Tərbiyə ümumiləşmiş anlayışdır. Onun digər sahələri də var: yenidən tərbiyə və özünü tərbiyə. İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə bölünür: tədbiri və tətbiqi dövr.
Tədbiri dövrdə tərbiyə – uşağın ana bətnindən başlayıb həyatı boyunca davam edən uzunmüddətli bir prosesidir. Tətbiqi dövr-uşaqların doğumdan ölənə qədər olan dövrünü əhatə edir. Bu dövrdə şəxsin yaşına, gücünə, fərdi, psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə və davranışına təsir göstərilir. Bu tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır, kamilləşdirir. Hava və qidadan sonra vücudunuzun ən çox ehtiyac duyduğu üçüncü amil təlim-tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir.
Tərbiyənin bir çox növləri var: əmək tərbiyəsi, musiqi tərbiyəsi, əxlaq tərbiyəsi, fiziki tərbiyə, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə, hüquq tərbiyə. Tərbiyə anlayışının davranışın bütün sahələri ilə sıx bağlı olduğu görünür. Lakin musiqi tərbiyəsi daha böyük imkanlar yaratmaq qüdrətinə malikdir. Belə ki, o, ətraf aləm, insanlar, həyat haqda məhz musiqi dili ilə söhbət açır. Xalqımızın milli-mənəvi dəyərləri Azərbaycanda musiqi zövqünün tərbiyə olunmasında əsas amil kimi dəyərləndirilir. Milli musiqi nümunələrimizdə - xalq mahnılarında, rəqslərdə, aşıq musiqisində xalqın yüksək mənəviyyatı, onun arzu və istəkləri əks olunur.
Qeyd etdik ki, musiqi çox gözəl və güclü tərbiyə vasitəsidir. Ona görə də bütün təhsil pillələrində - istər məktəbəqədər müəssisələrdə, istər musiqi məktəblərində, istərsə də orta və ali məktəblərdə musiqi düzgün tədris olunmalıdır. Bunun üçün isə tərbiyə, təlim və təhsil prosesi zamanı düzgün musiqi nümunələrinin seçilməsi əsasdır. Musiqi fəaliyyətinin bütün növləri – istər musiqi dinləmək, istər mahnı oxumaq, musiqili-ritmik hərəkətlər və s. xüsusi şəkildə şagirdin şüuruna, onun əxlaqına təsir göstərir.Çünki qüdrətli estetik tərbiyə vasitəsi olan musiqi uşaqların hisslərinə birbaşa təmas edir və onlarda musiqi zövqü aşılayır.
Musiqi təhsili estetik tərbiyənin vacib hissəsidir. Respublikamızda gündüz və axşam musiqi məktəbləri şəbəkəsi yaradılmış, məktəblərdə, peşə təhsili ocaqlarında, uşaq və gənclər saraylarında, mədəniyyət evlərində və s. musiqi dərnəkləri fəaliyyət göstərir. Ancaq bütün bunlar sistemli musiqi tərbiyəsini əvəz etmək iqtidarında deyil. Ona görə də musiqi tərbiyəsi yalnız ümumtəhsil məktəblərində və uşaq musiqi məktəblərindəki musiqi dərslərində həyata keçirilə bilər.
Uşaq mahnıları bu işdə daha çox səmərə verir. Uşaq mahnıları vasitəsilə bədii tərbiyənin yolları geniş inkişaf olunmuşdur. Kiçik yaşlı uşaqların bədii zövqünün formalaşması musiqi tərbiyəsinin ən mühüm, eyni zamanda ən çətin məsələlərindən biridir. Onun həlli şəxsiyyətin inkişafının bütün mərhələlərində həyata keçirilməlidir. Bədii zövqün yuxarı sinifdə formalaşmasına baxmayaraq onun əsası ibtidai siniflərdən başlanır. Gənc nəslin musiqi tərbiyəsində musiqi məktəblərinin rolu çox böyükdür. Çünki musiqi məktəblərində minlərlə şagird təhsil alırsa, ümumtəhsil məktəblərimizdə yüz minlərlə şagirdin musiqi tərbiyəsi ilə məşğul olunur. Ümumtəhsil məktəblərində musiqi tərbiyəsi iki yolla həyata keçirilir: sinifdə tədris edilən musiqi dərsləri və məktəbdəki özfəaliyyət musiqi kollektivləri. Burada sinifdə tədris edilən musiqi fənninin əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Məhz bu fənn vasitəsilə onlar Azərbaycan peşəkar musiqi sənətinin yaradıcısı dahi Üzeyir Hacıbəylinin timsalında Azərbaycan musiqisilə (buraya həm ənənənəvi musiqi, həm klassik musiqi və bəstəkar əsərləri aiddir), eləcə də Qlinka, Çaykovski, Motsart, Bethoven kimi rus və Qərbi Avropa klassik bəstəkarlarının əsərləri ilə tanış olurlar.
