17 iyul 2021 00:05
1655

"Neft Daşları" ən böyük nailiyyətimizdir

Bu sözlərin müəllifi, xatirələrdə yaşayan  akademik  Azad Mirzəcanzadənin yetirmələrinə tövsiyəsi bu idi: «Hamımız Azərbaycana borcluyuq.»

Azərbaycanı  beynəlxalq aləmdə  tanıdan, şan –şöhrət gətirən, iqtisadi-siyasi baxımdan mövqeyini möhkəmləndirən, müasir dövrümüzdə dünyanın enerji xəritəsini dəyişən ölkəmizin  neft sənayesinin inkişafından,  istehsal proseslərində  müasir texnologiyalardan istifadədən, elmi-texniki nailiyyətlərin tətbiqindən,   mütəxəssis və kadrların hazırlığından söz açılanda  bu sahədə   rolu və xidmətləri böyük olanlar arasında onun adı ilk sıralarda çəkilir: Azad Mirzəcanzadə.

Akademikin 75 illik yubileyi münasibətilə ulu öndər Heydər Əliyevin ona ünvanlanan təbrik məktubunda alimin əməyinə yüksək dəyər verilir: «  Siz  Azərbaycanın tətbiqi  mexanika və  neft- mədən  işləri sahəsində apardığınız araşdırmalar ilə  böyük nüfuz qazanmısınız. Neftin çıxarılmasında  texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı  məsələlər sizin tərəfinizdən fundamental elm səviyyəsində tətbiq olunmuşdur. Neft və qaz kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş əsərlərinizdə neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrin bir sıra aktual problemləri öz həllini tapmışdır ki,  bu da  neft yataqları istismarının səmərəliliyini xeyli artırmaq imkanı vermişdir. Elmi fəaliyyətinizdə neft və qaz çıxarılması  proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirməniz də təqdirəlayiqdir.»

Ulu Öndər tərəfindən xidmətləri  belə yüksək qiymətləndirilən  alim   haqqında  deyilən  xoş sözlər ömrünü neft sənayesinin tərəqqisinə həsr etmiş  ziyalı əməyinə verilən dəyərdir. Bu dəyərləndirmə isə yeganə deyildir.  Azərbaycanda neft sənayesinin  inkişafında misilsiz  xidmətləri ilə fərqlənən korifeylərdən olan SOCAR-ın  birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə həyatının mənasını  Azərbaycan elminin inkişafına həsr edən akademik Azad Mirzəcanzadənin kəşflərini yüksək qiymətləndirir. Onun  görkəmli elm xadimi Azad Mirzəcanzadə haqqındakı sözləri  alimin elmi axtarışlarına,  fəaliyyətinə verilən dəyərdir: « Bu gün neft daşları yatağının işlənməsinin səmərəli aparılması və böyük neftvermə əmsalına nail olunmasında akademik A.X.Mirzəcanzadənin böyük rolu və xidmətləri olmuşdur.» ( Alçin Şirinzadə. Xeyrulla Ağayev : « Əfsanəvi insan,  əfsanəvi şəhər» kitabından.)

Xoşbəxt müəllim həmkarı haqqında əlavə olaraq bildirir ki, akademik Azad Mirzəcanzadənin elm dühasının əsas hissəsini onun nəşr olunmuş  kitabları,  çoxaylı monoqrafiyaları təşkil edir ki,  bunların  əksəriyyəti Azərbaycanın neft və  qaz sənayesinin inkişafı ilə birbaşa bağlıdır. Adı qeyd olunan mənbədə  akademiklə bağlı müsahibəsində  Azad müəllimin elmi axtarışlarından bəhs edən Xoşbəxt Yusifzadə bildirir ki,   Azad Mirzəcanzadənin bilavasitə rəhərliyi altında qazma sahəsində, onun texnika və texnologiyasına aid olan  boru üçün prorektorun yeni konstruksiyasının işlənməsi, dərin quyularda baltanın kritik işlənmə müddətinin idarə olunması, dərinlik mühərriklər ( trobuborlar) sırası üçün sökülüb-yığıla bilən mərkəzləşdiricilər kompleksinin yaradılmasının elmi əsaslandırılması kimi məsələlərin işlənib hazırlanması Neft  Şirkətinin  aktual problemlərini tam əhatə edir ki, bu da akademik A.X.Mirzəcanzadə metodunun, məsələlərə nəinki qlobal miqyasda yanaşmanın, hətta onların diferensial şəkildə həllinə nail olmaq prinsiplərinin təzahürüdür.»

