Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub
Qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik məqamına yüksələn, şəhadəti ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçən igid Vətən övladlarından biri də Vüsal Rzayevdir. Müharibənin ilk günlərindən döyüşlərə qatılıb düşmənə sözün əsl mənasında göz dağı verən bu igid həyatını canından çox sevdiyi Vətənə fəda etdi.
Vüsal Tofiq oğlu Rzayev 14 aprel 1996-cı ildə Şabran rayonunda dünyaya gəlib. 2015-ci ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub. Hərbi xidmətdə baş atıcı kimi fəaliyyət göstərib.
O, Vətən müharibəsi dövründə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də düşmənin mühasirəsinə düşüb. 3 gün mühasirədə ac-susuz qalıb, 11 oktyabrda mühasirədən çıxıb. 14 oktyabrda Aşağı Seyidəhmədli-Qırmızıbazar istiqamətində döyüşə qatılıb və həmin döyüşdə itkin düşüb. Həmin vaxtdan dekabrın 9-na qədər haqqında heç bir məlumat alınmadığı üçün 50 gündən çox itkin kimi axtarışa verilib. Nəhayət, dekabrın 9-da onun nəşi tapılaraq ailəsinə təhvil verilib. 10 dekabr 2020-ci il tarixində Xətai rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Ali Baş Komandan tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
İndi Azərbaycan xalqı vüsalına çatan Vüsal kimi şəhidləri ilə qürur duyur, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla anılır. Bu cür tədbirlərdən biri də avqustun 12-də Vətən müharibəsinin unudulmaz şəhidlərindən olan, polad biləkli, mübariz ruhlu qəhrəmanlar sırasında adını qürurla çəkdiyimiz Vüsal Rzayevin adına Bakının Xətai rayonunda tikilən bulağın açılış mərasimi oldu.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak edirdilər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirdi. İştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinə ehtiramlarını ifadə etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Vətən övladlarının Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açdı, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən yolunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirdi: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabiti Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərərək nəinki Azərbaycan, bütün dünya hərb tarixinə “44 günlük Vətən müharibəsi” başlıqlı şanlı səhifə yazdı. Bu müharibə ilə biz dünyaya haqq-ədalətin necə bərpa edilməsini, 30 illik həsrətə dözərək və nəhayət sonda haqqımız olan Zəfəri necə qazandığımızı göstərdik. Əlbəttə ki, bütün bunlar Vətən uğrunda canını qurban vermiş igid oğullarımızın sayəsində gerçəkləşdi. Torpaq uğrunda ölən varsa, Vətəndir.”
P.İmanov qeyd etdi ki, ənənəvi olaraq rayonumuzun ərazisində Birinci və İkinci Qarabağ müharibəsində öz canı bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün tədbirlər keçiririk. Bu tədbirlərdən biri də şəhidimiz Rzayev Vüsal Tofiq oğlunun xatirəsini ehtiramla yad etmək üçün keçirilir. Əsas məqsədimiz şəhidimizin adını və xatirəsini əbədiləşdirmək, onun ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və qəhrəmanlığını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdən ibarətdir.
Daha sonra Vüsal Rzayevin təhsil aldığı liseyin şagirdləri şəhidin xatirəsinə həsr olunmuş səhnəcikləri təqdim etdilər, şeirlər səsləndirdilər. Şəhidin ibtidai sinif müəllimi Vüsalın məktəb xatirələrindən, nizam-intizamından, vətənpərvərliyindən bəhs etdi. Bu gün Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirmiş qəhrəman şagirdi ilə fəxr etdiyini bildirdi. Azərbaycan xalqına Şuşa yarasını, Xocalı ağrısını, Qarabağ dərdini unutduran igid övladlarımıza öz minnətdarlığını bildirdi.
Sonra isə şəhidin döyüş yoldaşları onun müharibə dövründə göstərdiyi qəhrəmanlıqlardan bəhs etdilər. Vüsalın Vətənə olan bağlılığından, torpaq sevgisindən söz açdılar. Mərhumun Vətən müharibəsinin ilk günündən rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq müxtəlif döyüş tapşırıqlarını yüksək məharətlə yerinə yetirdiyini, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqənin düşmən işğalından azad etdiyini vurğuladılar.
Tədbirdə çıxış edən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, şəhidlərimiz Azərbaycanın çağdaş qəhrəmanlıq tarixini yazan qəhrəman gənclərdir: “Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, onların igid övladları canlarını Vətən uğrunda qəhrəmanlıq göstərərək fəda ediblər. Zənnimcə, bundan qürurlu heç nə ola bilməz. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğulları təkcə öz valideynlərinin deyil, hər birimizin övladı, qardaşı, əzizi və doğmasıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin qəhrəmanlıq yolunu öyrənməli, onların şücaətindən bəhrələnməli və bu rəşadəti öz həyatı üçün böyük amal hesab etməlidir. Bu gün şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı dövlətimizin, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. Xalqımıza Qələbə, Zəfər sevincini yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan başda olmaqla ordumuzun bütün əsgərlərinə ürəkdən minnətdarıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm.”
