KÖŞƏ

Nilufər Mustafaqızı

Jurnalistlər Paşinyandan nə tələb edirlər?

14 may 2019 10:29
3628

İşğalçı ölkədə vəziyyət hər keçən gün o qədər geriləyir ki, başı öz şəxsi ambisiyalarına qarışan  N.Paşinyan ona qarşı keçirilən etiraz aksiyalarını vecinə belə almır. Belə ki, bütün dünyada dördüncü hakimiyyət kimi qiymətləndirilən jurnalistlər belə ölkədəki məhkəmə-hüquq sistemindən narazıdırlar. Mətbuat, söz  azadlığının heçə sayıldığı işğalçı ölkədə hələ 2016-cı ilin mayın 10-da elektrik enerjisinin bahalaşması zamanı minlərlə əhalinin o zamankı prezident Serj Sarkisyanla görüşmək istəmələri, ancaq qarşılığında rədd cavabı almaları insanların hiddətinə səbəb olmuşdu.  Bundan sonra İrəvanda kütləvi oturaq aksiyalar başlamış və etirazların miqyasının genişlənməsindən ehtiyat edən hakimiyyət dinc sakinlərin üzərinə xüsusi təyinatlı polis qüvvələrini, zirehli texnika yeritmişdi.   Tərəflər arasında ciddi toqquşmanın yarandığı aksiyada erməni polisinin 41 dinc sakinə müxtəlif bədən xəsarətləri yetirdiyi məlum olmuşdu.  Həmin hadisələrdə xəsarət alanlar içərisində media nümayəndələri də var idi. Hadisələrin üstündən 3 il keçməsinə baxmayaraq, onların hüquqları hələ də bərpa olunmayıb. Bu səbəbdən  jurnalistlər Ermənistanda məhkəmə-hüquq sisteminin fəaliyyətindən narazılıq edirlər. Ermənistan Jurnalistlər Birliyinin sədri Aşot Melikyan bu cür hadisələrin ölkədə adi hal oduğunu deyir. Jurnalistlərin döyülməsi, təhqir olunması, ümumi media sahəsindəki qanunauyğunsuzluqlar, özbaşınalıqlar, söz azadlığına qarşı qoyulan səbəbsiz vetolar Ermənistandakı biabırçılıqların hələ bir hissəsidir. Bu qədər hadisələr olur, nəticədə isə heç kim cəzalandırılmır.

Jurnalist Təhminə Enokyan da buna bənzər fikirlərlə çıxış edərək bildirib ki, o da may hadisələrində xəsarət alıb və o zaman xəsarət alanların hər birindən istintaq qrupu izahatlar alsa da, heç bir nəticəsi olmayıb. Bir ilə yaxın aparılan istintaq araşdırmaları nəticə verməməklə bərabər, həmin polislər hətta indi ayrı-ayrı yüksək vəzifələrə də təyin olunublar. 

Hazırda baş nazir Paşinyandan və baş prokuror Artur Davtyandan həmin hadisələrin günahkarlarının həbsini tələb edən media nümayəndələri problemlərin həll olunmayacağı təqdirdə daha sərt addımlar atacaqlarını bildiriblər.

Öz əhalisinin səfalət içərisində yaşadığı bu ölkədə insanlar son çarə olaraq buranı tərk etməkdə görürlər. Bu səbəbdəndir ki, Ermənistanın demoqrafik vəziyyətindəki geriləmə özünü hər keçən gün daha çox büruzə verir. Sosial-iqtisadi problemlərin daha da dərinləşdiyi işğalçı ölkədə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində  əhalinin sayı 22 min nəfər azalıb. Sosioloqlar bunun Ermənistana yaxşı heç nə vəd etmədiyini proqnozlaşdırırlar.

Bir zamanlar Ermənistanın ən yaxşı yaşayış məntəqələrinin xarabaya dönməsi, əhalinin yoxsulluq və aclıqla mübarizəsi onların buraları tərk etmələri ilə nəticələnir. Dünyaya yeni uşaq gətirməkdən qorxan ailələr onları bu vəziyyətdə necə böyüdəcəkləri barədə düşünür və bundan imtina edirlər. Hazırda Ermənistanda yaşayanlar bir az imkan tapan kimi ölkədən qaçmağı çarə bilirlər. Təbii ki, bütün bunlar da ciddi demoqrafik böhrana gətirib çıxarır.

Son bir ildə ölkə əhalisinin 22 min nəfər azalmasını faciə kimi qiymətləndirən erməni ekspertlər ildən-ilə rəqəmin sürətlə artdığını deyib həyəcan təbili çalırlar. Erməni sosioloqları isə ötən beş il ərzində əhali arasında sürətlə qocalma getdiyini söyləyir, bunun Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini vurğulayırlar. Paşinyan və onun quldur dəstələri isə məsələyə ciddi yanaşmırlar. Çünki xalqının taleyini həll edəcək gücdə olmayan biri ona laqeyd yanaşmaqla problemlərdən yaxa qurtarmağa çalışır. Bəs görəsən nə vaxta qədər?