Neft və  qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarı əsaslarından bəhs edən tədqiqatlarını  neft sənayesinin  inkişafına həsr olunmuş 400-ə yaxın elmi əsərində toplayan,  50-dən atıq ixtira və patentin müəllifi kimi tanınan  alimin əsərlərinin hər biri elmi-metodiki vasitədir.  Azərbaycan elminə önəmli töhfələr verən,  «Mənim ən böyük arzum budur ki,  Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın»  söyləyən və   elmi fəaliyyəti ilə  istəyinə nail olan akademik dünyada  tanınan elm adamlarından idi.  Hələ kiçik yaşlarından  oxuma, yazma qabiliyyəti ilə diqqətçəkən,  vaxtından əvvəl imtahan verməklə  15 yaşında orta məktəbi bitirib Azərbaycan Sənaye İnstitutuna daxil olan Azad tələbəlik illərində də   yaşıdları arasında seçilir, öz taleyini neft sahəsi ilə  bağlayır, dağ mühəndisi ixtisasına yiyələnir. «Gil məhlulunun hidravlikasının elementləri» mövzusunda namizədlik,  «Özlü-plastik və  özlü mayelərin hidrodinamikası məsələləri» mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir. Cəmi 29 yaşı olan bir gəncin elmdə qazandığı  bu nailiyyətlər onun sonrakı yaradıcılığına geniş yol açır. Neft ədəbiyyatında ilk dəfə « mayelərin hidromexanikası» mövzusuna rast gəldiyini etiraf edən görkəmli sovet alimi, akademik Aleksey Antonoviç İlyuşinin « Mən bu işdən daha çox şey götürdüm,  nəinki Azad Xəliloviç məndən, öz məsləhətçisindən» sözləri müəllimin yetirməsinə  inamı hər gəncə nəsib olan xoşbəxtlik deyil.  Pedaqoq kimi çalışdığı Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) bacarıqlı mütəxəssislərin hazırlanmasında  böyük  xidmətləri olan Azad müəllim  Azərbaycanda qaz-kondensat yataqlarının işlənməsinin də ilk müəlliflərindəndir. Neftçıxarmada texnoloji proseslərin mexanikasının problemləri, xüsusilə mürəkkəb şəraitdə  quyuların işlənməsinin tətbiqində  hidrodinamikanın tətbiqi ilə məşğul olan Azad  Mirzəcanzadənin  təbiət elmlərinə,  musiqiyə, incəsənətə orijinal baxışları olub. Bir çox ölkədə «Mirzəcanzadə tənliyi», «Mirzəcanzadə modeli», «Mirzəcanzadə məktəbi», «Mirzəcanzadə  qanunu» ifadələrinin işlənməsi, alimin Beynəlxalq Şərq Neft Akademiyası kimi digər neft profilli bir neçə beynəlxalq təşkilarda təmsil olunması  uzun illər çəkilən zəhmətin bəhrəsidir.   Müsahibələrində «Belə hesab edirəm ki,  1949-cu ildə «Neft Daşları»nın açılması neft sənayemizin tarixində  ən böyük hadisədir, məhz ən böyük hadisə» söyləyən akademik fəaliyyətinin böyük  hissəsinin  «Neft Daşları» ilə bağlılığını bu sözləri ilə ifadə edir: «Neft Daşları» mənə gəncliyimi xatırladır. Buraya hər səfərim  məni cavanlığıma qaytarır, gənclik həvəsi, gənclik enerjisi ilə işləməyə ruhlandırır.»   Alimin baxışına görə  «Neft Daşları»  elmi ideyaların praktiki həllini tapdığı təcrübə məktəbi, istehsalat nəhəngidir. Əlavə olaraq bildirir ki, «Neft Daşları»  dənizüstü şəhər, bir möcüzə, Vətənimizin fəxri, Azərbaycanın gələcəyidir.  Neft sənayesinin inkişafını sürətləndirəcək ideyalarını, axtarışlarını paylaşmaqda xəsislik etməyən elm fədaisi kimi təcrübəsini bölüşən, bilik və bacarığını səxavətlə gənc mütəxəssislərə öyrədən Azad müəllimin beynəlxalq aləmdə tanınmasında   özünün də qeyd etdiyi kimi doğma evi saydığı  «Neft Daşları»nda  keçirdiyi illər, yaddaqalan axtarışlardır. « Neft Daşları»-dənizdə ilk neft mərkəzidir» söyləyən bu elm fədaisinin «Möcüzələr adasına»  bəxş etdiyi  «möcüzələri» çoxdur.  «Neft Daşları»nı  yüksək texniki intellektin və titanik əməyin təcəssümü adlandıran akademik bu möcüzələr şəhərini neftçi əməyinin unikal əsəri adlandırır. «Mənim ən böyük arzum budur ki,  Azərbaycan öz intellekti ilə  dünya bazarına çıxsın» söyləyən akademikin arzusu məhz «Neft Daşları»nın simasında gerçəkləşib. Ümman arzusunda olan bu  elm fədaisi üçün Xəzər bir damla misalı təsəvvürü yaratsa da, yaradıcılıq laboratoriyası baxımından  onun üçün dərya idi.

