KÖŞƏ

Nilufər Mustafaqızı

Ermənistan hələ də şokdan ayıla bilmir

25 oktyabr 2021 21:16
2037

Artıq bir il keçməsinə baxmayaraq, Ermənistan Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük müharibənin sarsıdıcı məğlubiyyətinin şokundan ayıla bilmir. Onsuz da ölkədə siyasi, iqtisadi, sosial, demoqrafik sahələrin hər birində yaşanan böhran xalq-hakimiyyət qarşıdurmasını pik həddə çatdırmışdı. İndi yenə də işğalçı Ermənistanda ara qarışıb, məzhəb itib.

Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən etibarən sələfləri kimi ölkəsindəki hərc-mərcliyi, araçəkişmələri, etirazları yatırmaq əvəzinə, əsassız açıqlamalar və atdığı ağılsız addımlarla öz ölkəsi də daxil olmaqla bütün dünyanı özünə güldürdü. Dəmir yumruğun hesabına kapitulyasiya sənədinə qol çəkməli olan N. Paşinyan indi məğlubiyyətin məsuliyyətini öz boynundan atmağa çalışır. Belə ki, erməni baş nazir müdafiə nazirini, Ermənistan müdafiə naziri isə əksinə ona komanda verən baş naziri günahlandırır.

Müharibədən sonra Ermənistan ordu birləşmələrinin təminat sistemində aparılan istintaq yoxlamaları zamanı qanunazidd əməllərin üstü açılıb. Belə ki, bir çox ağır cinayətlərdə, yararsız silahların ölkəyə daşınmasında, çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs edilən Ermənistanın keçmiş Müdfiə naziri David Tonoyan verdiyi açıqlamalarda müharibənin bütün uğursuzluqlarının səbəbinin Nikol Paşinyan olduğunu deyir. Paşinyan isə Tonoyanı ona yalnış məlumatlar verməkdə, dövlət büdcəsinə küllü miqdarda ziyan vurmaqda günahkar bilir. Müharibədən sonra Ermənistan ordusunda qanunsuz əməllərinə görə məhkəmənin qərarı ilə 4 general həbs olunub və 17 general isə vəzifəsindən kənarlaşdırılıb.

Ermənistan xüsusi istintaq xidmətinin və ölkənin baş prokurorluğunun birgə yaydıqları məlumata əsasən, müharibə dövründə də N. Paşinyanın yarıtmaz “silahdaşları” fırıldaq əməllərindən əl çəkməyiblər. “Orduya dəstək” yardım kampaniyası adı altında xaricdən təqribən 10 milyon dollar tibbi avadanlıq ünvanına çatdırılmayıb. İş üzrə istintaq araşdırmaları davam edir. Sözügedən hadisə ilə bağlı 5 nəfər saxlanılıb.

Bu arada, adı müxtəlif cinayət və qalmaqallarda hallanan keçmiş müdafiə naziri Seyran Ohanyan keçirdiyi mətbuat konfransında hazırkı hökuməti sərt tənqid edib. Ohanyan bildirib ki, bu gün Ermənistanda müharibə ilə bağlı düzgün məlumat verilmir. “Həqiqət ictimaiyyətdən gizlədilir. Xüsusən də, döyüşdə ölən və itkin düşənlərlə bağlı mətbuatda açıqlanan rəqəmlərdə yalnışlıq var. Baxmayaraq ki, müharibə başa çatdıqdan sonra döyüş gedən ərazilərdən 1700-ə yaxın meyid aşkarlanıb. Hələ də 300-ə yaxın ailə övladlarından xəbər ala bilmir. Mən bir parlamentdə təmsil olunan blok rəhbəri kimi təklif və tələb edirəm ki, ən yaxın vaxtda parlamentdə istintaq komissiyası yaradılsın.»

Yuxarıda yazılanlar bugünkü Ermənistanın reallıqlarıdır. O reallıqları ki, bu gün Ermənistan rəhbərliyi var gücü ilə təkzib etməyə çalışır. Ancaq işğlaçı ölkədə gedən proseslər onsuz da rəzil vəziyyətdə yaşayan mənfurların bundan sonra hansı aqibəti yaşayacağı haqqında heç bir şübhə yaratmır.