Həyatda elə insanlar var ki, onlar heç nəyə baxmayaraq mücadiləni davam etdirirlər. Bu insanlar haqqında topladığımız maraqlı məlumatları sizə təqdim edirik.
Nik Vuyçiç
Nik Vuyçiç 1982-ci ildə Avstraliyanın Brisben şəhərində mühacir ailəsində anadan olmuşdur. Lakin onun həyata gəlişi illərdən bəri övlad arzusunda olan valideynlərinə sevinc gətirmədi, çünki o ciddi patoloji qüsurlarla dünyaya gəlmişdi. Körpənin nə əlləri, nə də ayaqları var idi. Yalnız sol tərəfdə ayaq əvəzinə, iki barmaqlı, pəncəyə oxşar bir orqan mövcud idi.
Ancaq bir qərara gəlmək lazım idi: arzu olunan, lakin bu qədər bədbəxt olan bu körpənin taleyi necə olacaq? Valideynlərin vəziyyətini təsəvvür etmək çətin deyildi. Onlar şüursuz vəziyyətdə körpəni seyr edir və onun ətraf mühitə adaptasiyası barədə özlərinin suallarına cavab tapa bilmir, onu təsəvvürlərinə belə gətirə bilmirdilər.
Kiçik yaşlarında Nik həmyaşıdlarından nə ilə və necə fərqləndiyi haqqında heç düşünmürdü də. Depressiya böyüyəndən sonra başlandı. İlk intihar cəhdi 8 yaşında baş verdi. Məhz bu yaşda oğlan öz qüsurlarından əziyyət çəkməyə başladı. Hər gecə Allahdan ona əl və ayaqlar verməsini xahiş edirdi. Sonralar Nik özü etiraf etmişdi ki, hər səhər əl-ayağını görəcəyi ümidi ilə yuxudan oyanırdı. Lakin bu ümidlər günü-gündən azalırdı.
Valideynləri hökumətdən xahiş etdilər ki, Nik adi məktəbdə oxusun. Lakin həmyaşıdları və sinif yoldaşları onunla oynamaqdan imtina edirdilər. Doğrudan da, Nik heç nə edə bilmirdi: nə topu vura bilir, nə tuta bilir, nə də qaça bilirdi.
Lakin oğlan dözürdü - o, “hamı kimi” olmağa çalışırdı, var gücü ilə çalışırdı. O, məktəbə gedir, yaxşı oxuyur, yaza bilirdi. Nik nəinki gəzməyi və üzməyi, hətta skeyt sürməyi və kompüterdən istifadə etməyi də öyrəndi. Allaha inamı ona güc verirdi. Nik əmin idi ki, əgər Allah onu belə yaradıbsa, deməli, o, Allaha məhz olduğu kimi lazımdır. Sadəcə, o öz yolunu axtarıb tapmalı idi. Nik isə onun üçün “ayrılmış” xüsusi təyinatın olduğuna inanırdı.
İnamı onu məyus etmədi. Qriffit Universitetində oxuyan və maliyyənin planlaşdırmasını öyrənən Nikə bir dəfə tələbələrin qarşısında çıxış etmək təklif olundu. Nik etiraz etmədi, o, tələbələrə öz bildiklərini danışdı.
Onun qısa mühazirəsinin təsiri o qədər güclü oldu ki, zalda oturanların əksəriyyətini ağlatdı. Hətta qızlardan biri səhnəyə yüyürüb Niki qucaqladı. Evə qayıdan Nik valideynlərinə bəyan etdi ki, o artıq həyatda nə ilə məşğul olmaq istədiyini müəyyən edib. Nik insanlarla ünsiyyət qurmaq, natiq olmaq istəyirdi.
Beləliklə, Nik Vuyçiç həyatda öz təyinatını, yolunu tapdı. Bu, nə qədər qəribə səslənsə də, əlsiz-ayaqsız bu gənc bəzi “sağlam” insanlardan qat-qat çox işlər görə bildi.
