24 iyun 2021 09:11
689

"Legiya"nın baş məşqçisi: Mahir Emreli futbol oynamağı sevir

"Düşünürəm ki, Mahir Emreli ikinci hücumçunun yanında 3-5-2 sxemində daha yaxşı çıxış edir. Oyun vaxtı mənə yaxınlaşdı və nadir hallarda top ona gəldiyi üçün arxaya qayıda biləcəyini dedi".

“İki sahil” xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.

51 yaşlı mütəxəssis Varşava təmsilçisinin yeganə qolunu vuran 24 yaşlı hücumçu haqqında xoş ifadələr işlədib: "Mahir futbol oynamağı və görüşdə qol vəziyyətləri yaratmağı sevir. Amma əsas ön xətt oyunçumuz kimi geri çəkilsə, qabaqda heç kim qalmayacaq. Ondan daha öndə olan forvardla çıxış edə bilər. Bunun həll yollarını axtarmalıyıq. Emreli o zaman rahat oynayacaq. Düşünürəm ki, bu, ona daha çox qol vurmağa və yaxşı epizodlar yaratmağa köməklik edəcək".

Qeyd edək ki, "Legiya" daha əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə məğlub edib. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.