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutub.  

Xatırladaq ki, yarmarkalarda iştirak fermerlər üçün ödənişsizdir.  Piştaxta, tərəzi, uniformalar, dezinfeksiya məhsulları,  tibbi maska və əlcəklər  fermerlərə ödənişsiz təqdim olunub. Satışa çıxarılan məhsulların qiymətini isə fermerlər özləri təyin edirlər.

Bəs fermerlər necə, yay mövsümünün ilk yarmarkasındakı alıcılıq qabiliyyətdən razıdırlarmı?

Yeganə Muradova bildirdi ki, alıcılıq ürəyimiz istəyən kimi olmasa da, yaxşıdır. Müştərilər yavaş-yavaş gəlirlər. İsmayıllı və Lahıc balıdır,300 kiloqram məhsul gətirmişdim, 15 kiloqramı satıldı. Balın qiyməti 20-30 manat arasında dəyişir. Müştərlərin istəyinə uyğun olaraq qiymətlərdə güzəşt də edirik. Adi günlərdə isə bu qiymət 50-60 manat olur. Çalışırıq ki, alıcıları razı salaq.

Natiq Bayramov: “Daşkəsən rayonunun Qabaqtəpə kəndindən gəlmişəm. Hər şey yaxşıdır. Sağ olsunlar ki, məhsullarımızı satmaq üçün bu cür şərait yaradıblar. Hətta olur ki, yollarda  maşında hər hansı nasazlıq olur, o zaman bizi  pulsuz  nəqliyyat vasitəsi ilə təmin edirlər. 50 kiloqram süzmə, 50 kiloqram pendir, 15 kiloqram yağ, 15 dənə  çolpa gətirmişdim, demək olar ki, yarından çoxunu satmışam. Alıcılıq qabiliyyətindən çox razıyam.  Keçi pendiri 6 manata, camış pendiri 5,50 qəpiyədir, qoyun pendiri 6 manata, mal pendiri  5 manata, yağ isə 10 manatadır. Məsələn, keçi pendirini  adi vaxtı  9-10 manata satırıqsa, yarmarkada  6 manata təklif edirik. Müştərilər daha aşağı qiymət təklif etdikdə də razılaşırıq.

Səbuhi Məlikov isə yarmarkaya Kürdəmirdən ət məhsulu gətirib: “150 kiloqram məhsul gətirmişdim, onun 70 kiloqramını satmışam. Alıcılıq qabiliyyəti qane edir. Mal ətini 9, quzu  ətini isə 11 manata satıram.”

İlkin Məmmədli isə şəhərimizə Tərtər rayonunun Ələsgərli kəndindən  bolluca mövsüm meyvələri gətirib: “Burada öz məhsullarımızı çox rahat şəkildə satırıq. Ərik, şaftalı, göycə alça və digər meyvələr münasib qiymətlə paytaxt sakinlərinə təklif edirik. Göycə 1.50 qəpik, şaftalı 2 manat, ərik 4 manat, gavalı 1, 50 qəpikdir. 150 kiloqram ərik , 200 kiloqram göyçə,  gavalı tam dəymədiyi üçün 50-60 kiloqram gətirmişdik.  Alıcılıq qabiliyyəti normaldır. Hazırda ən çox tələbat isə göycəyə, əriyə, şaftalıya və tutadır.

Sonda qeyd edək ki, digər satış obyektləri ilə müqayisədə  alıcılara məhsulu daha ucuz və sərfəli qiymətə təklif edən yarmarkaların təşkili həm fermerlərin, həm də alıcıların ürəyincə idi.

Yaqut Ağaşahqızı,
Samir Paşayev, “İki sahil”