KÖŞƏ

Nilufər Mustafaqızı

Ermənistanda yenidən ara qarışıb, məzhəb itib

21 sentyabr 2021 02:16
2476

Qırx dörd günlük müharibəni acı məğlubiyyətlə bitirən Ermənistanda aylardır hakimiyyətin yarıtmaz siyasətinə qarşı xalqın haqlı üsyanı davam edir. Paytaxt İrəvanda və Ermənistanın digər bölgələrində yenidən mitinqlər, etirazlar və itaətsizlik aksiyaları fəallaşıb. Məğlub ölkənin baş naziri Nikol Paşinyan isə elə yenə də öz ampuluasındadır. Aclıq, səfalət, yoxsulluqla boğuşan ölkəsindəki mövcud vəziyyəti ört-basdır etməyə çalışan Paşinyan yenə çalıb oynamaq həvəsinə düşüb.  Belə ki, yarıtmaz nazir 21 sentyabr “müstəqilliyin” 30-cu ildönümü ilə əlaqədar İrəvanın “respublika” meydanında təntənəli konsert şənliklərinin keçirilməsinə və axşam saatlarında İrəvan şəhərində atəşfəşanlığın olunmasına hazırlaşır. Ölkədə bu qədər xaos, böhranın yaşandığı vəziyyətdə isə əhali haqlı olaraq ciddi etirazlarını göstərməyə başlayıb. Ermənistanın müxalifətyönümlü partiyaları da etirazçılara dəstək olurlar. Hətta parlamentin müzakirəsində çıxış edən müxalifətçi deputatlar hazırkı hökuməti tənqid atəşinə tutaraq Paşinyanın ünvanına sərt tənqidlər səsləndiriblər. 44 günlük müharibədə sarsıdıcı zərbələrdən sonra layiqli cavabını alan bir dövlətin görəsən hansı gününə yaraşır bu əyləncə?

Baş nazirin bu qərarına qarşı çıxan bir qrup narazı kütlə, xüsusən də müharibədə övladları itkin düşmüş valideynlər İrəvanın mərkəzi meydanına toplaşaraq “Nikol xain!”, “Nikol qatil!”  şüarlarını səsləndirməyə başlayıblar. Vəziyyətin gərginləşməsindən ehtiyatlanan hökumət etirazçıların toplaşdıqları əraziyə xeyli sayda xüsusi təyinatlı polis qüvvələrini və daxili qoşunların hərbçilərini cəlb edib.  Müharibədə övladları itkin düşən analar on aydan çoxdur ki, onlardan “öldü”, “qaldı”  xəbərlərini ala bilmədikləri üçün dəfələrlə erməni hökumətinə müraciətlər etdiklərini desələr də nəticə elə eyni olaraq qalır. Paşinyan və onun komandasının “yaxın günlərdə gələcək” kimi yalançı vədlərindən cana doyan, bezmiş əhali çarəsizlik içərisində yaşamağa davam edir. “Nə üçün bizim övladlarımız hərbi xidmətlərini gedib başqa torpaqlarda edirdilər ki, başımıza da bü cür dəhşətli faciələr gəlirdi”, - deyə fəryad edən analar meyidlərin xüsusi soyuducu anbarlarda saxlanılaraq ictimaiyyətdən gizlədildiyini bildirirlər. Arsız Paşinyan və onun səriştəsiz komandasının hələ də Qarabağdan erməni meyidlərinin gəldiyi bir zamanda utanmazcasına böyük səhnələr qurub təntənəli konsertlər verməsi əhalinin qəzəbini daha da alovlandırıb.

Vəziyyət o dərəcədə pik həddə çatıb ki, meydanlara axışan yerli əhalinin bir qismi polislərin ünvanlarına nalayiq ifadələr işlətməkdən belə çəkinməyiblər. Elə bundan sonra da ara qarışıb və polislər etirazçıları meydandan uzaqlaşdırmaq üçün güc tətbiq etməyə məcbur qalıblar. Erməni KİV-lərinin verdiyi məlumata görə, tərəflər  arasında baş verən qarşıdurmada yeddi nəfər xəsarət alıb, 43 nəfər isə həbs edilib. Xəsarət alanlar arasında İrəvan şəhər Kentron rayon polis şöbəsinin rəisinin olduğu da bildirilir. Xüsusi təyinatlıların etirazçılara güc tətbiq etməsinin nəticəsində övladı itkin düşmüş valideynlərdən bir neçəsinin  halı pişləşib.Vəziyyət o qədər gərginləşib ki, kənardan hadisələri müşahidə edənlərin onlara kömək etməsinə belə polis qüvvələri icazə verməyiblər. Polis qüvvələrinin bu kobud hərəkətləri  sosial şəbəkələrdə ciddi narazılıqlara və səs-küyə səbəb olub. Həbs olunanlar arasında parlamentdə “Ermənistan” blokunun təmsilçisi, deputat Qevork Petrosyan da olub. Ən son məlumatlara görə, ölkənin baş meydanında vəziyyət gərgin olaraq qalmaqda davam edir.

“Respublika” meydanı ətrafında oturaraq aksiyaya davam edən etirazçılar həbs olunanların azadlığa buraxılmalarını tələb edirlər. Vəziyyət o həddə çatıb ki, artıq bölgələrdən də İrəvana insanlar axın edərək etirazlara qoşulurlar. İrəvan polisinə  isə vəziyyətə nəzarəti ələ almaq üçün şəhərin giriş-çıxışını bağlamaqdan başqa çarə  qalmayıb. Şəhərdə xüsusi postlar quraşdıraraq ictimai nəqliyyatın hərəkətini məhdurdlaşdırmağa çalışan polis günlərdir vəziyyəti tam nəzarət altına ala bilmir.

Burada deyiblər “görünən kəndə nə bələdçi?” İllərdir danışıq masalarında öz əsassız və gülünc iddialarından əl çəkməyərək başından böyük işlərə qalxan Ermənistan hökuməti bu gün müharibənin faciəvi nəticəsini yaşayır. Demoqrafik vəziyyətin gündən-günə geriləməsi, siyasi, iqtisadi, sosial böhran, dinc əhalinin etirazları bədxah qonşularımızın bugünkü real mənzərəsidir.