Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin «Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu» kitabının təqdimatı keçirilib.
Tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, Azərbaycanda milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var. Elmin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rolu olan AMEA-nın yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. AMEA ölkədə elmi düşüncənin yaranmasına, inkişafına təkan verərək, elmi-tədqiqat işlərinə başlayan alimləri formalaşdıran elm ocağı kimi tarixə düşüb. Azərbaycan alimləri hər zaman sanballı töhfələr verən nüfuzlu əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətiriblər. Azərbaycan elminə xüsusi həssaslıqla və böyük ehtiramla yanaşan Ulu Öndər AMEA-nın inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərib. Akademiyanın fəaliyyətini daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Heydər Əliyev bu elm məbədinin dünya miqyasında tanınmasına nail olub.
Nəşrin müəllifi Günel Məlikli çıxış edərək bildirib ki, kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. Kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunub. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısı geniş şəkildə əks olunur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Milli Akademiyası ilə bağlı fikirləri, çıxışları ətraflı göstərilir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev çıxış edərək bildirib ki, nəşrdə, həmçinin AMEA prezidentlərinin həyat və yaradıcılıqları, akademiyanın institutları haqqında geniş məlumat, aparılan elmi araşdırmalar və Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlər əksini tapıb. Bundan başqa, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafı ilə bağlı mühüm məqamlar araşdırılıb. Müəllifin gəldiyi qənaətlərdən biri ondan ibarətdir ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrilmişdir.
Digər çıxış edən natiqlər ölkəmizin və xalqımızın tərəqqisində mühüm rol oynamış AMEA-nın tarixindən, Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən və yeni nəşrdən söz açıblar. Kitab müəllim, tədqiqatçı, doktorant, tələbə, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin «Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu» kitabı elm tariximizin öyrənilməsinə və gələcək nəslə çatdırılmasına böyük töhfədir.
Şəmsiyyə Əliqızı, «İki sahil»