Nik özünün təşkil etdiyi “Ətrafsız həyat” qeyri-kommersiya şirkətinin sədri və mənəvi lideridir. Onun auditoriyasında milyonlarla insan var ki, onlardan hər biri Nikin inamına, gücünə və inamı paylaşma qabiliyyətinə malik olduğuna inanaraq ona qulaq asmağa gəlir.
Nikin “Məhdudiyyətsiz həyat: misli olmayan gözəl həyat üçün ilhamlandırma” adlı kitabı 2010-cu ildə çapdan çıxmışdır. Yeri gəlmişkən, o, kitabını kompüterdə özü yığmışdır. Yığım zamanı yüksək sürət nümayiş etdirən bu qolsuz insanın iradə gücünü təsəvvür etmək o qədər də asan deyil.
Bu gün Nik Kaliforniyada yaşayır. 2012-ci ildə o, Kanae Miaxara adlı gözəl bir qızla evlənib. Bir oğul atasıdır. Onun həyatında həm iş, həm də ki, istirahət var: yazı və çıxışlarından kənar vaxtlarda Nik qolf oynayır, balıq tutmaqla məşğul olur və serfinqlə üzür.
Nando Parrado
2 oktyabr 1972-ci ildə Uruqvayın "Old Christians" adlı komandası Çilinin Santiaqo şəhərinə yarış üçün yola düşdü.
And Dağları üzərindən keçən təyyarə hava şəraiti pisləşdiyinə görə gecə uçuşunu təxirə salaraq Argentinanın Mendoza şəhərinə endi. 13 Oktyabrda yenidən havalanan təyyarə dağ keçidi ilə uçmağa başladı.
Hündürlüyü 4000 metrdən yüksək olan dağların üzərindən keçməsinə baxmayaraq, alçaqdan uçan təyyarə qəzaya uğradı. Qəzada sağ qalanların bu şiddətli soyuqda nə irəliləməyə yönləri, nə də isti geyimləri var idi. Təyyarənin izolyasiya materiallarından hazırladıqları yorğanlarla qızınır, 3-4 nəfərlik qruplar halında bu yorğanların altında yatırdılar. Ən böyük problem isə aclıq idi. Qəzadan sonra iki gün təyyarədən tapdıqlarını yesələr də, qidalar qısa zamanda tükənmişdi. Çamadanlardan tapdıqları şokolad, biskvitləri də yedikdən sonra geriyə heç nə qalmamışdı.
Qəzadan xilas olanlardan biri- Nando Parrado 2006-cı ildə yazdığı kitabda həmin məsələ barəsində bunları qeyd edib: “Acından ölürdük və yemək tapa bilmirdik. Axtarırdıq, təyyarənin içini, kabinləri, göyərtəni. Heç nə tapa bilmirdik. Dəri çamadanların üzünü qopardıb yeməyə çalışdıq. Onların tərkibində olan kimyəvi maddələrin bizə necə ziyan olduğunu bilə-bilə”.Nando Parrado, həmçinin qeyd edib ki, qəzanın 11-ci günündə təyyarədən tapdıqları radionu dinləyərkən aparılan axtarışların dayandırıldığını öyrəndilər. Aldıqları xəbərdən ümidsizliyə düşsələr də, uzun müddət ölmüş yoldaşlarının ətini yeyərək həyatda qaldılar. 60-cı gündə tək xilas yolunun qərbə doğru gedərək dağları aşmaq olduğunu anladılar. Sağ qalanlar corablarına cəsədlərdən qopardıqları tikələri yığaraq dağa dırmanmağa başladılar. Yürüşlərin 9-cu günü 3 nəfər kəndli ilə qarşılaşan komanda beləliklə xilas edildi.
Hadisə yerindən çəkilmiş dəhşətli kadrlar dəhşətli faktları üzə çıxardı. Ölənlərin yaxınları və bütün rəsmilər həyatda qalanların bu davranışına haqq versələr də, lakin onlar qəhrəman yox, adamyeyən kimi yaddaşlarda qaldı. Qeyd edək ki, Nando Parrado təyyarə qəzasında ailəsinin yarısını itirib. Hələ də insanlar onu bir nümunə olaraq görürlər. Hal-hazırda o, insanların motivasiyasını artırmaq üçün müxtəlif mühazirələr oxumaqdadır.
