23 aprel 2022 10:55
2144

BDPTM-də “Açıq qapı” günü təşkil olunub

Aprelin 22-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə “Açıq qapı” günü təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev, 1000 nəfərədək yuxarı sinif şagirdi, valideynlər, müəllimlər, eləcə də dövlət qurumlarının və əlaqədar tərəflərin rəsmi nümayəndələri iştirak edib.

Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə kostyum ustası, tikişçi, dizayner, aşpaz, qənnadıçı-şirniyyatçı, florist, zərgər, ağac nəqqaşı, xalçaçı və qrim kimi müxtəlif istiqamətləri əhatə edən stendlərdə tələbələrin əl işləri sərgilənib, ustad dərsləri təşkil edilib.

“Açıq qapı” günündə iştirakçılar peşədə inklüziv tədris və xidmətlər, hazırkı qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyət haqqında ətraflı məlumat alıblar. Uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirə aparıblar.

Qeyd edək ki, “Açıq qapı” günləri Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsilimərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Birgə əməkdaşlıq çərçivəsində Bakı, Gəncə və Cəlilabadda yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün nəzərdə tutulan “Açıq qapı” günlərinin keçirilmə məqsədi isə peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, peşə təhsilinin ölkədə qadın və kişilər üçün müvafiq təhsil seçimlərindən biri olaraq təqdim etməyə, ümumilikdə peşə təhsilinin cəlbediciliyini artırmağa nail olmaqdır.