07 yanvar 2022 18:15
1868

Hər daşın özünəməxsus gözəlliyi var…

Qədim zamanlardan fərqli daşlar insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözəgörünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar.  Fərqli daşlar haqqında maraqlı məlumatları təqdim edirik.

Qədim ölkə və xalqlarda qiymətli daşların rənglərinə üstünlük verilirdi. Məsələn, Hindistanda qırmızı rəngli qiymətli daşlara üstünlük verilirdisə, qədim Misirdə yaşıl və mavi rəngli daşlar daha çox bəyənilirdi.

Bütün dünyada ən sərt daş almazdır. Nadir tapılan ən nəhəng  “Cullian” adlı  almaz Böyük Britaniyanın kral ailəsinə məxsusdur. Bu almaz 1905-ci ildə tapılmışdı və çəkisi təxminən 620 qramdan çox idi.

Əsl zümrüd brilyantdan bahadır.

Ametist daşı adətən rəngsiz,bənövşəyi,mavi və qara rəngdədir. Bənövşəyi ametistlərin vətəni əsasən Uraldır. Yüksək temperatura dözümlü olan bu daşlar  250 dərəcəyə qədər qızdırıldıqdan sonra rənglərini itirirlər, lakin soyuduqdan sonra yenidən rənglərini bərpa edirlər. 1 karatlıq ametistin qiyməti 4-40 dollar arasında dəyişir.

Yaqut və sapfir eyni daşlardır. Onlar arasında yeganə fərq rəngindədir.

Beynəlxalq Zərgərlər Assosiasiyası xüsusi araşdırmalardan sonra ilkin siyahını tərtib etmişdir . Müxtəlif aylarda anadan olan insanlar üçün talisman-daşların siyahısı isə aşağıdakılar kimi təsdiqlənib:

Əldə edilən almazların 90 %-i sənaye məqsədləri üçün istifadə olunur və yalnız 10 %-i zərgər əlinə düşür.

Aleksandrit İmperator II Aleksandrın şərəfinə belə adlandırılıb.

Bugünümüzdə 4 mindən çox mineral məlumdur. Demək olar ki, hər il onlarla yeni mineral növü yaranır və bir neçə növü “yox olur”.

Qadınlar üçün əvəzolunmaz daşlardan biri də incidir. Qeyd edək ki, ən dəyərli incilər ağ və qara incilərdir. Onların qiyməti təxminən 270-426 dollardır. Çox maraqlıdır ki, bir incinin böyüməsi uzun illər ərzində baş verir. Məsələn,8 mm-lik balaca inci təxminən 40 il ərzində böyüyür.

Bütün qiymətli daşlar əl ilə emal olunur.

Orta göstəriciyə əsasən, Kolumbiyada bir karat zümrüdün əldə edilməsi üçün 20 ton torpağın təkrar emal olunması lazımdır.

Almaz qiymətli daşlar arasında yeganə daşdır ki, yalnız bir kimyəvi element olan karbondan ibarətdir.

Mineralların sayı daim azaldığı üçün qiymətli daşların qiyməti də hər zaman artacaq.

Xüsusi bir mineral növü var ki, onu yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq olar. Bu mineralın kristalları yalnız qarışqa yuvalarının yanından tapılır. Qarışqalar yuvanı düzəldən zaman bu kristalları yuxarı atırlar. Bu qarışqalar ABŞ-da “Dörd künc” adlandırılan yerdə yaşayırlar.

 Qırmızı rəngin təsiri qan dövranını və ürək fəaliyyətini yaxşılaşdırır, “qanı qovur”, dərinin bəzi xəstəliklərini müalicə edir. Qırmızı daşlar bunlardır : yaqut, qırmızı süleymandaşı, şpinel, qırmızı turmalin, qırmızı yəşəm, mərcan, rodonit.

Bir çoxları yanlış olaraq almazın rəngsiz olduğunu hesab edirlər. Əslində isə almazın rəng palitrası istənilən digər qiymətli daşın rəng çalarından çoxdur. Lakin bugünümüzdə əksər almazlar öz xalis rənglərini əks etdirmirlər. Bir çox daşları süni şəkildə rəngləyirlər. Bu, onların nadir olmaları ilə izah olunur.

117 kq çəkisi olan ən ağırçəkili topaz daşı 1965-ci ildə Ukraynada tapılmışdır. Qeyd edək ki, topaz daşının 1 karatının qiyməti təxminən 40 dollardır. 

Moosa şkalası (mineralların sərtlik şkalası) icad edilənə qədər qiymətli daşlar rənglərinə görə müəyyən olunurdu. Beləliklə, bütün yaşıl daşlar zümrüd, qırmızı daşlar isə yaqut hesab olunurdu və s.

Akvamarin və zümrüd eyni şeydir, lakin müxtəlif kimyəvi elementlərin birləşməsi onlara müxtəlif rəng qazandırır. Xrom zümrüdü yaşıl, aliminum isə akvamarini mavi edir.

Topaz elementi günəş şüası altında solğunlaşır və rəngini itirir. Buna görə də bu elementdən olan bəzək əşyasını çimərliklərdə taxmaq məsləhət görülmür.

Çəhrayı topaz - bu, mineralın ən nadir olan növüdür. Məhz çəhrayı topaz ən çox saxtalaşdırılan mineraldır.

Satışda olan daşların 80%-i Rusiya, Braziliya, Hindistan, Yəmən, Çexiya, Avstriya və başqa ölkələrdən gətirilir.

Samirə Tağıyeva, “İki sahil”