Ukraynada Rusiya-Ukrayna müharibəsi başlayandan bəri azı 2899 dinc sakin ölüb, daha 3235 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, fevralın 24-dən aprelin 28-dək 5 milyon 429 min 739 ukraynalı qaçqın Ukraynanın qonşu ölkələrlə sərhədini keçib ki, onların da yarısından çoxu Polşadadır.
Belə ki, 2 milyon 992 min 575 ukraynalı Polşa, 810 min 21 nəfər Rumıniya, 656 min 381 nəfər Rusiya, 513 min 848 nəfər Macarıstan, 441 min 437 nəfər Moldova, 367 min 904 nəfər Slovakiya, 25 min 02 nəfər Belarusiya sərhədlərini keçib.
Eyni zamanda, 2022-ci il fevralın 18-dən fevralın 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 105 min insan Rusiyaya qaçıb.
BMT ümumi statistikanın daha yüksək ola biləcəyini bildirdi.
BMT-nin məlumatına görə, məcburi köçkün ukraynalıların sayı 7,7 milyon nəfərə çatıb.
Hərbi münaqişə başlayandan BMT vəziyyətin gərginləşəcəyi təqdirdə 4 milyona qədər qaçqının ölkəni tərk edəcəyini proqnozlaşdırmışdı. Aprelin 26-da təşkilat bu rəqəmi 8,3 milyona çatdırıb.