KÖŞƏ

Günel Eyyubova

Sabitlik olmayan yerdə...

29 noyabr 2022 01:35
10428

Ölkə başçısı İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bəyan etdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir” deyən Prezident İlham Əliyev qeyd etdi ki, indi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada siyasi sabitlik, tərəqqi, qlobal təşəbbüslər, güclü, dayanıqlı iqtisadiyyatı olan və tolerantlıq ölkəsi kimi tanınır. Yəni, Azərbaycan ona görə bu coğrafiyanın sabitlik məkanıdır ki, burada bütün xalqların nümayəndələri, konfessiyalar bir ailə kimi yaşayır, dini-milli zəmində heç bir ayrı-seçkilik mövcud deyil. Yeri gəlmişkən xatırladaq ki, dünya dövlətləri içərisində Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi sahəsində örnək sayılan respublikalardandır. Bu gün Azərbaycanda yüzdən artıq azsaylı xalq yaşayır. Ümumiyyətlə, Azərbaycan nəinki vətəndaşlarına münasibətdə tolerantlıq nümayiş etdirir, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Azərbaycan həmişə sülhün, əmin-amanlığın, dostluğun tərəfdarı olub.

Ölkə daxilində sabitlikdən danışarkən isə bildirməliyik ki, iqtisadi səmərəlilik, onun hesabına milli gəlirin artırılması, əhalinin daha yüksək həyat səviyyəsinin təmin edilməsi, vergilərin azaldılması və s. vacib siyasi arqumentlərdən biridir. Azərbaycan vətəndaşının rifah halının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi aparılan siyasətin ana xəttini təşkil edir.

Prezident İlham Əliyev hələ 2019-cu ildə Real televiziyasına müsahibəsində söyləmişdi ki, sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır: “Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın”.

Statistikaya nəzər yetirsək görərik ki, 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artması nəticəsində əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu sahədə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Sosial islahatların tərkib hissəsi olaraq Vətənimizin suverenliyi, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin qorunması, məişət problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələr xüsusilə qeyd edilməlidir.