23 fevral 2022 20:57
896

 “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa-yazı müsabiqəsi

“Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Tədbirdə əvvəlcə Xocalı  şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov  çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 30 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən gənclərin  vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxış edərək Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıqrəmzinə çevrilib. Dinc əhalinin kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin ən dəhşətli faciəsi kimi yaddaşlara əbədi olaraq qalıb.

Masallı şəhər 2 saylı N.Nərimanov adına tam orta məktəbin IX sinif şagirdi  Məcidov Taryel Özbək oğlu, birinci yerə, Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbin  IX sinif şagirdi İsmayılova Əzizə Əzizəli  qızı ikinci yerə,  “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Eynullayeva Röya Cəsayir qızı  üçüncü  yerə  layiq görülüblər. Masallı şəhər 4 saylı S.Tağıyev adına tam orta məktəbin IX sinif şagirdi Xanım Hüseynova fərqləndiyinə görə diplomla təltif olunub.

Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Masallı rayon  Gənclər və İdman idarəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən  diplomla təltif olunublar.

Əlihüseyn Şükürov