«Ötən illər ərzində Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı inamsızlıq, son illər ərzində isə hətta hiddət doğururdu. Dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas rol oynayan qurumlardan ən başlıcası kimi BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün Ermənistana təsir edə bilməməsi, daha doğrusu, istəməməsi məsələni daha da qəlizləşdirirdi. Bu gün baş verən hadisələr, Azərbaycanın tarixi torpaqlarını öz gücünə işğaldan azad etməsi Minsk qrupunun həmsədr ölkələri tərəfindən səsləndirilən «Münaqişənin hərbi həlli yoxdur» fikrinin səhv olduğunu göstərdi. Bu reallığı dəyişən Azərbaycan oldu. Bu gün bütün Azərbaycan Qələbəmizi və ədalətin bərpasını qeyd edir.»
Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı bildirib.
M.Qasımlı diqqətə çatdırıb ki, Ali Baş Komandanımız mümkün olmayanları mümkün etməklə, bizi məğlub millətdən qalib millətə çevirdi. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük: «Böyük Zəfərin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, işğalçının «məğlubedilməz ordu» mifini tamamilə dağıtdı. Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik Bəyanatını imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə həm Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi, həm bütün hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, həm də Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürdü.»
M.Qasımlı qeyd edib ki, Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı konkret vaxt təqdim etməsi şərti ilə döyüşlərə son qoyulacağını açıqladı: «Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta «qələbə» təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təkliflə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib, Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb. Azərbaycan Ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.»
M. Qasımlı vurğulayıb ki, sərsəm «böyük Ermənistan» xülyasının tam iflasa uğraması bugünün reallığıdır: «Böhran və fəlakət girdabında çabalayan Ermənistan artıq törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlədə bilmir. Onların həm tarix qarşısında, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəkləri gün uzaqda deyil. Təcavüzkar Ermənistanın ölkəmizə vurduğu ziyanla bağlı təzminat ödəməsi günümüzün reallığıdır. Bu istiqamətdə əsaslı tədbirlər görülür. Bu gün artıq 1988-ci ildən bəri başlayan «miatsum» və qondarma qurumun tanınması tələbləri tarixin zibilliyinə atılıb. «Yenilməz Ermənistan ordusu» mifi dağıdılıb, dünya erməniliyinə indiyə qədər görünməyən öldürücü zərbə endirilib, Ermənistanda dövlət idarəçiliyinin puçluğu, səmərəsizliyi, iqtisadiyyatın, hərbi sistemin çürüklüyü təsdiq olunub. Müharibənin bitməsindən bir il vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də xaos içindədir. Azərbaycan da isə Qarabağın və Şərqi Zəngəzurun gülüstana çevrilməsi üçün uğurlu addımlar atılır.»
Şəmsiyyə Əliqızı, «İki sahil»