«Dahi fikir doğulanda başımın ağrısı kəsilir» sözləri ilə elmə bağlılığını bildirən  Azad Mirzəcanzadə pedaqoji fəaliyyəti ilə də  Vətənə  borcunu ödəmişdi. Gənclərin simasında  Azərbaycanın gələcək uğurlarını görən alim yüksək ixtisaslı kadrların hazırlanmasına  böyük diqqətlə yanaşmış,  iqtisadiyyatın müxtəlif sahələrində çalışan güclü  ziyalı, kadr  potensialının  formalaşmasında  öz sözünü demişdir. Azərbaycan Dövlət Universittienin nəzəri mexanika kafedrasının professoru, Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz yataqlarının işlənməsi və  istismarı  kafedrasının müdiri işləyən Azad müəllim orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı  dəyərli layihələrin müəllifi kimi də elmin inkişafına töhfələr vermişdir. Təhsili xəzinə hesab edən alim bu zinət dolu aləmi elmin qüdrəti ilə açmaq qabiliyyətini yetişdirdiyi davamçılarının simasında  gerçəkləşdirib. Azərbaycanda Ali Attestasiya Komissiyasına,  Dövlət  Elm və  Texnika Komitəsinə başçılıq edən akademik  elmi kadrların hazırlanmasında da  fəallıq göstərmişdir. Azad müəllimin 50 illiyi münasibətilə  ona ünvanlanmış təbrik məktubunu 100 elmlər doktorunun, 400 elmlər namizədinin imzalaması alimin əməyinə, pedaqoji fəaliyyətinə  verilən dəyər idi.

Fitri istedada malik, eyni zamanda həssas insan, psixoloq, fenomen biliyə, dərin zəkaya, geniş dünyagörüşünə malik alim humanistliyi, qayğıkeşliyi ilə də müasirləri arasında fərqlənmişdir. Klassik musiqiyə,  ədəbiyyata, incəsənətə  marağı Azərbaycan Dövlət   Dram Teatrında aktrisa işləyən anası Asya xanımdan öyrənən  Azad Mirzəcanzadənin uşaqlıq illərində dövrünün görkəmli mədəniyyət və incəsənət xadimləri ilə  görüşləri onda  elmə olduğu kimi incəsənətə  də həvəs oyatmışdır.  «Neft Daşları» ilə bağlı  gözəl müsiqilərin müəllifi Qara Qarayevin vurğunu olan alim haqqında deyilən « Azad müəllim,  siz neftimizin Qara Qarayevisiniz» sözlərində həqiqət vardır.

Azərbaycanda neft sənayesinin inkişafına önəmli töhfələr verən Azad Mirzəcanzadənin əməyi, göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.  Azərbaycan SSR-in Dövlət mükafatı laureatı,  Əməkdar elm  və texnika  xadimi, SSRİ-nin fəxri neftçisi, SSRİ EA-nın Qubkin adına mükafatına  layiq görülən alimin ən böyük təltifi iki dəfə aldığı «Qırmızı Əmək Bayrağı» və «İstiqlal» ordenləridir. Prezident İlham Əliyevin   Sərəncamı ilə Azərbaycanın görkəmli alimi,  Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü,  Əməkdar elm və  texnika xadimi, texnika elmləri doktoru, professor  Azad Mirzcanzadənin 90 illik yubileyinin keçirilməsi  alim əməyinə verilən dəyər idi. 2006-cı ilin 17 iyulunda haqq dünyasına qovuşan alimin xatirəsi həmişə onu tanıyanlar tərəfindən ehtiramla anılır.

Azərbaycan Dövlət  Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru, professor Arif Süleymanovun  dediklərindən:   Əvvəllər Azad müəllimi  atamın yaxın dostu  kimi tanıyırdım. Sonralar isə  onun tələbəsi oldum. Özünə,  tələbələrinə qarş çox tələbkar idi. Öz üzərində daim çalışdığı üçün kiminsə boş vaxt keçirməsini  qəbul etmirdi. Tələbələrlə daim ünsiyyətdə olardı. Həmkarlarına məsləhəti bu idi ki, özünüz hazırlıqlı olun ki, tələbələrin  suallarına cavab verə biləsiniz. Alim kimi 100-ə yaxın elmlər doktoru , 300-ə yaxın elmlər namizədi yetişdirmək hər  elm adamına nəsib olmur.  Azərbaycanı ürəyi hesab edən  Azad  müəllim bilirdi ki, yetişdirdiyi  mütəxəssislər gələcəkdə  dövlətimizin ziyalı potensialının bir fərdi kimi xalqına xidmət edəcək. O dövrdə   başqalarından fərqli olaraq Azad müəllimə 20 nəfərə qədər aspirantla məşğul olmaq imkanı verilmişdi. Moskva EA-da onun özünün xüsusi laboratoriyası var idi. Belə ki, təkcə Azərbaycandan deyil, o vaxt SSRİ-nin müxtəlif şəhərlərindən gələn aspirantlarla da  çalışırdı. Əqidəsi , ideyası çalışmaq, yenə də çalışmaq idi.

… Elmin zirvəsinə yüksəlmək üçün alimə gərəkli olan təbii qabiliyyət, çalışma və vaxt üçlüyündən səmərəli istifadə edən,  «elm sərkərdə, praktika isə onun əsgəridir» deyiminə  qazandığı şan-şöhrəti ilə möhür vuran Azad Mirzəcanzadə Azərbaycan elminə verdiyi töhfələri ilə daim xatırlanacaq, yad ediləcək.

Xuraman İsmayılqızı, «İki sahil»