Cessika Koks
Qolsuz ilk pilot Cessika Koks nadir anadangəlmə qüsurdan əziyyət çəkir. Nadir xəstəliyinə baxmayaraq, bu qızın böyük iradəsi var. Hal-hazırda Cessica gənc bir qadın olaraq yaza, maşın sürə, saçlarını darayaraq, telefonla danışa bilir. Bütün bunları o, ayaqları ilə edir. Cessika həm də psixologiya fakültəsini bitirib, rəqs təhsili alıb və taekvondo üzrə qoşa qara kəmərin sahibidir. Bütün bunlardan əlavə, Cessikanın sürücülük vəsiqəsi var. Gənc qız təyyarəni idarə edir və dəqiqədə 25 söz yaza bilir. Qızın uçduğu təyyarə “Erkup” adlanır. Bu təyyarə pedallar ilə təchiz olunmayan bir neçə modeldən biridir. Adi altı aylıq kurs əvəzinə üç illik təyyarə sürmə kursu keçən Cessikaya bu kurs zamanı ona üç yüksək ixtisaslı təlimatçı dərs deyib. Cessica 89 saatdan çox uçuş təcrübəsinə malik olan tarixə ilk qolsuz pilot olaraq daxil oldu.
Şon Şvarner
Böyük hərflə yazılmış bu adam əsl döyüşçüdür, xərçəng xəstəliyinə qalib gəlib 7 qitənin 7 ən yüksək zirvəsini ziyarət edən Şon Şvarner dünyada Hodgkin xəstəliyi və Askin sarkoması diaqnozu ilə sağ qalan yeganə insandır. Ona 13 yaşında ikən 4-cü və sonuncu mərhələdə xərçəng diaqnozu qoyulub və həkimlərin proqnozlarına görə, 3 ay belə yaşamalı deyildi. Lakin Şon möcüzəvi şəkildə xəstəliyinə qalib gəldi. Bir müddətdən sonra həkimlər onun sağ ağciyərində qolf topu böyüklüyündə bir şişi yenidən aşkar etdikdən sonra tezliklə onu götürdülər. Şişin çıxarılması üçün ikinci əməliyyatdan sonra həkimlər xəstənin 2 həftədən çox yaşamayacağını söyləsələr də Şon xəstəliyə qalib gəlməyi bacardı.10 il sonra yarımcanlı bu insan(ağciyərinin bir hissəsi götürülmüşdü) dünyada xərçəngdən xilas olan ilk şəxs kimi tanınır. Qeyd edək ki, Şon Everest dağına belə qalxıb. Bu insan bir daha sübut edir ki, insan hər nəyisə ürəkdən arzuladığı zaman ona nail ola bilər.
Turia Pitt
Yanğından sonra üzününün bir çox hissəsi tələf olan avstraliyalı model Turia Pittin hekayəsi heç kəsi laqeyd qoya bilməz. 24 yaşında bədəninin 64%-i yandığı dəhşətli yanğından sonra qız altı ay xəstəxanada yatdı, çoxlu əməliyyatlar keçirdi. Demək olar ki, bütün barmaqlarını itirən Turia Pitin yalnız bir neçə barmağı salamat qaldı. Hal-hazırda heç bir şeyə fikir verməyən Turia həyatını doya-doya yaşayır. Əlilliyinə baxmayaraq jurnallar üçün çəkilir, sörf ilə məşğul olur, velosiped sürür və ən əsası mədəndə mühəndis işləyir.
Gillian Merkado
Bu qız sübut etdi ki, moda dünyasına daxil olmaq üçün ümumi qəbul edilmiş qanunlara riayət etmək lazım deyil. Bunun üçün özünüzü və bədəninizi sevməklə, hətta mükəmməl olmasa belə, tamamilə mümkündür. Uşaq ikən qıza dəhşətli xəstəlik - distrofiya diaqnozu qoyuldu, bununla əlaqədar o, əlil arabasına məhkum edildi. Ancaq bu, onun yüksək moda dünyasında öz yerini tutmasına mane olmadı.
Samirə Tağıyeva, “İki sahil”