Buradan bir daha aydın olur ki, ümumtəhsil məktəblərimizdə şagirdlərin musiqi tərbiyəsi ilə məşğul olan əsas fənn musiqidir. Görkəmli pedaqoqlar şagirdlərin bədii zövqlərinin düzgün tərbiyələndirilməsi işində musiqini qüvvətli təsir gücünə malik vasitələrdən biri kimi həmişə yüksək qiymətləndirmişlər. Çünki musiqi təkcə şagirdlərin estetik tərbiyəsində deyil, həmçinin əqli, əxlaqi və fiziki tərbiyəsində də mühüm rol oynayır.
Görkəmli psixoloq B.M.Teplov musiqinin estetik qavranılmasını aktiv fəaliyyət kimi qiymətləndirmişdir. Estetik tərbiyə məsələləri ilə məşğul olmuş B.V.Asafyev isə musiqini təbiətdə və insan qəlbində səslənən gözəl nə varsa, hamısının "daim canlı təcəssümü" adlandırmış və musiqi ilə yalnız əyləndirməyə, onu dinləyicilərə zorla qəbul etdirməyə deyil, musiqi vasitəsilə inandırmağa və sevindirməyə çağırmışdır.
Uşaq və gənclərə ümumi musiqi tərbiyəsi vermək, onları yüksək musiqi sənətinə cəlb etmək ən yaxşı xalq, klassik, xarici, Azərbaycan musiqisi, habelə müasir bəstəkarların əsərləri nümunəsində estetik zövq formalaşdırmaq, fəal bədii özfəaliyyət iştirakçılarını, musiqi-estetik biliklərin təbliğatçılarını tərbiyə etmək, böyüməkdə olan nəslin mənəviyyata dövrümüzün tələbləri ruhunda təkmilləşdirilməsinə kömək göstərmək - musiqi-estetik tərbiyə işinin istiqamətləri bunlardır. Eyni zamanda, musiqi tədrisində əsas məqsəd şagirdlərdə yaradıcılıq qabiliyyətini üzə çıxartmaq, musiqi bacarıqlarını inkişaf etdirmək və formalaşdırmaq, keyfiyyətli musiqiyə qarşı maraq oyatmaqdər. Tədris olunan dərs vəsaitləri də məhz buna xidmət edir.
Qeyd etdiyimiz kimi, musiqinin tədrisi iki istiqamət üzrə - yaradıcılılıq və təcrübədə aparılır. Bu iki istiqamət şagirdin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə yardım edir. Bu zaman şagird musiqili ifadəsinin müxtəlif forma və ifadə üsullarına yiyələnir: o, mahnı oxuyur, rəqs edir, çalğı alətində çalır, teatral etüdlərı və səhnəcikləri oynayır, rəsm çəkir, mətni yazır, musiqi bəstələməyə çalışır. Bütün bu proseslər zamanı şagirddə musiqi duyumu və yaddaşı, ritm hissi inkişaf edir. Ritmik-intonasiya məşğələlərinin keçirilməsi ritmin inkişafına səbəb olur. Şagird səsi, metri, tempi, registri, dinamik nüansları bir-birindən fərqləndir, musiqi yazısını öyrənir və onlardan istifadə etməyi bacarır.
Bu gün artıq informasiya dövrüdür. Bu baxımdan dərs zamanı şagird informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə etməyi də bacarmalıdır. Musiqinin kontekstdə qavranması və interpretasiyası məsələsi haqqında danışarkən qeyd edilir ki, kommunikasiya dili olaraq tanınan musiqi çoxnövlü və çoxdəfəli interpretasiya imkanını verir. Şagird musiqi barədə əldə edilmiş məlumatı mühit, gündəlik hadisələr və öz təcrübəsi, digər fənn intizamları ilə əlaqələndirir. Musiqini dünyanın bir hissəsi kimi, qavrayır, tədqiq edir və səsin yaranma mənbələrini müşahidə edir;səsli dünya, musiqi ilə kommunikasiyaya-musiqini dinləməyə, musiqi və performansı qiymətləndirməyə, fikri aydın şəkildə ifadə etməyə, mübahisə, müzakirə zamanı uyğun terminologiyadan istifadə etməklə, kitab dili və davranış normalarına riayət etməklə öz mülahizəsini əsaslandırmağa alışır. Mübahisə və müzakirə zamanı şagird dərk edir ki, musiqi bütün zaman və xalqların mədəniyyət və məişətinin ayrılmaz bir hissəsidir.
Bildiyimiz kimi, artıq neçə illərdir fəaliyyət göstərən təhsil sisteminin yeni milli kurikulum sistemində musiqi kurikulumu da vardır. Bu fənn mühüm konsepsiya kimi irəli sürülmüş və sistemdə mühüm yer tutur. Çünki musiqi öz emosionallığı ilə insan psixologiyasına təsir edərək, mənəvi ehtiyacı qarşılayır.
Bir daha vurğulamaq istərdik ki, ümumtəhsil məktəblərində musiqi təliminin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir. Bu gün I-IX siniflər üçün istər nəzəri, istərsə də praktik materialları özündə ehtiva edən musiqi” dərslikləri vardır. Lakin musiqi fənninin daha keyfiyyətli tədrisi üçün dərsliklə yanaşı, yeni metodikalardan, not müntəxəbatlarından, müasir elektron dərsliklərdən istifadə edilir.
Arzu Süleymanova,
ADPU-nin nəzdində Pedaqoji Kollecin müəllimi