Zahid Rza |
Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin başından yekə qələt edərək bu günlərdə özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin (ostanının) xəritəsini dərc etməsi, xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazması həyasızlığın və siyasi riyakarlığın pik nöqtəsidir. Siyasi avantürist O.Dekotini bu cür qara-qura əməli ilə demək istəyib ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir
Rəsmi Paris Azərbaycana qarşı qərəzli siyasətini hələ də davam etdirir. Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa Ermənistanı silahlandırmaqla, eləcə də militarist siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir, ardıcıl olaraq sülh üçün yaranmış imkanları məhdudlaşdırmağa çalışır.
Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olan Fransa zaman-zaman müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib. Danılmaz faktdır ki, Fransanın, bütövlükdə bəzi Qərb ölkələrinin öz geosiyasi maraqları naminə rəsmi İrəvan vasitəsilə Ermənistan və Azərbaycan arasında sülh prosesini əngəlləməsi Cənubi Qafqazda qarşıdurmanı gücləndirir, regionun təhlükəsizliyinə əsaslı təhdid yaradır. Ermənistanı uzun müddətdən bəri müxtəlif iddialar, bəhanələrlə sülh sazişindən yayınmağa sövq edən E.Makron hökumətində təmsil olunanlar heç də ondan geri qalmırlar. Bu ünsürlər zaman-zaman ölkəmizin haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirir, yandaş media vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Belə ki, erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornunun bir müddət əvvəl hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları bunun bariz nümunəsidir.
Rəsmi Paris davamlı olaraq ölkəmizi birtərəfli addımlarda tam əsassız şəkildə təqsirləndirərək Azərbaycanın COP29-a sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edib. Rəsmi Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Fransa xüsusilə son 3 il yarımda atdığı addımlarla Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.
Fransa Senatı dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Məhz E.Makronun yürütdüyü ikiüzlü, riyakar və neokolonialist siyasətin nəticəsində hazırda Fransada Azərbaycan əleyhinə zəhərli lobbiçilik fəaliyyəti pik nöqtəsinə çatıb.
Hazırda E.Makron hökuməti Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla regionda vəziyyəti gərginləşdirməyə xidmət edən siyasətini həyasızcasına davam etdirir. Bu günlərdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin(ostanının) xəritəsini dərc etməsi isə siyasi riyakarlığın pik nöqtəsidir. Ermənistan mətbuatında yer alan həmin paylaşımında Fransa səfiri xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazıb. Ermənidən daha çox ermənilik edən O.Dekotini bununla demək istəyib ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir. Şübhəsiz, Fransanın Ermənistandakı səfirinin bu mənəviyyatsız hərəkəti Bakı ilə İrəvan arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda Azərbaycana qarşı növbəti təxribat cəhdi kimi qiymətləndirilməlidir. Bu bir gerçəklikdir ki, öz suverenliyini tamamilə bərpa edən Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən Fransa Cənubi Qafqazla, eləcə də respublikamızla bağlı məkrli niyyətlərini Ermənistan kimi satellitlərinin vasitəsilə reallaşdırmağa çalışırlar.
Ancaq Yelisey Sarayı unutmamalıdır ki, bütün bunlar nə Fransaya, nə də E.Makronun havadarlıq etdiyi Ermənistana heç nə qazandırmayacaq.