Ehtiyatda olan kapitan, Qarabağ qazisi, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov isə bildirdi ki, 44 günlük Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərdi: “Ali Baş Komandanın da vurğuladığı kimi, “dəmir yumruq”la düşmənin başını əzdi. Bu şanlı Qələbəyə qədər tarix boyu belə qısa bir vaxtda bu qədər böyük ərazi işğaldan azad olunduğunu görən olmayıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah xalqımızı qorusun. Ali Baş Komandanımızı bundan sonra da atacağı addımlarda Müzəffər eləsin.
Tədbirin sonunda iştirakçılar şəhidin bulağının önünə gül dəsətələri düzdülər.
Açılışda iştirak edənlər, şəhidin ailə üzvləri ürək sözlərini, qəhrəmanla bağlı xatirələrini “İki sahil”lə bölüşdülər:
Şəhidin atası Tofiq Rzayev oğlu Vüsalla qürur duyduğunu və fəxr etdiyini bildirdi: “Düzdür, övlad itkisi ağırdır. Lakin həmin övlad Vətən yolunda gedibsə, biz onunla sadəcə fəxr etməliyik. Deyirlər ki, oğul atasına layiq olmalıdır. Amma mən bir ata kimi bundan sonra Vüsalımın adına layiq olmağa çalışacağam. Arzusu var idi ki, Qələbə şərəfinə qurban kəsdirsin. Bu gün oğlumun arzusunu yerinə yetirəcəyəm, Vüsalın qələbəsi şərəfinə qurbanlar kəsəcəyik, onun arzusunu yerinə yetirəcəyik. Mən atayam, öz övladımı gözümdə böyüdə bilərəm. Amma döyüş yoldaşları da onun haqqında yüksək fikirdə idilər. Vüsalın humanizmindən, qayğıkeşliyindən, mərhəmətindən ürəkdolusu danışırdılar. 20 gün ərzində onunla bir yerdə olan döyüş yoldaşları ondan elə bəhs edirdilər ki, sanki illərdir ki, Vüsalı tanıyıb, onunla bir yerdə olublar. Bu bulağın suyundan içib savab qazanmaqdan çox, bulağın tikilməsində məqsəd gənclərdə vətənpərvərlik ruhunun yaradılmasıdır. Gənclərimiz nümunə götürsünlər ki, Azərbaycanda tarix yazan oğullar olub. Bu bulağı gələcək nəsil üçün igidlik və qəhrəmanlıq məktəbi kimi görürəm.”
Şəhidin anası Zəminə Rzayeva isə oğlunun ağıllı,mədəni və tərbiyəli övlad olmasından danışdı: “Hər zaman bir valideyn kimi mənim başımı necə uca etmişdisə, indi də Vətənimizin başını uca etdi. Valideyn kimi fəxr oğlumla fəxr edirəm. Bəlkə də başqa cür itirə bilərdim oğlumu, amma şəhid olaraq dünyadan köçdü. Hər anaya və oğula qismət olmur. Kədərliyəm Vüsalı itirdiyimə görə, amma sevinirəm ki, cənnətdədir. İstər əsgərlikdə, istərsə də müharibə vaxtı ailəsinə bir çətinliyini bildirmədi, çətinliyi olanda da özü həll etdi. Mənə deyirdi ki, ana, mən şəhid olmaq istəyirəm. Bir neçə gün bu arzusunu dilə gətirdi. Dedim ki, oğlum niyə şəhid olursan? Get qəhrəman ol, gəl. Dedi yox, ay ana şəhidlik böyük zirvədir, o adı qazananlar sorğusuz ,sualsız cənnətə gedirlər. Onun tabutu gətiriləndə, dəfn olunanda ağlamadım. Gözümdən yaş çıxsa da sanki Vüsalım gözümün yaşını silirdi. ”
Şəhidin döyüş yoldaşı Şəhriyar İbrahimlinin yaddaşında isə Vüsalla bağlı xatirələr bu cür qalmışdı: “Vüsalla fəxr edirəm. Onun adına tikilən bulağın açılışı mərasimində iştirak etmək, haqqında danışmaq mənim üçün qürurvericidir. Allah rəhmət eləsin, ruhu şad olsun. Onu çox gözəl xatırlayıram. Vüsalla bir səngərdə olmuşuq, çörək kəsmişik. Həmin günləri, onunla yaşanan anları unutmaq olmur. Çünki hər biri mənim üçün çox əzizdir.”
Yaqut Ağaşahqızı,
Nurlan Məlikzadə, “İki sahil”