12 noyabr 2021 12:38
898

Prezidentin Sərəncamı gənclərin peşə təhsilinə marağını artıracaq

Ötən gün ölkə Prezidenti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Müvafiq sərəncama əsasən, akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 60 manat, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə isə 50 manat verilməsi nəzərdə tutulur.

Peşə təhsili müəssisələrində biliyin dərəcələr üzrə qiymətləndirilməsi tətbiq ediləcək

Təshil eksperti Kamran Əsədov bu məsələ ilə “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanın təhsiln sistemi tarixində ilk dəfədir ki, peşə təhsili müəssisələrində biliyin dərəcələr üzrə qiymətləndirilməsi tətbiq edilir: “İndiyə qədər orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələri stabil təqaüd alırdılar. Yəni, bütün tələbələrə onların biliyindən, bacarığından asılı olmayaraq eyni vahid qiymətləndirmə standartları tətbiq edilirdi. İndi isə tamamilə fərqli yanaşma tətbiq edilir. Belə ki, indiyə qədər yalnız ali təhsil müəssisələrinin bakalavr pilləsində və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin bilikləri müvafiq olaraq, əlaçı, zərbəçi və adi təqaüdə müvafiq olaraq qiymətləndirilirdi və bunun müqabilində tələbələr təqaüd alırdılar. İndi isə müxanizm tamamilə fərqli olacaq.”

Təhsil eksperti qeyd edib ki, bu, həm də artıq peşə təhsili müəssisələrində də kredit və kurikulum sistemlərinin tətbiq ediləcəyi deməkdir. Təhsil alan şəxlərin bilikləri qiymətləndiriləcək: “Peşə təhsili alan müəssisələrində təhsil alanların biliklərinin qiymətləndirilməsi mexanizmi ilə orta ixtisas təhsil müəssisələrində, yəni, kolleclərdə və ali təhsil müəssisələrinin bakalavr, magistratura pilləsində təhsil alanlardan fərqlidir. Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alanlar dərsliklərlə əhatə olunub, bilik nümayiş etdirib bunun müqabilində qiymətləndirilirir, lakin peşə təhsil müəssisələrində məsələ fərqlidir. Belə ki, peşə təhsili müəssisələrində bilikdən daha çox bacarıqları yoxlayan və ölçən alətlərlə qiymətləndirmə tətbiq edilir. Burada öyrədilən bənnalıq, zərgərlik, dülgərlik, aşpazlıq və saç ustası kimi peşələrin dərslikləri yoxdur və yaxud da ki, burada hər hansısa bir müəllimin vahid bilik əsasında qiymətləndirməni tətbiq etmə meyarları yoxdur. Burada bacarıqlar qiymətləndiriləcək. Təbii ki, kim daha yaxşı məhsul hazırlayacaqsa, verilən tapşırığı yerinə yetirəcəksə, ona müvafiq olaraq da qiymətləndiriləcək.”

K.Əsədov qeyd edib ki, ümumilikdə Azərbaycan təhsil sistemində peşə təhsilinə marağın artırılması üçün bu, çox müsbət bir addımdır: “Bu gün Azərbaycanın peşə təhsili müəssisələrində 20 minə yaxın şəxs təhsil alır və son sərəncam gənclərin peşə təhsilinə marağını artıracaq, stimullaşdıracaq. Əvvəl gənclərimiz peşə təhsil müəssisələrinə getmirdilər. İndi artıq böyük məbləğdə təqaüd alacaqlar və təqaüdləri göstərdikləri performansa uyğun olaraq müəyyənləşəcək. Bu da gənclərin peşə təhsilinə meyillənməsinə müsbət təsir göstərəcək. Onu da qeyd edim ki, peşə təhsili digər təhsil pillələrindən fərqli olaraq əmək bazarına uyğun daha çevik kadrlar təqdim edə bilir. Ona görə də stimullaşdırıcı tədbir kimi təqaüdlərin verilməsi müsbət haldır. Peşə təhsilində oxuyanlar digər təhsil pillərindən fərqli olaraq oxuduqları müddətdə işləyirlər və buna müvafiq də gəlir əldə edirlər. Artıq təhsil alanlar özlərinin ehtiyaclarını ödəyə biləcək səviyyədə gəlirə malik olurlar ki, bu da gənclərin peşə təhsilinə marağını sürətlə artıracaq.”

Bu, dövlətin əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanmasına önəm verdiyinin göstəricisidir

Təhsil Eksperti İlqar Orucov isə bildirdi ki, cənab Prezidentin doktorantura, ali təhsil, peşə təhsili müəssisələrində, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Sərəncamında dəyişiklik edilməsi ilə bağlı imzaladığı Sərəncam çox mühüm və sosialyönümlü bir addımdır: “Təhsil alan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların dövlət qayğısı ilə əhatə edilməsi istiqamətində biz zaman-zaman ölkə başçımız tərəfindən bu cür sərəncamların imzalanmasının şahidi olmuşuq. Peşə təhsili müəssisələrinə şamil olunan bu qərarı yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, peşə təhsilinə gənclərin marağının artmasına və onlar arasında rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq. Bu həm də dövlətin əmək bazarının tələblərinə uyğun olaraq kadrlar hazırlanmasına önəm verməsinin göstəricisidir.”

Ekspertin sözlərinə görə, Azərbaycan yeni iqtisadi müstəviyə qədəm qoyub. Burada xüsusilə, yüksək peşə təhsilinə malik, əmək bazarının tələb etdiyi ixtisaslar üzrə kadrlara tələbatın ödənilməsi əhəmiyyət kəsb edir: “Dövlətin bu istiqamətdə atdığı addımlar gənclərin sosial müdafiəsinin gücləndirilməsinə hədəflənmiş qərarladır. Gənclərə önəm verməsi, təhsil alan gənclərin sosial müdafiəsinin yaxşılaşdırılması, onların maraqlarının qorunması hər zaman Azərbaycan rəhbərliyinin diqqətində olan məsələ olub. Bu Sərəncam da ölkə başçımızın gənclərə, onların problemlərinin həllinə, gələcəkləri üçün yeni imkanların yaradılmasına ünvanlanmış  hüquqi sənəddir.”

Röya Rasimqızı, “İki sahil”